Bakı qoçularının qətlinə gətirən siyasi ölümün sirri – TARİXİ ARAŞDIRMA

Bakı qoçularının qətlinə gətirən siyasi ölümün sirri – TARİXİ ARAŞDIRMA
  17 Oktyabr 2015    Oxunub:59248
Bəhram Çələbi
AzVision.az üçün

1920-ci ilin may ayında Bayıl qazamatının həyətində güllələnən Qoçu Nəcəfqulu və dostları əslində Bakı qoçularının qırğınının başlanğıcı sayılmalıdır. Hakimiyyəti ələ keçirəndən cəmi bir həftə sonra belə bir aksiyanın yerinə yetirilməsi yeni hökumətin Azərbaycanı tam nəzarət altına almaq istəyindən doğurdu.

Həmin gündən sonra düz 1925-ci ilə kimi iki yüzdən artıq Bakı qoçusu aradan götürüldü. Şura hökumətinin tərkibində yeni qurulan Azərbaycanda mühüm postlar tutmağa müvəffəq olmuş ermənilər 1905-ci və 1918-ci ildə erməni-müsəlman davasında Bakı qoçularının onlara vurduğu ağır zərbələri unutmadıqlarını sübut edir və böyük bir hissəsinin məhz həmin davalarda həlak olduğu qoçuların qalanlarını təzə hökumətin gəlişi ilə cəmiyyətin səhnəsindən büsbütün silirlər. Nə qədər acınacaqlı olsa da, bu son dərəcə amansız təmizləmə tədbirlərində, qisasçılıqda ermənilərə elə bizim öz vəzifəlilərimiz yardımçı olurlar...

Şura hökumətinin gəlişi ilə uzun illərdən bəri şəhərdə mütəşəkkil cinayətkarlığa nəzarət eləyən Bakı qoçuları qısa müddət ərzində tamamilə məhv edildilər. Təzə hökumət ötkəmliyə öyrəşmiş qoçuların barışmazlığını və igidliyini bildiyindən onları islah etməyə deyil, məhz fiziki cəhətdən aradan götürməyə üstünlük vermişdi.

Bakının adlı-sanlı qoçularından biri, Qoçu Nəcəfqulunun təqsirləndirildiyi məsələlərdən biri də Əli Bayramovun qətlə yetirilməsində iştirakı ilə bağlıydı. Lakin araşdırıcıların üzə çıxardığı tutarlı faktlar və arxiv sənədləri tam təsdiq edir ki, bu qətlin səbəbi tamam başqadır və həqiqətən də Qoçu Nəcəfqulunun bu məsələdən xəbəri də olmayıb.

Bəs Əli Bayramovu kim qətlə yetirib?

1920-ci ildə bircə günün içərisində 12 məşhur Bakı qoçusu həbs olunaraq, Bayıl türməsinə gətirildi. Sonradan onlara daha yeddi nəfər də əlavə olundu.

1920-ci il 20 mayda Mayılov Teatrında (indiki M.F.Axundov adına Opera və Balet Teatrı) işinə başlamış bu məhkəmə prosesinə 19 nəfər müttəhim cəlb edilmişdi. Bu prosesdə "İnqilabi tribunalın" sədri Teymur Əliyev, ittihamçı prokuror isə ədliyyə komissarı Əliheydər Qarayev idi.

Cəmi bir həftə - 28 maya qədər - davam edən bu məhkəmə prosesi ittiham olunanların 15-i haqqında ölüm hökmü, 3-ü barədə müxtəlif müddətli həbs cəzası və birinin azadlığa buraxılması ilə yekunlaşır.

Adı ölümə məhkum olanların arasında olan Qoçu Nəcəfqulu son sözündə Bakıda müxtəlif cinayətlər törətdiyini səmimi etiraf edir:
- Mən Bakıda bir sıra qanlı hadisələrin törədilməsinin iştirakçısı olmuşam, bizə hücum edən erməniləri öldürmüş, bir sıra başqa cinayətlər törətmişəm. Əgər siz məni bu işlərimə görə mühakimə etsəydiniz, sizə minnətdar olardım. Ancaq mən nə Əli Bayramovu tanımışam, nə də onun öldürülməsində iştirak etmişəm. Mən Bakının yarısını erməni daşnaklarından qorumuşam. Ona görə də türklərdən mükafat və orden almışam. Bəs bunlar hara getdi?

Təəssüf ki, onun bu sözləri ciddi qəbul olunmur və hökm qüvvədə qalır.

Elə həmin gün, yəni 28 may 1920-ci ildə hökm İnqilab Komitəsinin sədr müavini Mirzə Davud Hüseynov tərəfindən təsdiq olunur və 29-na keçən gecə saat 2.30-da hər iki tribunalın üzvü Zeynal Dadaşovun və Bakı şəhərinin komendantı Mazurovun iştirakı ilə icra edilir.

Bundan sonra da Əli Bayramovun qətli barədə söz-söhbətlər səngimir, sovet təbliğatı onun müsavatçılar tərəfindən qətlə yetirildiyini iddia etməyə başlayır.

Bu hadisədən çox-çox sonralar isə faktlar və sənədlər əsasında təsdiq edilir ki, nə qoçu Nəjəfqulunun, nə də Müsavat hö-kumətinin bu qətldə heç bir iştirakı olmayıb.
Bəs bu qətlin kökündə hansı səbəb dayanmışdı?

Qoçu Kəbleyi Şuriyyə

Hər şey şəxsi ədavət zəminində baş vermişdi, daha doğrusu, Əli Bayramovun ölümünə səbəb bilavasitə onun inqilabi işi ilə əlaqədardı. Belə ki, o dövrlər bolşeviklər “Kömür Meydanı”nda yerləşən "Nina" mətbəəsində yığışırdılar. Onların arasında Əli Bayramov da vardı. Həmin məhəllədə zamanının adlı-sanlı kişilərindən biri olan, qoçu kimi tanınan Kəbleyi Şuriyyənin idi.

Bolşeviklərin bu ərazidə yığışıb iclas, müxtəlif tədbirlər keçirdiyi barədə məlumat Müsavat polisinin qulağına çatır. “Nizami” metpostansiyası yanındakı Yasamal Polis İdarəsinin yerində elə o vaxtlar da polis bölməsi yerləşirdi. Bölməyə göstəriş verilir ki, həmin əraziyə nəzarət gücləndirilsin.

Yaşadığı məhəllədə qaradovoyların sayının artırılması və gün ərzində ciddi nəzarət altında saxlanması Kəbleyi Şuriyyənin işlərini çətinə salırdı. Belə ki, hərtərəfli ticarətlə məşğul olan, bütün günü mal gətirib-aparan bir adamın nəyinə lazım idi ki, hər addımı polisin gözü qarşısında olsun?.. Məsələnin mahiyyətindən xəbər tutan Kəbleyi Şuriyyə bu qərara gəlir ki, burada yığışan bolşeviklərin başbilənlərindən biri ilə danışsın, məsələni yoluna qoysun. Müxtəlif kanallarla öyrənir ki, elə Əli Bayramovla danışmaq lazımdır.

Günlərin birində, Kəbleyi Şuriyyənin dilxor vaxtında görür ki, budur Əli Bayramov gəlib həyətlərindən keçir. Onu çağırıb yolundan saxlayır. Əli Bayramov da qarşısındakının kim olduğunu yaxşı bilirdi. Kəbleyi Şuriyyə lap yaxına gəlib deyir:
- A kişi, bu nədir, sizin əlinizdən işimizdən-gücümüzdən avara olmuşuq. Nə işlə məşğulsunuz, özünüz bilərsiniz, amma bu polislərdən day canımız boğazımıza yığılıb. Odur ki, sizə sakitçiliklə məsləhət bilirəm, gedin, özünüzə başqa yer tapın. İmkan verin, biz də işimizi görək.

Əli Bayramov bu sözləri eşitdikdən sonra çox inamlı və qəti şəkildə:
- Tələsmə, Kəbleyi, heç tələsmə, ömrünüzə iki-üç gün qalıb. Hamınızı qoduqluğa yığacağıq, səni isə özüm güllələyəcəyəm! - deyir.


Bolşeviklərin Azərbaycandakı fəal nümayəndələrindən birinin əslində onların hakimiyyətə gələcəkləri günün lap astanasında, hətta qarşısındakının kimliyini bilə-bilə belə “boz” bir fikir söyləməsi onların artıq düşünülmüş planlarından xəbər verirdi. Və bolşeviklər hakimiyyətə gəldiyi gündən sonra qısa müddət ərzində Bakı qoçularına necə divan tutması bu planın hələ əvvəldən götür-qoy edildiyini bir daha təsdiq etdi.
İndi Əli Bayramovu da belə ürəkli danışmağa vadar edən məhz həmin planlar idi.

Bu vaxtadək avara-avara işlərlə məşğul olduğunu güman etdiyi sadə, heç bir qoçaqlığı ilə seçilməyən, həmişə qorxa-qorxa gəzən bir adamın onunla belə bozartı ilə, bu tonda danışması, özündənrazılığı Kəbleyi Şuriyyəni lap təbdən çıxarır:
- Nə? Alə, məni güllələyəcəksən?! Yaxşı, nə olar, səni sağ qoysam, bildiyini edərsən, - deyib, qardaşı Əjdərə göstəriş verir: - Alə, çək bunu içəri!

Bu sözlərinə görə də Əli Bayramovu həyətə çəkib, oradaca qətlə yetirirlər. Öldürməklə ürəyi soyumayan Kəbleyi Şuriyyə onun başını da kəsdirir və başsız bədənini arabaya qoyub, məhəllədən çıxarırlar. Cinayətin izini itirmək üçün həmin ərazidən bir xeyli aralıya - "Leytenant Şmidt" zavodunun ərazisinə gətirib atırlar. Başının isə hara atıldığı heç kimə məlum olmur. Əli Bayramovun kəsilmiş başını sonralar da tapmaq mümkün olmur...

Toplanışa yığışanlar bolşeviklərin əsas simalarından biri olan Əli Bayramovun yolunu çox gözləməli olurlar. Lakin onların intizarına son qoyulmur. İşi belə görəndə onlar əl-ayağa düşüb, narahatçılığa başlayırlar. Onun gedə biləcəyi mümkün olan bütün yerləri axtarsalar da cəhdləri bir fayda vermir.

Axırda bu məsələdən Əli Bayramovun ömür-gün yoldaşı Ceyran xanımı xəbərdar edirlər. O, həmin ərazinin polis bölməsinə ərinin yoxa çıxması barədə məlumat verir. Çox maraqlıdır ki, cinayət işinin araşdırılması ilə köhnə "Molla Nəsrəddin"çi, həmin bölmədə mühüm postlardan birini tutan Ömər Faiq Nemanzadə məşğul olur.

Məlumat daxil olan kimi Əli Bayramovun axtarışına başlanılır. Az keçmiş "Leytenant Şmidt" zavodunun ərazisindən başsız meyid tapılması barədə məlumat daxil olur. Həmin meyidi morqa götürürlər. Axtarışına başlanılan Əli Bayramovun xanımı oraya dəvət olunur. Ceyran xanım ərini baş barmağında olan çapığına görə tanıya bilir.

Məşhur inqilabçının qətlə yetirilməsi barədə xəbər şəhərdə bomba kimi partlayır. Bu qətlin mahiyyətindən xəbərsiz bolşeviklər isə o saat hay-haraya başlayırlar ki, Əli Bayramovu Müsavat cəlladları qətlə yetirib. Əslində onlar üçün bu, göydəndüşmə olmuş, hökuməti “vurmaq” üçün əllərinə imkan düşmüşdü.

Aradan az keçmiş bolşeviklər Müsavat hökumətini devirərək, hakimiyyətə gəlirlər. Əli Bayramovun qətlinin araşdırılması məhz onların hakimiyyəti dövrünə təsadüf edir. Çox maraqlıdır ki, bir az əvvəl Əli Bayramovun qətlində "Müsavat cəlladları"nı suçlayan Sovet hökumətinin tərkibində ədliyyə komissarı postuna yiyələnmiş Əliheydər Qarayev bu prosesdə ittihamçı-prokuror kimi çıxış edir. Halbuki, Ceyran xanımın özü də xatirələrində Əli Bayramovun o dövr Müsavat hökuməti tərəfindən deyil, qoçular tərəfindən qətlə yetirilməsini qeyd etmişdi.

Bu qətldən tam xəbərsiz insanların güllələnməsindən bir neçə ay sonra, nəhayət ki, istintaq əsl qatili müəyyən edir və Kəbleyi Şuriyyəyə qarşı cinayət işi başlanır. Lakin bu zaman qətlin iştirakçılarından biri - Kəbleyi Şuriyyənin qardaşı Əjdər artıq İrana qaçmışdı. Elə bu faktdan da ustalıqla istifadə edən Kəbleyi cinayəti qardaşının törətdiyini söyləyir və özünün xəbərsiz olduğunu qeyd edir. İstintaq nədənsə Kəbleyi Şuriyyənin dediklərini çox ciddi qəbul edir və qatilin ölkəni tərk etməsiylə əlaqədar onun barəsində axtarış elan edilməsilə işini yekunlaşdırır. Kəbleyi Şuriyyə isə son dövrlərə qədər tam sərbəst yaşayır və öz əcəli ilə də dünyasını dəyişir…

…Əli Bayramovun qətlini əlində bayraq eləyən bolşeviklər az sonra onun ömür yoldaşı Ceyran xanımı Sibirə sürgün edirlər. İki övladı Ukraynaya gedib çıxır. Sürgündən geri dönən Ceyran xanım ailəvi dostluq etdikləri Ağabala Yusifzadənin oğlu Məmmədağanın köməkliyi ilə övladlarının yerini öyrənir və onları Azərbaycana qaytarır.


Teqlər:  





Xəbər lenti