Prokurorlar and içdilər

Prokurorlar and içdilər
  21 Fevral 2013    Oxunub:1749
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edilib.
Bu gün Azərbaycan Respublikasının Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib. Azərbaycan Respublikası Baş Prokurorluğunun
Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşlar ilk növbədə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanına gələn gənc hüquqşünaslar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” memorialı önünə əklil qoyublar.

Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, prokurorluğun kadr tərkibinin formalaşdırılmasının yeganə düzgün yolu kimi beynəlxalq standartlara uyğun şəffaf prosedur qaydalar əsasında gənc mütəxəssislərin işə qəbul edilmələri memarı ümummilli liderimiz Heydər Əliyev olan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilən hərtərəfli məhkəmə-hüquq islahatları nəticəsində mümkün olub.

Qeyd edilib ki, prokurorluq orqanlarında işləmək arzusunu reallaşdırmaq üçün Baş Prokurorluğun Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə keçirdiyi qəbul prosesində iştirak edən gənc hüquqşünasların içərisindən ən layiqli 47 namizədin andiçmə mərasimi Azərbaycan Respublikasının müstəqil inkişaf tarixinin yeni yüksəliş mərhələsinə təsadüf edir.

Daha sonra, prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə əmr elan edilib, işə qəbul olunanlar Azərbaycan Respublikasının dövlət bayrağı önündə təntənəli surətdə and içmiş və onlara xidməti vəsiqələr təqdim edilib.

Baş prokuror Zakir Qaralov mərasimə yekun vuraraq prokurorluğa qulluğa qəbul olunan gəncləri təbrik edib, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarına əmin olduğunu bildirib.

Mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.




Teqlər:





Xəbər lenti