Niyə insanlar həm yaxşı, həm də pis olurlar? – ELMİ CAVAB

Niyə insanlar həm yaxşı, həm də pis olurlar? – ELMİ CAVAB
  24 Fevral 2016    Oxunub:26941
Bu, bəşəriyyətin əsas suallarından biridir. Filosoflar əsrlərdir ona cavab axtarırlar. Həmin cavab axtarışının üzərində yüzlərlə təlimlər, fəlsəfi məktəblər, dinlər yaradılıb.

Hazırda məsələyə iki əsas yanaşma var: elmi və dini.

Dini yanaşmaya görə, Şeytan (İblis, Satana – fərqi yoxdur, hər dində bunun öz anoloqu var) hansısa yolla insanların iradəsinə və verdikləri qərarlara təsir etmək imkanına malikdir. İnsan Şeytanın təlqini ilə qərar qəbul edəndə pis iş görür. Şeytana uymayıb, Allahın dediyi kimi davrananda isə yaxşı hərəkət edir.

Elmi yanaşma tamamilə fərqlidir.

Elmi izaha görə, insanların həm yaxşı, həm də pis işlər görməsinin səbəbi bizim keçdiyimiz təkamülün mexanizmlərinin `iş prinsipilə` bağlıdır. Belə ki, təkamülün əsas mexanizmlərindən olan təbii seçim prosesi iki səviyyədə gedir: fərdlər arasında və populyasiyalar arasında.

Təsəvvür edin ki, bir populyasiyanın daxilində həyat uğrunda mübarizə gedir. Təbii ki, “pislər” – ancaq öz marağını düşünənlər, başqalarını qurban verməyə hazır olanlar qalib gələcəklər. Başqa sözlə, eqoistlər. Biz “pis adam” deyəndə əslində elə eqoistləri nəzərdə tuturuq, çünki mənəvi kateqoriya olan “pislik” bütün hallarda eqoizmlə bağlıdır. Buna görə də, populyasiya daxili mübarizədə eqoistlərin sağ qalıb, öz “eqoist” genlərini gələcək nəsillərə ötürmək şansı daha çoxdur.

Amma digər tərəfdən, bir populyasiyanın daxilində eqoistlər çoxaldıqca, populyasiyanın özünün məhv olmaq riski artır. Populyasiyaların arasındakı mübarizədə o qruplar qalib gəlir ki, orda özünü fəda etməyə, öz marağını qrup marağına qurban verməyə hazır fərdlər olsun. Bu isə altruizmdir – “yaxşılıq” kimi qəbul edilən bütün hərəkətlərin əsasında məhz o durur: öz marağını başqalarına fəda etmək.

Bilirik ki, arı sancandan sonra ölür. Elə isə niyə sancır? Bu, özünü fəda etmək mexanizmidir – arı öz koloniyasının (pətəyin) mənafeyinə görə özünü qurban verir. Koloniya halında yaşayan canlıların əksəriyyətində bu mexanizm var. Həşəratlarda o, daha geniş yayılıb, instinkt şəklindədir; şüur səviyyəsi, fərdiyyət artdıqca özünü fəda etmək instinkti azalır.

Qayıdaq insana. Biz milyon illər boyunca sürən həyat uğrunda mübarizədən sağ çıxmış (seçilmiş) fərdlərin genini daşıyırıq. Təbii seçimdən sağ çıxıb, Təkamül edə bilmək üçün həmin fərdlərdə eyni zamanda iki keyfiyyət olmalı idi:
1) Populyasiya daxili mübarizədə qalib gəlmək üçün EQOİZM
2) Populyasiyalar arası mübarizədə qalib gələ bilmək üçün ALTRUİZM

Bu iki keyfiyyət bir-birini balanslaşdırmasa, fərd məhv olacaq və genini sonrakı nəslə ötürə bilməyəcəkdi. Ona görə də, bu gün bizim genlərimizdə həm eqoizm, həm də altruizm “proqramı yazılıb”. Məhz bu səbəbdən biz bəzən yaxşı (altruist) bəzən isə pis (eqoist) hərəkətlər edirik.

V.M.
AzVision.az


Teqlər:  





Xəbər lenti