Jurnalistlər facebookdan necə yararlanır?- SORĞU

Jurnalistlər facebookdan necə yararlanır?- SORĞU
  27 İyun 2013    Oxunub:2538
Bu gün facebook bir ölkə sayılır, o ölkə ki onun artıq milyarddan çox əhalisi var. Və bu dünyadan insanlar öz peşələri, eləcə də, müxtəlif məqsədlər üçün istifadə edirlər. İndi isə söhbət təbii ki, Azərbaycandan gedir, daha dəqiq desək, Azərbaycan jurnalistikasından.

AzVision.az olaraq, bu mövzuda, 4-cü hakimiyyətin nümayəndələri arasında bir sorğu keçirib. Sualımız belə olub ki, “Onlar bir jurnalist kimi jurnalist fəaliyyətlərində facebookdan necə yararlanırlar?”

KTV1-in mətbuat xidmətinin rəhbəri Pərvin Sadıqov:


-Facebook, ilk növbədə ünsiyyət vasitəsi kimi görünsə də, artıq ilkin funksiyasının sərhədlərini aşıb. Yəni tək ünsiyyət vasitəsi olmaqdan çıxıb. Demək olar ki, mən artıq bütün xəbərləri facebookdan oxuyuram. Fikirlərimi bölüşürəm, həmkarlarla müzakirələr aparıram, facebook dostlarımın çoxu jurnalistlər olduğu üçün bu? mənim üçün daha asan olur. Bütün bunlardan əlavə, facebook mənə çox vaxt çətin vəziyyətdən çıxmaqda köməklik edib. Həmçinin də KATV1-in facebook səhifəsi var, hansında ki biz, abunəçilərlə ünsiyyət qururuq, onların suallarını cavablandırırıq, təkliflərini dəyərləndiririk”.

Modern.az saytının müxbiri Elmin Nuri:


-Tam səmimi deyirəm, əgər jurnalist və yazıçı olmasaydım, facebookdan əsla istifadə etməzdim. Sosial şəbəkələr demək olar ki, məni, kitabdan ayırıb. Səmimi olacam, keçmişəm onun toruna. Əvvəl hər gün bir kitab oxuyurdumsa, indi həftəyə birini oxuyuram və bu da mənim üçün təəssüfləndirici haldır. Qısası, məni bu gün facebookda saxlayan, jurnalist peşəmdir. Burada yazılarımı paylaşıram, sorğular keçirirəm, lazım gələndə müsahibələr alıram.

Qafqazinfo.az saytının əməkdaşı Günel Əbilova :


-Mənim facebooka gəlişimin özü də maraqlıdır. Belə ki, universitetdə, internet jurnalistikasından bizə dərs keçən Osman Gündüz facebookda qeydiyyatdan keçməyimizi tapşırıq verdi. Əks təqdirdə,bizi imtahana buraxmayacaqdı. O vaxtlar facebookda, daha çox tanışlarımla, qrup yoldaşlarımla əlaqə saxlayırdım. İndi isə Facebook , həmçinin də digər sosial şəbəkələr mənim üçün informasiya mənbəyidir. Kimlər ki, facebooka qeyri- ciddi baxır, deməli, onlar facebookun nəbzini tuta bilmir. Dəfələrlə olub ki, siyasətçilər bəyanatlarını elə facebook vasitəsi ilə yayıblar. Çox uzağa getməyək, sabiq millət vəkili Gülər Əhmədova prezidentə müraciətini məhz sosial şəbəkələrdən etmişdi. Əslində belə nümunələr çoxdur. Digər tərəfdən isə, facebookda, elə dostlar qazanmışam ki, həyatımın ayrılmaz hissəsinə çevriliblər. Lakin bütün bunlara rəğmən, facebook gündən-günə daha da bayağılaşır. Çünki ən ucqar kəndlərimizdə belə bu sosial şəbəkənin xidmətlərindən istifadə edirlər. Onlar üçün bura çat əvəzidir. Dostluq siyahımda o cür şəxslər çox olsa da, çalışıram profilimdə demokratik abu -hava yaradım. ”

Femida.az portalının baş redaktoru və Azərbaycan Hüquqşünasları Konfederasiyasının mətbuat katibi: Pərvin Abbasov :


-Facebookdan jurnalist kimi təbliğat məqsədilə istifadə edirəm. Mən çalışdığım təşkilatın – Azərbaycan Hüquqşünasları Konfederasiyasının, həmçinin Femida.az saytının və Hüquq.TV-nin facebook səhifələri var. Bizim xəbərlər səhifənin adminləri tərəfindən orada paylaşılır. Həmçinin, həmin qurumların işçiləri olaraq özümüzün facebook səhifələrində də paylaşmalar edirik. Bundan başqa, adlarını qeyd etdiyim saytların facebook səhifələrinə facebook istifadəçisi olan şəxslər tərəfindən hüquqa dair müxtəlif suallar gəlir. Biz həmin sualları təşkilatımızda çalışan vəkillərə yönləndiririk. Onlar cavab verəndən sonra cavablar müvafiq olaraq sual sahiblərinə göndərilir. Əgər sual maraqlı olarsa, onun cavabı saytlarımızda da yer alır. Bundan başqa, facebook-da sorğular da keçirmişik. Həmçinin, Femida.az-ın redaksiya heyəti facebook-da monitorinqlər də gerçəkləşdirib və onun nəticələrini ictimaiyyətə açıqlamışıq”

APA informasiya agentliyinin müxbiri Hafiz Heydərov:


-Facebookdan daha çox APA-da yazdığım xəbərləri paylaşmaq üçün istifadə edirəm. Hərdən olur ki, facebookda hansısa xəbər, status diqqətimi çəkir. Və həmin statusu araşdırıb, xəbər yazdığım da olub.

AzVision.az saytının müxbiri Sevinc İltifat qızı:


-Facebook sosial şəbəkəsi məncə jurnalistin işində çox böyük rol oynayır, belə deyək ki, mənim üçün informasiya mənbəyidir. Bir çox siyasətçilər, millət vəkilləri elə öz bəyanatlarını, çıxışlarını paylaşırlar.

Məsələn, yadınızdadırsa, Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycana gələndə bütün saytlardan öncə öz şəkillərini facebookda paylaşmışdı. Şəxsi maşınında gəlişi və s.

Bəziləri, sosial şəbəkələrə ancaq tanışlıq vasitəsi kimi baxır. Amma mənim üçün bura ancaq öz peşəm üçün lazımdır. Əgər jurnalist olmasaydım, çoxdan getməzdim. Həm də, xəbərlərin yayılması, oxunması üçün sosial şəbəkələrin rolu çox böyükdür.”


Publika.az saytının redaktoru Dilqəm Əhməd:


-Sosial şəbəkələr jurnalistlərin işini bir xeyli asanlaşdırıb. Bir tərəfdən yazılan xəbərin oxucu kütləsinə çatmasında önəmli rol oynayır, digər tərəfdən yazıların altında müzakirələrin aparılmasına imkan verir. Məsələn, adicə "Facebook" şərh sisteminin saytlara qoşulması nəticəsində hər xəbərin altında oxucular fikirlərini yaza bilir. Digər tərəfdən medianın genişlənməsi, sayının çoxalması nəticəsində bütün saytları izləmək imkansız olur. Lakin hər saytda və ya portalda olan maraqlı xəbərlər ya həmin saytın nümayəndələri, ya da oxucular tərəfindən kütləvi paylaşıldığı üçün tez bir zamanda yayıla bilir. Önəmli bir məsələ də var ki, artıq önəmli bir xəbər sosial şəbəkədə daha öncə peyda ola bilir. Və ya saytlardan daha öncə sosial şəbəkə vasitəsilə hadisə vətəndaşlara ötürülə bilir. Məsələn, mən bu gün dəyərli sənətkarımız Səyavuş Aslanın ölüm xəbərini istifadəçilərin statuslarından öyrəndim.

Publika.Az olaraq biz də çalışırıq ki, öz xəbərlərimiz sosial şəbəkələr vasitəsilə, xüsusən də "Facebook"da olan böyük səhifələrdə yayımlayaq, daha geniş auditoriyaya çıxa bilək. Bu artıq mütləqdir.

Qaynar.info xəbər saytından İlkin Pirəli:


-İnternet, artıq həyatın ayrılmaz bir hissəsinə çevrilib. Konkret olaraq sosial şəbəkələr, xüsusən də “Facebook” burada mühüm rol oynayır. “Facebook”da aktiv istifadəçilərdənəm. Burada daha çox informasiya əldə edirəm. Nəzərə alsaq ki, siyasətçilərin, ictimai sektorun nümayəndələrinin əksəriyyəti bu sosial şəbəkədən istifadə edirlər, o zaman həmin şəxslərin statusunu da xəbərə çevirmək mümkündür. Sosial şəbəkinin üstünlüklərindən biri də odur ki, burada müsahiblərlə görüşməyə və ya telefon əlaqəsi saxlamağa ehtiyac yoxdur, axtardığın şəxslər qarşında olur. Məsələn, burada ictimai sektorun nümayəndələri mənə müxtəlif informasiyalar ötürürlər. Amma bu, başqa vasitələrlə gec başa gələn bir şeydir. Monitorun qarşısından durmadan informasiyalar əldə edirsən. Həmçinin, yazılan informasiyaların qısa zaman ərzində yayılmasında da bu sosial şəbəkə mühüm rol oynayır. Ona görə də “Facebook”un əhəmiyyəti əvəzsizdir”

Savaş.info saytının baş redaktoru Zülfüqar Savaş:


-Hazırda yeni medianın-yəni xəbər portallarının qəzetləri və televiziyaları kölgədə qoyması faktdır. Xəbər portallarının işində isə facebook-un və digərin xidmətlərindən istifadə xəbər istehsalçılarına böyük faydalar gətirir. Eyni zamanda son zamanlar facebook statuslarının xəbərə çevrilməsi prosesinin də şahidiyik ki, bu da yeni xəbərçilik texnologiyasıdır
Bütün bu və digər amilləri nəzərə alaraq facebooku xəbərçilik sisteminin vacib elementi hesab edirəm

Lent.az saytından Anar Məcidzadə:


-Facebookdan təbiki bir jurnlist olaraq həm bu cür sorğuların keçirilməsində, həm də bəzi dövlət qurumları ilə əlaqələrin qurulmasında (yəni ki onlardan məlumatlrın alınmasında) istifadə edirəm. Eyni zamanda, hər hansıa bir yerdə hadisə baş verəndə bunu sosisil şəbəkə-facebook vasitəsi ilə xəbər tutmaq olur. Adıçəkilən sosial şəbəkə vasitəsi ilə jurnalist həmksrlarımızla da əlaqə qururam.

APA TV-nın əməkdaşı İlahə Vəliyeva:


“Artıq 7 il olar ki, jurnalistikadayam. Bu illər ərzində işimizdə çəkilişlərimizdə bir sıra problemlər yaranıb. Başlıca olaraq da, müsahibləri tapmaq onlarla danışmaq cox çətin idi. amma facebook istifadəcisi olduğum bu illər ərzində artıq bir sıra müsahiblər var kii telefona cavab vermedikdə, hətta iş yerində tapa bilmədikdə burda tapa bilirik. Mənim işimdə facebookun yeri böyükdü. Ən azından burda maraqlı mövzular, tanımadığım insanlar hansı ki, müxtəlif sahələrdə QHT-lərdə çalışırlar. Onlarla ünsiyyət qurmaq və yeni məlumatlar əldə etmək işimə xüsusi onəm verir. Cəmiyyətin inkişafına həm də məhvinə doğru yaradılmış bir şəbəkədi. Biz çalışıb inkişaf xəttini tuturuq.


Günəş FƏRHADLI


Teqlər:  





Xəbər lenti