Bakı sirkinin keçdiyi yol – ARAŞDIRMA, FOTOLAR

Bakı sirkinin keçdiyi yol – ARAŞDIRMA, FOTOLAR
  06 İyun 2013    Oxunub:15188
XIX əsrin ikinci yarısından başlayaraq Bakı iri sənaye şəhəri kimi təkcə sənayeçilərin deyil, müxtəlif ölkələrin incəsənət adamlarının da diqqətini cəlb etməyə başladı. 90-cı illərdə Rus sirkinin ataları sayılan Nikitin qardaşları Bakıda ilk stasionar sirk-heyvanxana açdılar. 1904-cü ildə isə onlar keçmiş “Tarqovı” (indiki Nizami küç) və “Bolşaya Morskaya” (indiki Bül-Bül pr.) küçələrinin tinində - indiki Nəsimi bağının yerində Şərqdə ilk Sirk-teatr inşa etdirdilər.

Bu sirkdə mütəmadi olaraq Nikitinlərin rəhbərlik etdiyi qrup çıxış edirdi. 1906-cı ildə Sirk-teatrın binası yandı. Ancaq qardaşlar elə həmin il onun yerində daşdan yeni sirk binası inşa etdirdilər. 1916-cı ildə Yefimovlar Nikitin qardaşlarının sökülmüş sirkinin yerində , başqa bir sirk binası tikdilər. 1924-cü ilin dekabrında yanğın bu sirki də məhv etdi və çox keçmədi ki, Y.Kudryavtsev burada öz sirkini qurdu. Bakıda sirkin fəaliyyət göstərdiyi bütün bu müddət ərzində onun səhnəsində Rusiyanın müxtəlif şəhərlərindən gələn sirk truppaları çıxış edirdilər. O dövrün məhşur sirk truppaları Tanti qardaşlarının, Lerrinin rəhbərlik etdiyi kollektivlər də 20-ci illərdə tez-tez Bakıya qastrollara gəlirdilər.

30-cu illərdə Bakı Sirkinin kolxoz filialının əsası qoyuldu. Bu kollektivin üzvləri yerli özfəaliyyətçilər, kəndirbazlar və xalq pəhləvanları idi.

1945-ci ildə Azərbaycanda ilk peşəkar sirk kollektivi yaradıldı. Bu kollektiv Bakı Sirkinin kolxoz filialının artistlərindən, Azərbaycan estrada artistlərindən və bədii özfəaliyyətçilərdən təşkil olunmuşdu. Kollektivin «Azərbaycan toyu» adlı ilk proqramını dahi bəstəkar Üzeyir Hacıbəyov hazırlamışdı. Proqramın rejissoru Soltan Dadaşov, bəstəkarı Səid Rüstəmov, baletmeysteri Əminə Dilbazi, mətnin müəllifi Süleyman Rüstəm idi.

İlk dəfə 1946-cı ildə Bakıda, sonra isə Moskvada və keçmiş SSRİ-nin başqa şəhərlərində nümayiş etdirilən bu proqram, 1951-ci ilədək repertuarda qaldı. Bu tamaşa zamanı səhnədə Azərbaycan toyu, qədim adət və ənənələr canlandırılır, xalq çalğı alətlərinin müşayiəti ilə milli rəqslər və sirk nömrələri ifa edilirdi. Proqramda məhşur kəndirbaz Rza Əlixan, sim üzərində rəqs edən «Ulduz bacıları» - Sona, Şəfiqə və Gülnaz, təlim görmüş itlərlə Maralxanım Şirinova, jonqlyor Xosrov Abdullayev, akrobat İsmayıl Mirzəyev, «Üç qardaş» akrobat nömrəsi ilə Nikolay Qorkovenko, Xosrov Abdullayev və Viktor Xelaya, ilanoynadan Sofu Cəfərov çıxış edirdilər. Yunis və Yusif Ağayev qardaşlarının«Nəsrəddin və Bəhlul Danəndə» səhnələri, «Zorxana» və milli güləş nümayiş olunurdu. Xalq pəhləvanı Sali Süleymanın, klounlar Qasım Məlikov və Kamal Abdullayevin çıxışları o dövrün ən yaddaqalan nömrələri idi.

50-ci illərin əvvəlində kollektivin bədii rəhbəri Mikayıl Cəbrayılov mətnlərə Səməd Vurğunun şerlərindən parçalar salıb, milli rəqslərə yenidən quruluş verməklə, yeni musiqi və tərtibat hesabına proqramı yeniləşdirdi. Yeni proqramın bəstəkarları Soltan Hacıbəyov və Tofiq Quliyev, baletmeysteri Hənifəzadə , rəssamı isə Həsən Mustafayev idi. Sirk nömrələri sırasında akrobatlar Nəzirovların, illüziyaçı -manipulyator Mənsur Şirvaninin, ekvilibristlər Xəliluyevlərin, janqlyor Umarın, klounlar Qasım və Bibi oğlunun çıxışları əsas yer tuturdu.

1959-cu ildə Moskvada 2-ci Azərbaycan Ədəbiyyatı və İncəsənəti dekadasında kollektiv «Biz Bakıdanıq» proqramını nümayiş etdirdi. 1965-ci ilə qədər Bakı sirkinin repertuarında qalan bu proqramın ssenari müəllifi Fink, rejissoru Soltan Dadaşov, bəstəkarı Rauf Hacıyev, rəssamı Həsən Mustafayev, kollektivin rəhbəri Fuad Nəzirov idi. Şəfiqə Baxşəliyevanın məftillər üzərində rəqsləri, Səyavuş Şəfiyevin (Yəqin ki, bu ad sizə tanış gəldi. “Əhməd haradadır” filmindəki Əhməd- müəl.) kaskadyorlar qrupunun, akrobat-ekssentriklər Rəsulovların, kəndirbazlar Əlixanovların, janqlyor Xosrov Abdullayevin və təlimçi İsrafil Mirzəyevin nömrələri milli ənənələr əsasında tərtib edilmişdi.

1966-cı ildə Azərbaycan Sirk kollektivinin tərkibi nəzərə çarpacaq dərəcədə dəyişdi və həmin ilin aprel ayının 15-də kollektiv, Bakı Sirkinin səhnəsində «Qayada nişanə» adlı süjetli sirk tamaşasını nümayiş etdirdi. Bu tamaşanın ssenari müəllifləri Soltan Dadaşov, Mikayıl Cəbrayılov, L. Kukso və Yevgeni Ryabçukov , rəssamları E. Almaszadə və A. Falkovski, bəstəkarı Rauf Hacıyev, baletmeysteri V. Leonov, proqramın bədii rəhbəri Səyavuş Şəfiyev idi.
Əsas rolları Ağasala Rəsulov, Şəfiqə Baxşəliyeva, A. Əsgərov oynayırdılar. Tamaşada həmçinin kəndirbaz Cəmaləddin Zalov, Y. Mərdanovun atlı igidləri, Nina Şubina və Tofiq Axundovun ekvilibr dueti , janqlyor Xanlar Rəsulov, klounlar Şulu və Qulu -Kamal Abdullayev və Qasım Məlikov da çıxış edirdilər.

1967-ci ildə Bakı sirkinin həyatında ən əlamətdar hadisələrdən biri baş verdi . Arxitektorlar E. İsmayılov və F. Leontyevanın layihəsi əsasında müasir teatr-sirk avadanlıqları ilə təchiz olunmuş 2400 yerlik sirk binası tikildi.

Yeni sirkin arenasında çıxış etmək üçün qonşu ölkələrin və Azərbaycanın ən istedadlı sirk ustaları Bakıya toplaşmışdı. Yeni sirkin texniki imkanları dünyanın ən möhtəşəm sirk kollektivlərini Bakıya dəvət etməyə imkan yaradırdı.

70-ci illərdə Bakı Sirkinin ən qocaman nümayəndələrindən biri -Azərbaycan ssr xalq artisti Xosrov Abdullayevin rəhbərlik etdiyi qrupun hazırladığı orijinal sirk nömrələri keçmiş SSRİ-nin və bir çox xarici ölkələrin manejlərində müvəffəqiyyətlə nümayiş etdirilən ən maraqlı proqramlardan idi.

80-ci illərin sonunda Bakı sirkində məhşur nömrələrlə yanaşı gənc artistlərin də çıxışlarına geniş yer verilirdi. Azərbaycan artistlərinin qazandığı saysız -hesabsız uğurlar yeni sirk proqramının yaradılması zərurətini meydana çıxartdı.

«Azərbaycan işıqları» adlanan bu sirk proqramının hazırlanması üçün rejissorlar Ramiz Əliyev və Aleksandr Qorodetski, bəstəkar Tofiq Quliyev, rəssam Toğrul Nərimanbəyov və baletmeyster Nailə Nəzirovadan ibarət çox güclü quruluşçu heyət yaradıldı.

Proqramda Sabir Səmədovun rəhbərliyi ilə «Alov» atlı igidlər qrupu, İqor Çijovun rəhbərliyi ilə «Qobustan rəsmləri» hava kəndirbazları nömrəsi, Fuad Əliyevin rəhbərliyi ilə akrobatik ansambl, Alik Qurbanovun rəhbərliyi ilə «İkariya oyunları» akrobatik nömrəsi, pəhləvan Yusif Mehdiyevin nömrəsi və İlya Nisanovun rəhbərliyi ilə klounlar qrupu və başqa nömrələr uğurla nümayiş etdirilirdi. Proqram o qədər gözəl alınmışdı ki, 1988-ci ildə Moskvanın Böyük sirkinə dəvət aldı.
90-cı illər Bakı Sirkinin bütün tarixi boyu ən dramatik dövr kimi yadda qalıb. SSRİ-nin dağılması ilə keçmiş respublikalar arasında bu sahədə yaradılmış əlaqələrin qırılması və iqtisadi çətinliklər ucbatından 1990-cı 94-cü illər arasında Bakı Dövlət Sirkində fəaliyyət göstərən truppa öz fəaliyyətini demək olar ki, dayandırdı. Əsas nömrələrin ifaçıları və başqa artistlər xarici ölkələrin sirk truppalarının dəvətlərini qəbul etmək məcburiyyətində qaldılar.

Bakı sirkinin yetirmələri :Azərbaycan SSR xalq artisti Tofiq Axundovun, Murad Abdullayevin, Lida Abdullayevanın, Aydın İsrafilovun, Rüstəm Quliyevin və başqalarının sorağı dünyanın bir çox ölkələrinin sirk arenalarından gəlsə də, Bakı sirkinin maneji ya boş qaldı, ya da müxtəlif şou proqramların nümayiş meydanına çevrildi.

100 ildən artıq bir zaman kəsiyində bizlərə sehr, həyacan və sevinc dolu anlar yaşadan Bakı Sirkinin maneji bu sirkin fanatları hesabına yenə də öz müqəddəs missiyasını -sənətə və insanlara xidmət vəzifəsini yerinə yetirir. Bu gün Bakı Dövlət Sirkinin səhnəsində dünyanın müxtəlif ölkələrindən dəvət olunan kollektivlər çıxış edirlər. Ümid edək ki, gün gələcək Bakı Dövlət Sirki ötən əsrin 30-cu illərində olduğu kimi yenə də öz kollektivini formalaşdıra biləcək və əvvəlki şöhrətini bərpa edəcək.

Rəcəb Məmmədov
Sənətşünaslıq üzrə p.h.d.

Qalereya




Teqlər:  





Xəbər lenti