“Bəzi həkimlərə qarşı üsyanım var” - MÜSAHİBƏ

“Bəzi həkimlərə qarşı üsyanım var” - MÜSAHİBƏ
  01 Avqust 2013    Oxunub:2536
“Azvision.az”-ın budəfəki qonağı həkim, eyni zamanda ATV-nin “Çox yaşa” proqramının aparıcısı Vasif İsmayıldır.
- Efirə gəlməyi nə zaman planlaşdırdınız?

- Xəyalını qursam da, efirə gəlmək üçün konkret plan və ya hərəkət yox idi. Mənə etimad bəsləyən, o vaxta qədər tanımadığım insanların istəyini qəbul etdim.

- Bəs həkim olmağa nə zaman qərar verdiniz?

- Altı yaşımda həkim olmağa, 2-3 il sonra konkret cərrah olmağa qərar verdim. Nədən qaynaqlandığını bilmirəm. Ancaq Amosovun kitabının bu fikrin formalaşmasında rolu olduğunu düşünürəm. İllər ərzində fikrimdə dəyişikliklər olsa da, həyat gedişatı həkimlik istəyimi gücləndirdi.

- Həyat gedişatı həkimlik istəyimi gücləndirdi dediniz. Nəsə baş vermişdi?

- Xüsusi bir şey deyil. Təcrübəm artdıqca çox sevdiyim azadlığımı bu peşədə tapacağıma inancım artdı.

- Cərahiyyənin hansı istiqaməti üzrə ixtisaslaşmısınız?

- Urologiya sahəsi üzrə.

- Keçək bəzi məsələlərlə bağlı bir peşəkar kimi fikirlərinizə. Efirlərdə həkimlərin, tibbi mərkəzlərin bu qədər reklam olunması sizi narahat etmir ki?

- Reklamın özü deyil, total savadsızlıq narahat edir məni. Amma günahı özümüzdə, həkim cəmiyyətində görürəm. Açığı yalanı görüb, susuruq. Bəzən özümdən utanıram.

- Hazırda efirdə tibbi proqramlar çoxdur, sizin proqram nə ilə fərqlənir?

- Səmimiyyət və zəhmət. Səmimi olaraq insanlara doğru məlumatı onların anlayacağı şəkildə çatdırırıq. Mənim hələ çox şey xoşuma gəlmir proqramımızda. Ancaq səmimi olaraq işləyirik üzərimizdə. İnsanlarımıza doğrunu təqdim etdikdə, onlar da bunu qiymətləndirirlər. Bizə verilən reytinq, yəni insanlarımızın marağı bizi həvəsləndirir. Bütün insanlarımıza buna görə təşəkkür edirəm.

- Bir vaxtlar insanlar arasında belə bir fikir var idi ki, “Çox yaşa” proqramı “Kanal D”də yayımlanan “Doktorum” proqramının təkrarıdır. Buna münasibətiniz?

- Bir çox proqramla formatımız uyğun gələ bilər. Bu, şəxsən məni narahat etmir. Proqramın fikri aktualdır, bu aktuallıq da yaxınlığı gətirir. Problemlərə yanaşmada Amerikanı kəşf etməyə çalışmaq və orijinallıqla öyünmək lazım deyil. Biz diqqətimizi işimizdə yoğunlaşdırırıq.

- Uroloqsunuz. Son illər hansı böyrək xəstəlikləri ilə bağlı müraciətlər daha çox artıb?

- Həmişəki kimi böyrək daşları, prostat və sonsuzluq.

- Həkim kimi necə düşünürsünüz, dədə-babalarımız niyə bizdən daha sağlam idi?

- Mən elə düşünmürəm. Onlar hərəkətli və azla yetinməyi bacaran, nisbətən xoşbəxt idilər. Biz indi hər şeyi istəyirik, hərəkətsizik və öz "əməyimizin" nəticəsini görmədiyimiz üçün ruh düşkünlüyü var. Məşhur kəlamı tərsdən oxuyuram: sağlam ruh, sağlam bədəndə olur. Ruh yüksəkliyi və nə istədiyini bilib, konkret olmaq saglamlığın şərtlərindəndir.

- Niyə insanlar daha çox xaricdə təhsil almış həkimlərə inanırlar?

- Yerli təhsildə rüşvət və məsuliyyətsiliyin nəticəsidir. Əslində, Azərbaycan xalqı ümumiyyətlə özünə və özündən olana inanmır. Uzun illər danışdığımız yalanın nəticəsidir.

- İnsanlar kütləvi surətdə müalicə üçün qonşu dövlətlərə, xüsusilə də İrana üz tuturlar. Ən müasir texnologiyaları, aparatları ölkəyə gətirən tibb ocaqlarımız vətəndaşımızı niyə, məsələn, İran qədər özünə inandıra bilmir?

- Aparatlar və insanlar hər şeyi həll etmir. Dövlət səhiyyəyə çox zəhmət qoyub: həm kadr, həm də təchizat məsələsində. Ancaq insanpərvərliyimiz azdır. Bunu insan hiss edir. İrana gedənlər daha çoxdur. Səbəbi isə İranda nisbi ucuzluq və köhnə SSSR bənzəri yanaşma olmasıdır.

- Bəs sizə elə gəlmirmi ki, xüsusilə özəl tibb mərkəzlərində tibbi xidmətlərin və eyni zamanda, ümumiyyətlə dərman preparatlarının qiymətləri əhalinin cibinə uyğun deyil?

- Əhali homogen deyil. Çoxunun cibinə uyğundur. Çünki, Azərbaycanda qiymətlər ucuzdur, ancaq səhiyyə yükü özü insanlarımız üçün ağırdır. Bu gün bizdəki filan prosedur filan qədərdir və bu, dünya standartlarının altında rəqəmdir. Ancaq əhalinin gəlirləri standart deyil. Özəl sığorta inkişaf etdirilməlidir. Səhiyyə mərkəzləri qiymətdə acgöz deyil, insanlarımız kasıbdır və ya bu sərfi çəkmək istəmir. Dərmanlar isə, bəli, bahalıdır. Eyni zamanda saxta dərman çoxdur. Qida əlavələri dərman deyə satılır. Bu çətinliyi biz həkimlər də yaşayırıq.

- Dərmanlar bahadır dediniz, hazırda əhalini narahat edən daha bir məqam var ki, bu da firma dərmanlardır. Həkimləri bu firmalardan faiz alıb, bahalı dərmanlar yazmaqda ittiham edirlər. Bir həkim kimi buna münasibətiniz nədir?

- Bütün dərmanlar firma dərmanlarıdır. Əhalini narahat etməsi gərəkən bioloji aktiv maddələrin və ya digər adı ilə qida əlavələrinin dərman kimi insanlarımıza sırınmasıdır. Bunların digər molekullardan fərqi Səhiyyə nazirliyinin ekspertizasından yan keçə bilmələridir. Tərkibi müxtəlif "təbii" maddələrin ekstraktı deyə göstərilən bu maddələr xarici ölkələrdə çox vaxt kənd təsərrüfatı məhsulu kimi qəbul edilir. Bizdə isə camaat kimyəvi dərmandan qaçacaq deyə çox vaxt əslində dünyada "alternativ" olaraq adlandırılan müalicələrdən keçir. Burada bir yanıltma var. Bu yanaşmanı qəbul etmirəm.

- Yəni bu söhbətlərin real olmadığını deyirsiniz?

- Firmalardan "geri ödəmələr" haqqında onu deyə bilərəm ki, bütün dünyada farmasevtik firmaların innovasiya büdcəsi var. Buradan tibbi qrupların müəyyən ehtiyacları ödənir. Bunu qanunvericiliklə etmək mümkün olsa da, məncə, Azərbaycanda bu problemin həlli vicdan məsələsidir. Bizlər həkimlərimizlə daha yaxından əməkdaşlıq edib, onun qərarlarını sorğulaya bilməliyik. Əlbəttə, hər kəs bunu etməyəcək, amma sorğulaya-sorğulaya bir yerə çata bilərik. Qısaca, bizdə deyərdim, bütün sahələrdə etika normaları aşağıdır, elə bizim sahədə də. Etiraf edək ki, dediyiniz reallıqdır. Xəstələrə "təbii" adı ilə içində nə olduğu bilinməyən ekstraktların sırınmasını qəbul etmirəm. Bu yanaşmaya üsyan edirəm.

- Bəs sizcə, cəmiyyətdə həkimlərə, tibb isçilərinə qarşı inamsızlıq, bəzən isə aqressiya nədən qaynaqlanır?

- Əslində, aqressiya yoxdur, inamsızlıq var. Bizim insanlar cəmiyyətin bütün köşə-bucağında saxtakarlığın olduğunu görür və təbii ki, eyni problemi tibbdə də gözləyir. Haqlıdırlar da. Ancaq bu vəziyyəti yaradan da elə cəmiyyətdir, yəni biz. Təhsildə rüşvət olduğu müddətcə biz ədalətli və özü-özü ilə barışıq içində olan cəmiyyət yarada bilməyəcəyik.

- Yəni tibb təhsilindən narazısınız...

- Əslində, Azərbaycanda tibb təhsili verən universitet təhsil ocaqları içində ən yaxşı vəziyyətdə olanıdır. Bir il oxumuşam, artıq "qədimdən" sayılsa da orada müəyyən təəsüratlarım var. Mən cəmiyyətin təhsilə yanaşmasını yanlış qəbul edirəm. Övladının imtahanlarını "yola vermək" üçün cəmiyyətin fərdlərinin "xərcə düşməsini" mən cinayət adlandırardım. Hər şey buradan başlayır. Fərdlərin günahı ümumi problemə çevrilir. ATU-da isə əslində çox maraqlı və həvəsli insanlar var.

- Yaxşı cərrah olmağın düsturu nədir?

- Sevmək və çalışmaq.

- Son olaraq əlavə etmək istədiyiniz nələr var? Həkim kimi nə məsləhət görərdiniz oxucularımıza?

- Həkim kimi çox hərəkət etməyi, çox su içməyi, təbiətlə barışıq yaşamağı tövsiyə edərdim. Qorxu insana yaxşı yoldaş deyil, qorxudan qurtulub müasir elmin gətirdiyi nailiyətlərə inanıb həyatı dolu-dolu yaşamağı uyğun bilirəm.

Səbinə Məmmədova
AzVision.az üçün


Teqlər:  





Xəbər lenti