Deputatlar DSMF-ni tənqid etdi

Deputatlar DSMF-ni tənqid etdi
  22 Fevral 2013    Oxunub:1674
Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanunun müzakirəsi zamanı millət vəkili Bəxtiyar Əliyev Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyətini kəskin tənqid edib.
O bildirib ki, Sosial Müdafiə Fondunda vətəndaşlar ciddi çətinliklərlə üzləşir: “Əmək pensiyası ilə bağlı məsələ meydana çıxanda DSMF əməkdaşları qanuna öz yozumlarını verirlər. İstəyəndə yeni qanunu, istəyəndə köhnə qanunu tətbiq edirlər. Bu məsələni araşdırmışıq. DSMF-də bu məsələlər vətəndaşların xeyrinə yox, qanunun aliliyinə yox, kimlərinsə istəyinə uyğun həyata keçirilir. Qanunlar yalnız vətəndaşların vəziyyətinin yaxşılaşmasına xidmət etməlidir. Bu məsələyə yenidən baxılmalıdır. Azərbaycan məhkəmələri süni surətdə bu tipli məsələlərlə əlaqədar şikayətlərlə yüklənilir. Belə çıxır ki, vətəndaşlar məqsədli şəkildə dövlətdən narazı salınır”.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli də bildirib ki, həqiqətən belə məsələlər ortaya çıxır: “Bəzən burada bürokratik əngəllər meydana gəlir. Əlbəttə, problemlər var, bunu etiraf etməliyəm. Amma fərdi qaydada məşğul olanda bu məsələləri aradan qaldırmaq olur”.

Qeyd edək ki, dəyişiklik "Əmək pensiyaları haqqında" qanunun "Sosial xidmət haqqında" qanuna uyğunlaşdırılması məqsədi daşıyır.
(apa)



Teqlər:  





Xəbər lenti