“Dünyəvilik prinsipi” nə deməkdir?

“Dünyəvilik prinsipi” nə deməkdir?
  05 Avqust 2013    Oxunub:15614
"Bizim dövlətimiz dünyəvi dövlətdir, ancaq biz dindən ayrı deyilik"
Heydər Əliyev

Konstitusiyada ifadə edildiyi kimi, Azərbaycan Respublikası dünyəvi dövlətdir. Dövlətin bu xarakteristikası özündə onu ehtiva edir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, başqa sözlə, bir-birlərinin işlərinə qarışmırlar.
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən, Azərbaycan dünyəvi dövlətdir. Bu, özünü aşağıdakı amillərdə göstərir:

- Rəsmi, qanuniləşdirilmiş dinin mövcud olmaması
- Heç bir din məcburi müəyyən edilə bilməz.
- Dinin dövlətdən ayrılması.
- Bütün dini etiqadların qanun qarşısında bərabərliyi.

Bu müddəalar Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsində təsbit olunub.

Hər kəs dinə münasibətini müstəqil müəyyənləşdirir. Dünyəvilik prinsipi bir çox hallarda yanlış başa düşülüb və səhv tətbiq olunub. Buna görə də bu prinsipi və nəticələrini ətraflı araşdırmaq faydalı olar.

Qeyd etmək lazımdır ki, dünyəvilik prinsipinin əsas məqsədi əslində vicdan azadlığını təmin etməkdir. Dünyəvilik prinsipi dövlətimizin vətəndaşlarını bir dini mənimsəmə, bu dinin tələblərini yerinə yetirmə və ya yetirməmə məsələsində öz vicdanları ilə baş-başa buraxır və onlara azad seçim imkanı verir. Dövlət müəyyən bir dinə və ya məzhəbə üstünlük vermədiyi üçün hər kəs sahib olduğu inanca görə yaşamaq imkanı əldə edir.

Diqqət yetirilsə, əslində dövlətimizin sahib olduğu bu dünyəvilik modeli İslam dininə çox uyğundur. Çünki İslam dini azad iradəni əsas şərt olaraq müəyyən edir. Bir insanın İslamı din olaraq mənimsəməsi tamamilə öz azad iradəsi ilə olmalıdır. İslamı qəbul etdikdən sonra da Quranda əmr edilən ibadətləri yerinə yetirməsi və ya qadağalardan (cinayət hesab olunan əməlləri törətmirsə) çəkinməsi tamamilə öz vicdanı ilə olmalıdır.

Əlbəttə, müsəlmanlar bir-birlərini Quranda izah edilən əxlaqi xüsusiyyətlərin tətbiq olunması üçün xəbərdar və təşviq edə bilərlər. Amma əsla bu mövzuda məcburetmə ola bilməz. Yaxud da dünyəvi imtiyaz verilməklə şəxs dinin tələblərinə əməl etməyə yönləndirilə bilməz.

Bunun səbəbi məcburi və ya mənfəət qarşılığında qəbul edilən dini inancın, yaxud ibadətin İslama görə heç bir dəyərinin olmamasıdır. Çünki inanc və ibadət yalnız Allah üçün olduğunda dəyərlidir. Əgər dövlət insanları inanca və ya ibadətə məcbur etsə, bu vəziyyətdə insanlar dövlətdən qorxduqları üçün dindar olarlar. Din baxımından məqbul olan isə vicdanların tamamilə sərbəst olduğu bir mühitdə dinin yaşanmasıdır.

Bunun əksi olan bir dövlət modelindən bəhs edək. Məsələn, insanların məcburi olaraq müsəlman və ya xristian edildiyi bir ölkə təsəvvür edək. Bundan başqa, bu dinlərə mənsub insanların həmin dinlərin qaydalarına uyğun yaşamalarına məcbur edildiklərini fərz edək. Məsələn, qeyd edilən dövlət modeli cəmiyyətdəki insanları namaz qılmaq və ya kilsəyə getmək üçün xüsusi polis gücü ilə məcbur etsin. Yaxud da bir az daha "mülayim" üsuldan istifadə edib namaz qılanlara və ya kilsəyə gedənlərə xüsusi dövlət hədiyyəsi versin. Belə bir dövlət dünyəviliyə tamamilə zidd dövlət olar. Bundan başqa bir o qədər də dinə zidd dövlət olar.

Buna görədir ki, dövlətimizin sahib olduğu dünyəvilik prinsipi həm vicdan azadlığı kimi əsas insani dəyərə xidmət edir, həm də bu dəyərə böyük əhəmiyyət verən İslam dini ilə uyğunlaşır. Bu səbəbdən dünyəvilik prinsipini hər bir Azərbaycan vətəndaşı mənimsəməli və müdafiə etməlidir.

Zaur Rzayev
AzVision.az üçün


Teqlər:





Xəbər lenti