“Kişi ölməyib hələ...” - jurnalistlər Siyavuş Aslan haqqında

“Kişi ölməyib hələ...”  - jurnalistlər Siyavuş Aslan haqqında
  27 İyun 2013    Oxunub:14742
Bu gün xalq artisti Siyavuş Aslan 77 yaşında onu sevənləri tərk etdi . O hamımızın yaddaşında xoş xatirələrlə qaldı. AzVision.az daima aktyorun səhhəti ilə maraqlanıb, onu gündəmdə saxlayan qələm əhlinin fikirlərini öyrənib.
“Gündəlik Teleqraf” qəzetinin müxbiri Hacı Zeynalov :

-Siyavuş Aslanın bütün obrazlarını bəyənirəm. Boş vaxtımda internetdə çəkdiyi film və tamaşaları tapıb tez -tez baxıram. “Hicran” tamaşası isə daha çox yadımda qalıb.

“Gün.az” saytının və "525-ci qəzet"-in parlament müxbiri Kamil Həmidov:

-Siyavuş Aslan Azərbaycan sənət dünyasının dahilərindən, korifeylərindəndir. Onun haqqında heç cür keçmiş zamanda danışmaq olmur. O, haqq dünyasına qovuşsa da, hər zaman ruhən bizimlədir.. Onun bütün rolları əsrarəngizdir. Hansınısa tərifləyib, digərlərini qeyd etməmək insafsızlıq olar. Onun istər Dadaşbala rolu, istər bazarkom Nadir, istər saqqal Ramiz, istər Qurban dayı kimi rolları əvəzedilməzdir, yüksək sənətkarlıq nümunəsidir. Ən çox istifadə etdiyim ifadələri isə bunlardır: “məni görən kimi vaz atıb qaçdı”, “elə bunun dərdindən subay qalmışam”, “mən yaşikimdə balıq saxlayıram” və sair.

“Yeni Musavat” qəzetinin əməkdaşı Aygün Muradxanlı:

-Allah rəhmət eləsin! Onun gedişi ilə Azərbaycan səhnəsi sonuncu mogikanlarından birini də itirdi. Onun yerini heç kim doldura bilməyəcək. Siyavuş Aslan hər rolunda obrazının daxilini çox böyük ustalıqla aça bilib. "Əhməd haradadır", "Ölülər", "Bəyin oğurlanması" filmləri, çoxsaylı teatr tamaşaları onun istedadı ilə tamaşaçı üçün daha baxımlı olub. Ancaq ən çox "Yol əhvalatı" filmindəki, bir də "Hicran" tamaşasındakı rollarını xatırlayıram.. "Kişi ölməyib, böyük oğlunun kiçik toyudu", "Hicran xanımın bir dənə qaşları var zaqafqazski jeleznı daroqadı", "Onu dimisən" kimi deyimlərini tez-tez işlədirəm. Allahdan bir daha ona rəhmət diləyirəm.

“Yeni Musavat” qəzetinin redaktoru Azər Ayxan:

-Siyavuş Aslan Azərbaycan kino və teatr sənətinin ən dəyərli və qüdrətli nümayəndələrindən idi. Siyavuş müəllim Azərbaycanın köhnə nəsİl sənətkarlarından ən sona qalan idi. Onun istər teatrda, istər televiziya tamaşalarında, istərsə də kinoda yaratdığı bütün obrazlar qiymətlidir və böyük tamaşaçı rəğbəti qazanıb.
Hətta gənc yaşlarında "Ulduz" filmində yaratdığı Şubay obrazı da üstündən az qala 60 il keçməsinə baxmayaraq hələ də sevilərək baxılır. Siyavuş Aslan o aktyorlardandır ki, onu hansısa roluna görə yox, yaratdığı bütün rollara görə sevirik.
"Yol əhvalatı"nda, "Evləri köndələn yar"da, "Hicran"da, "Bəyin oğurlanması"nda və s. yaratdığı obrazların dilindən səslənmiş deyimlər, sözlər üstündən 10 illər keçməsinə baxmayaraq hələ də dillər əzbəridir.
Azərbaycan böyük bir sənətkarını itirdi. 20-ci əsrdə Azərbaycanın teatr və kino sənətinə çox böyük töhfələr vermiş bir aktyorun yerini doldurmaq hələ uzun illər mümkün olmayacaq.

“APA” nın baş direktor müavini Cavid İsmayıl :

-Ən çox "Yol əhvalatı" filmini, "Evləri köndələn yar" və "Hicran" tamaşalarını xatırlayıram. Çox çay içən olduğum üçün "Hicran"da dediyi "Bö-bö-böyük stəkanınız yoxdur?" frazasını sevirəm. Onun ölümü ilə əfsanəvi üçlük (Nəsibə Zeynalova-Hacıbaba Bağırov-Səyavuş Aslan) qapandı. Bir ulduz da axdı. Allah rəhmət eləsin!

“Modern.az” saytının müxbiri Gültəkin Ələsgər:

-Belə dahi sənətkarların dünyadan köçməsinə inanmaq bir az çətin olur. Onların yoxluğunu vaxtilə çəkildikləri hamının yaddaşında silinməz iz buraxan filimləri unutdurur. Onun “Bəyin oğurlanması”, “Hicran tamaşası”, “Yol əhvalatı” filimlərində oynadığı rollar hamının yadındadır. Bu günün özündə də Siyavuş Aslanın həmin filimlərdə işlətdiyi ifadələr gənclərin dilinin əzbəridir. Məsələn, “ay yalansa fransuziski ilan vursun gözündən”, “sizi bura yığmaqda məqsədim odur ki, sizdən adam olmayıb olmayacaq da”, ”uşaqlar da deyir atamız işə gedib” kimi ifadələr onu daha ölməz edib.
Mənə elə gəlir ki, bəyi oğurlayaraq film çəkməyə razılıq alan, fransuziski qalstukuna yarlığı əllə tikilən, yolda başına min cür əhvalat gələn, müdirini hələ də evləndirə bilmədiyinin hicranını çəkən Siyavuş Aslan hamının yaddaşında əbədi olaraq teatr əsrinin Səyavuşu kimi qalacaq.

“3 nöqtə qəzeti”nin redaktoru Elməddin Muradlı:

O elə bir sənətkar idi ki, hələ illər keçsə də çox sözləri, çox filmləri xatırlanacaq. Mənim üçün ən çox yadda qalan film “Yol əhvalatı” filmindəki epizoddur. Orada Yaşar Nuriyə irad tutur ki, “ay oğul, əl çək bu cır cındırdan, naski, naskiderjatel, qalstuk,qalstukderjatel” və ya “bizim bu Makentoj mənə fransuzki qalstuk satıb, amma ne zibilskidi bilmirəm. Sonra “Yuxu” filmindəki polis rəisi rolu da cox ləzzət edib. Filmdəki obrazlardan biri olan “Məsmə” xalayla dialoqu yaxud həmin filmdə qızının nişanlısı ilə telefonla danışıb təəcublənməsi ki, “qızın yoxa çıxması Səddam Huseynin qulağına çatsa biabır olacağıq” və s.

Azadlıq radiosunun əməkdaşı Maarif Çingizoğlu:

-“Yol Əhvalatı”nda “Yoldaş Zeynalov” rolu çox xoşuma gəlir. Ona dönə -dönə baxıram. Onun orada dedikləri az qala el məsəlinə çevrilib: “K stati qalstuk demişkən yadıma qalstuk düşdü. Bu hərif mənə Fransızskiy qalstuk yerinə Ərəb qalstuku itələyib", "ay oğul evlənmək istəyirsən mən burda priçom, get ZAQS-a da" vəs . Allah Rəhmət eləsin. Onun yeri həmişə görünəcək

Jurnalist Lalə Yusifqizi:

-Azərbaycanın iri gövdəli incəsənət ağacından tökülən növbəti yarpaq tökümünə üzüldüm. Siyavuş Aslanın dünyasını dəyişməyinə insan ölümü kimi deyil, DƏYƏR İTKİSİ kimi yanaşıram. Onlar azaldıqca, mədəniyyət hər gün bir az daha tənəzzülə uğrayır. Yoxsa ki, ölüm haqdır. Və bunu yaşamaq hamının alın yazısıdır. Allah rəhmət eləsin və ölkəmizə layiqli əvəzini bağışlasın.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal :

-Səyavuş Aslan XX əsr Azərbaycan kinosuna və teatrına öz möhürünü vurmuş, şərəfli adını yazmış sənətkarlarımızdandır. Uşaqlığımızdan televiziyadan izlədiyimiz, adları gələndə gözlərimiz gülən qızıl dördlük vardı: Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Yaşar Nuriyev, Səyavuş Aslan. Bu gün həmin “dördlüyün” sağ qalan sonuncusunu da itirdik. Mən Səyavuş Aslanı daha çox “Hicran”, “Evləri köndələn yar” tamaşalarından, “Ulduz”, “Əhməd haradadır” filimlərindən xatırlayıram. Və bu film və tamaşalarda oynadığı rollar, işlətdiyi cümlələr tamaşaçıların dilində əzbərdir. Ən çox xatırladığım isə “Uçaskovının payından...” sözüdür. Allah rəhmət eləsin.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti