Magistrlar imtahan verəcək

Magistrlar imtahan verəcək
  21 İyun 2013    Oxunub:1727
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 23-də Bakı, Gəncə və Naxçıvan şəhərlərində 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçiriləcək.
Azvision.az -ın məlumata görə, imtahanın ikinci mərhələsində iştirak etmək üçün bakalavrlar iyunun 3-dən 11-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramlarından birini seçib təsdiq ediblər.

Proqram seçimində 3 mart 2013-cü il tarixində keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar iştirak ediblər.

Bu hüquqa malik olan bakalavrlardan 11488 nəfəri qəbul proqramını seçərək təsdiqləyib.

Onlardan 10018 nəfəri Azərbaycan bölməsinin, 1470 nəfəri isə rus bölməsinin məzunlarıdır. Bakalavrların 5067 nəfərini oğlanlar, 6421 nəfərini isə qızlar təşkil edir. 6722 nəfər ali təhsil müəssisələrinin builki, 4766 nəfər əvvəlki illərin məzunlarıdır. Bakalavrlardan 10119 nəfərinin Bakı şəhərində, 267 nəfərinin Naxçıvan şəhərində, 1102 nəfərinin isə Gəncə şəhərində imtahan verəcəyi nəzərdə tutulur.

İmtahanın keçirilməsi üçün Bakı şəhərində 17, Naxçıvan şəhərində 1, Gəncə şəhərində isə 2 imtahan mərkəzi ayrılb.

İmtahanın idarə olunması üçün 81 imtahan rəhbəri, 866 nəzarətçi-müəllim ayrılıb.

Müqayisə üçün bildirək ki, 2012-də 8529 bakalavr imtahanın ikinci mərhələsinə buraxılıb.

Bakalavrlara iyunun 18-dən etibarən öz elektron ərizələrinə daxil olaraq imtahana buraxılış vərəqəsini çap edib götürmək imkanı yaradılıb.

İmtahan iyunun 23-də saat 13:00-da başlanacaq və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaqdır.

İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. Bakalavrın hər düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

İmtahanın nəticələri www.tqdk.gov.az internet səhifəsində yerləşdiriləcək. Hər bir bakalavr öz imtahan nəticələrinə dair “məlumat vərəqi”ni internet vasitəsilə əldə edə biləcəkdir.

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar 2013-ci il iyunun 26-dan 28-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirirəcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti