Azərbaycan teatrı haqda yeni layihə

Azərbaycan teatrı haqda yeni layihə
  20 İyun 2013    Oxunub:1743
"Azərbaycan teatrı: dünən, bu gün və sabah - multimedia janrı teatrlarda" adlı layihənin hazırlanmasına təcili tələbat yaranıb.
Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, sabah saat 15:00-da Muzey Mərkəzində (Neftçilər prospekti, 123 a) "Azərbaycan teatrı: dünən, bu gün və sabah - multimedia janrı teatrlarda" adlı layihənin təqdimat mərasimi keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 may 2010-cu il tarixində 277 nömrəli Sərəncamı ilə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramını təsdiq edib. Proqramın 2.3-cü bəndində respublika ərazisində fəaliyyət göstərən dövlət teatrlarının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulub.

Bununla əlaqədar "Azərbaycan teatrı: dünən, bu gün və sabah - multimedia janrı teatrlarda" adlı layihənin hazırlanmasına təcili tələbat yaranıb. Layihədə Azərbaycan teatrının dünəni ilə bağlı veb-səhifələrin və resursların təqdim olunması, Azərbaycan teatr sənətinin görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığı haqqında materialların hazırlanması, arxiv sənədlərinin toplanılması və veb-səhifələrdə yerləşdirilməsi, foto, audio və video materialların yazılışı, veb-səhifələrin əlaqəli istifadəsi, Azərbaycan teatrının bu gününü nümayiş etdirən vizual sərgi salonlarının və respublikamızda fəaliyyət göstərən dövlət teatrlarının veb-saytlarının yaradılması, Azərbaycan teatr sənətinin beynəlxalq miqyasda təbliği, eksponatların 3D formatında canlandırılması və bütün audio və video materialların üç dildə səsləndirilməsi, elektron multimediya resurslarının imkanlarından istifadə edərək rəngarəng audiovizual materiallar əsasında virtual sərgi salonlarının yaradılması, internet şəbəkəsi vasitəsilə teatr sahəsində olan yeniliklərin dünyaya çatdırılması planlaşdırılıb.

Keçiriləcək tədbirlərin təşkili ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində "Musiqi dünyası" jurnalının qeyd olunan tədbirlərin keçirilməsi sahəsində ixtisaslaşdığı, yüksək təcrübəyə və texniki imkanlara malik olduğu müəyyənləşdirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti