Toğrul Nərimanbəyov Parisdə dəfn olunacaq
“Atamın həyat yoldaşının arzusuna əsasən Toğrul Nərimanbəyovun meyiti yandırılacaq (kremasiya) və külü torpağa tapşırılacaq. O məhkəmədə bildirib ki, atam müsəlman deyil, katolikdir və yandırılaraq, katolik kimi dəfn olunmalıdır. Lakin bu həqiqət deyil, atam müsəlmandır. İstəyirəm ki, o doğma Azərbaycanda dəfn olunsun”.
Əsmər Nərimanbəyova bildirib ki, atasının ölüm faktı bir həftə gizli saxlanıb, bu isə Fransa qanunvericiliyinə görə kriminal faktdır: “Mərhumun qohumlarına dezinformasiya vermək, onları dəfnin harada keçiriləcəyindən xəbərsiz qoymaq üçün əllərindən gələn hər şeyi ediblər. Əsasən də, Sevil Nərimanbəyova bəyan edib ki, həyat yoldaşını Parisin mərkəzində, nüfuzlu məzarlıqda dəfn etmək istəyir. Lakin işdəki sənədlərə görə, o atamı Sant Luendə, Parisin 93-cü rayonunda dəfn etməyə hazırlaşır, bu isə heç də Parisin mərkəzi deyil”. Əsmər Nərimanbəyova bunu əsas gətirərək məhkəmənin qərarından şikayət verməyə hazırlaşır.
Xatırladaq ki, SSRİ və Azərbaycan respublikasının dövlət mükafatları laureatı, SSRİ və Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü Toğrul Fərman oğlu Nərimanbəyov iyunun 2-də 83 yaşında dünyasını dəyişib. Onun ikinci həyat yoldaşı rəssamın Fransada dəfn olunmasında israr edir, qızı isə buna qarşı çıxır və atasının Azərbaycanda dəfn olunmasını istəyir. Əsmər Nərimanbəyova bununla bağlı məhkəməyə müraciət edib.
AzVision.az