Leylək yuvası – HEKAYƏ

Leylək yuvası – HEKAYƏ
  19 İyul 2013    Oxunub:8516
Vəli Əkbər

(“Kəndimə qayıdarkən...” silsiləsindən)

Başını qaldırdı,əllərini gözünün üstünə qoyaraq lap uzağa, qara buludların qalxdığı, günəşin batmaqda olduğu sıra dağlara sarı dikəldi. Bir neçə dəqiqə sükutdan sonra sinəsinə ağır yük çökmüş kimi, bir az da hüzünlü səslə qayıtdı:
- Yoxdular. Yox, hamısı uçub gedib...


Hənifə nənəm xaraktercə nikbin adam idi. Əgər bu qədər bədbin danışırdısa, nəsə ciddi məsələydi. Ağlım bir şey kəsməsə də, çönüb o tərəfə, arxamda Çaxıl dağı üzü Alazana doğru baxdım. Günəşlə bizim aramızda yaşıllıqda boğulan kəndimiz dururdu. Quyruqlu qara buludu görəndə, elə bildim ki, yağışa işarə edir. Çünki hər dəfə yerləşdiyimiz vadinin tam qərb qurtaracağında qara quyruqlu buludun qalxdığını görən kimi, kənd camaatı əl-ayağa düşərdi. Hamı ot qoruqlarında biçilib qurumaqdakı otunun, tarladakı yetişməkdə olan dirrik-tərəvəzinin, ya da örüşdə qalan mal-qoyununun qayğısına bülənərdi. Əldən nə gələrsə, onu etməyə qoşardılar. Bu hadisə hər ilin yay aylarında bir-iki dəfə baş verərdi, bunda bu qədər hüzünlü nəyin olacağını ağlım almadı. Nənəmin üzünə sual doğru gözlərimi fırladanda, ikinci cümləsini tam gözümün içinə tutdurdu.

- Hələ beş-on il bundan qabaq az qala hər məhlədə, doqqazda bir hacı-leylək yuvası vardı. İndi bu boyda kənddə birinə tuş gəlməzsən.

İl 1978 idi, 10 yaşım vardı. Xatırlamağa çalışdım, yadıma düşdü ki, 5-6 yaşım olanda böyük qardaşım Rahimlə nənəmgilin bağçasında ildırım vurmuş qovağın üstündə bir leylək yuvası görmüşdük. Qovağın yarıyanmış heybətli görünüşü və onun tam haça hissəsində yuvasının içində uzunayaqlı iki ağappaq leyləyin əzəmətli duruşu bizi qorxutmuşdu da. Onlar bzim indiyə kimi tanıdığımız quşlardan qəribə idilər. Maraq nə qədər güc gəlsə də, yaxınlaşmağa cəsarət etməmişdik. Leyləklər isə mahir bir heykəltaraşın əl işi kimi dinməzcə dayanmışdılar. Ondan sonra kəndimizdə leyləyə rastladığım olmamışdı.

- Əvəllər halal-haram vardı, bala. Camaat bir-birinin xeyrinə-şərinə yarıyardı. Çəpər-divar yox idi, aclıq görmüşdük, bir tikə çörəyi paylaşmağı bilərdik. Çörək müqəddəs sayılırdı, öpüb göz üstünə qoyardılar. İndi bax, hamısınınkı dizinin üstündədir. Yalandan çörəyə, Allaha and içirlər, böyük-kiçik qalmayıb. Belə getməz, dünya dağılacaq!..

Səsindəki qətiyyət ağlımı bir az da qarışdırdı. Nənəmin leyləkdən başlayıb çörəkdə qurtaran qarma-qarışıq söhbəti məni əməllicə həyəcanlandırmışdı. Fikirləşdim ki, son günlər əmimgilnən bağlı baş verən xoşagəlməz olaylar yazıq arvadı sarsıdıb, ağlını itirib yəqin. Bir daha dayandı, kəndə sarı təftişedici nəzərlərlə baxaraq:

- Halallıq olmayan evdə-həyətdə leylək yuva qurmaz, mənim qaragöz balam. İndi hamı boğazından zəhər-zəqqutan ötürür. Adamlar bir-birinin ətini yeyir, yaxşı bizi yaman günə qoydular. Əlimizdə nə bir umurumuz var, nə də ünümüz bir yana çatır.

Birdən beynim işıqlandı. İçimdə bir həvəs məni dingildətməyə başladı: - Gedib bir leylək yuvası tapmaq. Nənəmin də kədərinə son qoymaq.

Əslində məni bu anda nənəmin kədərindən daha çox 5-6 yaşlarımda yaddaşımda ilişib qalmış o əzəmətli duruşlara bir daha tamaşa etmək maraqlandırırdı. Ürəyim uçunmağa başlamışdı. Evə nə vaxt çatdığımızı, nənəmin ondan sonra nə danışdığını hələ də xatırlamıram. Yadımda qalan qaş qaralmasına keçirdiyim təəsüf hissi və bütün gecəni yata bilməməyimdi.

Sübh tezdən anamın qoyunları örüşə aparmağa səsləməsinə heç bu qədər sevinməmişdim.

- Dur, ay Viriş, dur! Bu gün qoyunları otarmaq sənin növbəndi. Tez apar ki, isti düşənə qədər heyvanları doydurub evə qayıda biləsən.

- Gəldim, mama! - deyib bir gözqırpımında əynimi geyinib həyətə düşdüm. Barmaqlarımla gözlərimə su sürtüb, ağzıma da bir-iki loxma dürtüşdürüb qoyunlara sarı şığıdım.

- Türrşşş, dürrreyy, haydı getdik!

Əlim-ayağım yerə-göyə sığmırdı. Qoyunlara bir həng gəlmişdim ki, gəl görəsən. Qabağıma qatıb kənddən bir qədər uzaqlıqda yerləşən otlaq sahəsinə doğru hey qovurdum onları. Məqsədim, örüşə çatıb, qoyunları qonşunun oğlu Nərimana tapşırıb aradan çıxmaq idi. Axı, mən bu gün mütləq bir leylək yuvası tapıb, nənəmə bu şad xəbəri çatdırmalıydım. Əmin idim ki, tapacam, çünki kənddə hamı məni ayağı sayalı uşaq bilirdi. Özümü qəhrəman kimi təssəvür edirdim, nənəmin mənim muştuluğuma nə deyəcəyini indidən eşidirdim. Sırıxlısının yan cibindən bir “kakolu” qənfit çıxardaraq:

- Ay qobal, gənə də dinc oturmamısan, sənin axırından bir şey olacaq, in şa allah!

Örüşə çatar-çatmaz, məndən əvvəl gəldiyinə qürrələnməyinə macal tapmamış, ağlıma gələn ilk fikri Nərimanın qaşqasına tutdurdum.

- Qadam, qoyunları gətirəndə, qoçumuzun biri Əlöşgilin qoyunlarına qarışıb qobu tərəfə getdi. Sən bunlara da bax, mən gedim heç olmasa, evə xəbər verim, yoxsa Allah bilir, o itoğlu vurub buynuzunu - zadı sındıracaq.

Nəriman özü də Əlöşdən az çəkməmişdi. Ona görə, bir az duruxan kimi oldu. Amma heç düşünməyə macal vermədim.

- Qadam, mən ölüm, muğayat ol. – deyib götürüldüm.

Arxamca Nərimanın “tez gəl ha” donqultusunu da heç vecimə almadım. Bütün fikrim kəndin hansı tərəfindən girib, hansı tərəfində qurtarmaq idi. Məktəbimizin yanında dayanıb, onun bağına doğru boylandım. Ordakı bütün ağaclar tut gəri idi. Gərlərin hamısını yayda oğlan uşaqlarının başlarını dıbız qırxan kimi dıbızlayıb ipək qurdlarının dar boğazından keçirmişdilər. Bir-iki cır alıbalı ağacı vardı, onları da biz qoyun otaran uşaqlar vəhşicəsinə budamışdıq. Dayanmalı bir şey yox idi, Molla Cumanın kol-kos başmış qəbrinin yanından quş kimi sığayaraq dabanqırdı Ququşlar məhləsinə baş vurdum. Əslində bu məhlə bizim olduğundan burda tanımadığm bağ-ağac yox idi.

Həm də anamgilin məni görməyindən ehtiyatlanaraq aşağı məhlənin bağlarından, həyətlərindən başladım. Ürəyim elə çırpınırdı ki, kitab vərəqləri arasında gizlədiyim nəsə intim bir şeyi axtaran kimi ağac-ağac varaqlayırdım kəndimizin bağ-bağçasını. Rastıma çıxan kənd adamlarına ilişməmək üçün ya qabaqcadan sürət götürüb yanlarından yel kimi keçir, ya da suallarına dodağımın altında özümün də başa düşə bilmədiyim tərzdə nəsə mızıldanıb əldən qoyurdum. Beləcə gəlib Zilfaylar, sonra Douduşağı məhlələrini dolaşıb bitirdim.

Kəndimiz o illərdə 60-70 evdən ibarət olardı. Yavaş-yavaş qəhrəmanlıq duyğularımı məyyusluq əvəz eliyirdi. Həm də qarşımda kəndin ən davakar uşaqlarının yaşadığı Cabbaruşağı məhləsi dururdu. Bu məhlənin uşaqları məktəbdə ən zəif oxuyan, həm də dəcəlləri sayılırdı. Fikirləşdim ki, ora heç girməyə dəyməz. Nə isə mənə həmişə elə gəlirdi ki, kəndimizə bütün pisliklər bu məhlədən yayılır. Qorxuma bir az da haqq qazandıraraq düşündüm ki, belə yerdə leylək yuvası nə gəzir. Nənəm demişdi axı... Bir yandan da balaca kişi vicdanı məni ədalətli olmağa çağırırdı. Axı orda mənim sinif yoldaşım Şəfiqə də yaşayır. Şəfiqə sadə, istiqanlı, gülərüz, həm də əlaçı uşaqlardan biriydi. Mən sinifkom, o isə sinfimizin təmizkomu idi. Xəyalıma Şəfiqənin gülən gözləri və şirin səsi gəldi, düşüncələrimdən utanan kimi oldum. Fikirlərimdən ayılanda Cabbaruşağının tam ortasındaydım. Kəndin ən cırı uşaqlarından olan Rafilgilin həyətin tuşuna çatanda çəpərdən pələng kimi sıçrayan Bozdar əhədimi kəsdi. Molla Cumanın ev muzeyi adlanan kənd kitabxanasının qapısına dırmaşmaq istəyirdim ki, Həbillah kişi özünü yetirdi. Bozdara bir səlbə tolazladı ki, it gəldiyi kimi də qeyb oldu.

- Ay bala, sən qaşqınoğlunun tifili döyülsənmi, nə işin var buralarda?

Nəfəsim kəsilə-kəsilə daha bir yalan uydurmalıydım, gəldi:

- Nəəəbiidə kitabııım var, onu alacaqdım!...
- O boyda poşt yolunu qoyub, niyə bu qan-xata yernən gəlirsən, ay fırıllaq?

Fırıldaq sözü heç xoşuma gəlmədi. Mənə elə gəldi ki, kişi nə qarışdırdığımı anlıyan kimidir. Ya da ki, tətil günləri olduğundan eşq- qız, filan işarəsi vardı sözlərində. Amma çox danışıb özümü ələ verməkdən qorxdum. İrişib babat yola verdim.

Həbillah kişi məni yoldan Alışlar məhləsinə doğru ötürüb çomağına dirsəklənib arxamca bir xeyli baxdı. Amma bu mənim işimə yaramırdı. 50-60 addım aralanıb əl yellədim ki, get, daha arxayınam. O, çiyninə atdığı qədeh pencəyini düzəldərək geri döndü. İndi mən durub onun arxasınca bir xeyli baxdım ki, getdiyini yəqin edim. Həbillah kişinin 80-85 yaşı olardı. Kəndin yazıq- fağır adamlarından biri kimi tanınırdı. Kiminsə toyuğuna kiş eliyənlərdən deyildi. Hələ deyəsən, nənəmin uzaq qohumlarından da biriydi. Amma onun da evi Cabbaruşağında, özü də tən ortasındaydı. Onun illərin əldən saldığı yerişinə baxa-baxa içimdə kiçik fəlsəfələr quraşdırırdım. Düşünürdüm bu kişi o qədər fağırdı ki, bu məhləyə düşməsinə etiraz eliyə bilməyib yəqin, ya da Allah onu bu məhləyə nümunə olsun deyə göndərib. Lap məktəbdəki nümunəvi şagirdlər kimi...

Amma onun da həyətində leylək yuvası yox idi!!!. Gənə ağlım qarışdı...

Nə vaxt Alışları keçib Həcəruşağınnda Nəbigilin qapısına çatdığımı bilmədim. Qapıdan Nəbini səslədim. İçəridən onun sevincək səsini eşitdim. Səsimi tanımışdı.

- Hoyyy, gəldim!

Üstümə doğru gələrək: - gəl içəri, it-zad yoxdu, qorxma- dedi.

- Gəl ey, işim var.

Burdan o tərəfə Nəbini də özümə qoşmaq istəyirdim. Həcəruşağı kəndimizin son məhləsi olsa da, burdan aşağı kənd camaatının çoxlu əkin-biçin, bağ-qoruq yerləri vardı. Həm də kəndin altı fızıllıq, bir də bataqllıq hissələrdən ibarət idi. Amma Nəbiyə nə deyəcəkdim?

- Niyə gəlmirsən, nə işin var?
- Tez getməliyik, camışlarımız evdən qaçıb, sizn tərəflərdə görən olub. İsti düşüncə, onlar özünü meyələ verincə sizin məhlənin bağ-bağçasına baxmaq lazımdı. Mən də buraları yaxşı tanımıram.
- Siz mallarınızı sığıra sürmürsünüz ki?

Sualdan tutuldum. Elə kəkəliyirdim ki:

- Gözlə, gedim potuxlarımı geyim gəlim- deyib fışdırığı qızışdırıb evlərinə cumdu. Bir dəqiqə keçməmiş yanımdaydı. Heç kim görməmiş onu da yanıma alıb sivişdim.

İlk olaraq əmisi Mustafa kişigilin fındıqlığından başladıq. Nəbi hey nəsə doğruyub tokürdü, mənimsə gözüm ağacların başındaydı. Birdən Nəbini ikinci dəfə təkrarladığı sözə duruxdum:

- Deyəsən, sizin camışlarınız ağacın üstündə yatır!

İkimizi də gülmək tutdu. Mən zarafata salıb onun başına bir çırtma çaldım. Sonra igəşə-igəşə digər bağları gəzdik, həyətlərə boylandıq. O, mal tövlələrini gözdən keçirərkən, mən gizli-gizli həytələrdəki ağaclara baxırdım. Nəbini yenə gülmək tutdu. Mənimsə gülməyə halım nə gəzirdi... Bu da sonuncu bağ...

Bu kəndin sonundakı sonuncu ağac... Az qala ağlamaq istəyirdim, səbəbini hələ də tam ayırd edə bilmirəm. Qəhrəman olmaq istəyimin puç olmasıydımı, nənəmin mükafatından məhrum olacağım idimi, yoxsa bu boyda kənddə bir leylək yuvasını tapa bilməməyim məni məyus etmişdi. Kəndin tam qurtaracağına çatıb bataqlığın qırağındakı təpədə yan-yana oturduq. Gün- günorta olmuşdu. Nəbi üzümdəki kədəri hiss edib zarafatını davam etdirmək istədi. Mənimsə bayaq itdən necə qorxduğum, qoyunları Nərimanın artıq evə apardığı yadıma düşüb qanım bir az da it qanına döndü. 5-6 saat idi ki, kəndi əldən- dildən salmışdım. Hələ evdə nə deyəcəkdim. Atam yəqin yenə, susaraq mənə baxacaq, əslində bu sözsüz baxışlarında ən ağır ifadə vardı: - Yox, səndən düz-əməlli adam olmayacaq! Anamasa - a bala, hardasan, acından ölmədinmi- deyib, qulağımın dibindən birisini şappıldadaraq sanki, sağ-salamat olmağımı dəqiqləşdirəcəkdi. Bu fikrlərdə ikən, başımı qaldırıb bataqlıqdan 200-300 metr cənuba doğru boş sahədə tənha qovaq ağacına baxdım.

- Tapdımmm! Tapdımmm! – deyib atılıb düşməyə başladım. Qovaq ağacının üstündəki yuvada iki ağappaq leylək heykəl kimi dayanıb bizə, kəndə sarı baxırdılar.

- Nəyi tapdın, ə? Camışlarııı???

Elə o andaca da sevincim qeyb oldu. Nəbinin sualı havadan asılı qaldı. Uzun müddət dinmədim.
Bir də başımı qaldırıb leyləklərə sarı günahkarcasına boylandım. Onlar kəndimizdən nə az, nə çox, düz 1000-1500 metrə aralıda özlərinə məskən salmışdılar...
Qərb tərəfdən, üfüqün kəsişdiyi yerdən isə yenə qara buludlar kəndimizə doğru sürünürdü.

19 iyul 2013-cü il. Atam İbrahimin 75 illik yubleyinə ittihaf edirəm.


Teqlər:





Xəbər lenti