Malena haqqında etiraflar

Malena haqqında etiraflar
  04 İyun 2013    Oxunub:6583
Sənan Əlləz

“İncə əllərinlə sarıl kobud bədənlərə
və məhv olan
saralan
Kişi nəfəsi ətirli qoxunla
üsyan et bu həyata
ana əlləriylə toxundularmı körpə bədəninə
yudularmı
pudraladılarmı
eşq olsun sənə,
eşq olsun”
(yaşlı bir fahişənin gündəliyindən)


Bu mövzuya çox yazarlar ilişib əziz Ox Ucu. Ümumiyyətlə bu qədim peşə həmişə hamıya maraqlı olub. Niyə? Nədən? Nə səbəbə? kimi sualları mənə vermə. Mən də sənin kimi araşdırıram. Niyə axı münasibət birmənalı deyil bu insanlara? Niyə axı qadınlar daim qeybətlərin ediblər onların? Niyə axı kişilər özləri həmin insanların adlarına söz çıxarıb və sonra özləri bəhrələniblər həmin qadınlardan?

Axı niyə həddi-buluğa çatmamış oğlan uşaqlarının kişiliklərini sübut etdikləri materiya olmalarına baxmayaraq həmişə kinayəli sözlər deyiblər? Mən anlamıram. Riyakar deyiləm əsla mən özüm də zaman-zaman nələrsə demişəm, hələ də deyirəm və yəqin ki, bundan sonra da deyəcəm. Çünki, onların tərəfində durmaq nə sənə sərf edər, nə də mənə. (heç özlərinə də sərf etməz) Mən sizə həm qadınların, həm kişilərin, həm də gənc oğlanların dilindən yazacam. Baxaq görək alınır ya yox.

Öncə “lady is first” deyib qadınlardan başlayaq.

“Mən xanımam, adım önəmli deyil. İtaliyada yaşayıram. Hazırda mənim ölkəmin kişiləri müharibədədir. Kasıbçılıq var, bəzən aclıq olur, amma mənim dərdim bu deyil. Mənim dərdim, nəinki mənim, qəsəbədəki qonşu qadınlarımın və rəfiqələrimin bütün dərdi Malena adlı qadındır. Əxlaqsız, binamus, arsız... Ərini müharibəyə göndərib özü bizim qəsəbəmizə üz tutub. Kişilərimizi, oğlanlarımızı yoldan çıxarmaq istəyir. İşimizi-gücümüzü atıb bütün günü bu canıyanmışın qeybətini edirik (“Canıyanmış” sözünün də italyan qadınının ağzına niyə yaraşdırdım bilmirəm, amma məncə əlacı olsaydı, belə deyərdi.) Mən Malenaya başqa söz deyə bilmərəm. Çox gözəl qadındı, həm də çox. Əslində yalandan “o, heç nədir” desək də, hamımız bilirik ki, bütün kişilərimizin gözəllik simvoludur. Bəli, birinci dəfə bu yazıda boynuma alıram, çox gözəl qadındı. Özünə baxır, ətirlənir, ətrinin qoxusu saatlarla keçdiyi küçədə qalır. Bizim kimi bozbaş (italyan şorbası), kələm dolması (spagetti) və qutab (pizza) qoxusu gəlmir üzərindən. Hər gecə kişilər onunla yatağa girəndə iyrəndiklərindən üzlərini turşutmurlar. Hələ o gün qonşu qadına əri deyib ki, “bilmirəm, yanımda yatan qadındır, yoxsa kababçı (italyan barbekü ustası)”. Həqiqətən də Malenaya biz də qadınlığımızla aşıq olmaq dərəcəsinə çatmışıq və bu səbədən, yalnız bu səbədən onun haqqında çirkin şayiələr yayırıq.
Sonda onu da qeyd edim ki, mənim 13 yaşında Renato adlı oğlum var”. (Matilda Piana)

Səbəbi gördünüz? İlk səbəb qısqanclıq.Əgər qadınlar qısqanmasaydılar, onların münasibətləri normal olardı.

İkincisi, “evin kişisi” prinsipi ilə kişilərə baxaq.
“Mən kişiyəm, adım önəmli deyil. Mən də İtalıyada yaşayıram. Hazırda mənim də ölkəmin bızi kişiləri müharibədədir. “Kasıbçılıq yoxdu” desəm, yalan olar, var. Aclıq çox deyil, amma bəzi evlərda hiss olunur. Bəzən papiros almağa pulumuz da olmur. Siz elə bilirsiniz, mən bunların dərdini çəkirəm? Əşşi yox, əsla. Mənim dərdim qəsəbəmizə təzə gəlmiş Malenadır. Bir içim sudur, su. Onun kimi qadın görməmişəm. Əri, deyilənə görə, müharibədədir. Yəni belə çıxır ki, duldur. Bu, bizim qəsəbənin kişilərini daha da dəli edir. Son zamanlar o (Malena), hamımızın arzusuna çevrilib. Fürsət tapdığımız an o qadın barəsində danışırıq. Çayxana və kafelərdə son zamanlar mövzu qıtlığı yoxdur. Tək söhbət Malena. Ah Malena, Malena. Amma kişilər içi mən qarışıq onun adına şayiələr yayırıq. Səbəbimiz çox sadədir o “pis” qadın olandan sonra bizim onunla yaxınlığımız daha rahat olacaq. Əslində mühafizakar don altında başqa məqsədlər gizlənib. Əmin olun ki, bu, çox sınanmış üsuldur. Tək qadın heç vaxt ona qarşı olan kişilərin “kin” və “küdurət”indən yaxa qopara bilməz. İnanın mənə. Hə, bu arada deyim ki, mən yuxarıda danışan qadının əriyəm, 13 yaşında bir oğlum var, adı Renatodur. Amma canıyanmış (bilirəm yenə yazdım) Malenanın xəstəsiyəm”.
( Luçiano Federiko)

Gördünüz? İkinci səbəb də aydın oldu. Natamamlıq kompleksi. Əgər hər hansı bir qadın kişilərin iyrənc təklifinə ilk anda boyun əymirsə, deməli o...

Və bizim gələcəyimiz uşaqlar.
“Salam. Adım Renatodur. 13 yaşım var. Yuxarıda danışan insanlar mənim valideynlərimdi. Məni Malenadan uzaq tutmağa çalışırlar. Amma hiss edirəm ki, onların səbəbi mən deyiləm. Tamam başqa ünsürlərdi. Anam da, atam da ən azı mənim qədər ona aşıqdirlər. Anam onun baxımlığına, atam isə qadınlığına. Mən ona dəlilər kimi aşiqəm. O, mənim ilk məhəbbətimdir. Qəsəbəmizdə onu bütün uşaqlar sevirdi, amma başqalarının yanında kinayə dolu sözlər danışırdılar onun haqqında. Mən, bilirsiz niyə demirdim və heç vaxt demərəm? Çünki Onu ilk dəfə görəndə mənim 13 yaşım var idi. Zaman keçdi. Mən çox qadınlara aşiq oldum. Bütün qadınlarla yaxın olanda onlar soruşurdular: mən onları xatırlayacağammı? Mən isə: "Hə, əlbəttə, mən sizi xatırlayacağam" ,– deyirdim. Lakin mənim heç vaxt unuda bilməyəcəyim qadın bu sualı məndən heç soruşmamışdı. Onun adı Malena idi".
(filmdən sitat).( Cüzeppe Sulfaro)

Üçüncü səbəbi deyən deyiləm. Uşaqların beyni ağ vərəq kimidi hətta sevişmə yaşına çatsalar belə.

Və Malena Skordiya. Heç kəsə bağlanmayaraq yalnız müharibədə olan ərinin cəbhədən qayıtmasını gözləyir. Bu sözüm də cəmiyyətdəki insanlar arasındalı münasibətlərə qapaq olsun.
(Monika Belluççi)

* Köşəni açıq sonluqla bitirəcəm. İstəyən istədiyi kimi qəbul eləsin.

** Yazıda rejissor Cüzeppe Tornatorenin “Malèna “ filminin motivlərindən istifadə olunub. Hər abzastın sonundakı ad və soyadlar isə filmdə həmin perjonajları canlandlran aktyor və aktrisalardır)

*** Oxuduğun üçün təşəkkürlər, Ox Ucu.



Teqlər:





Xəbər lenti