`Vaxt var idi, 2 min manata tar satırdım, indi isə…` - Müsahibə

`Vaxt var idi, 2 min manata tar satırdım, indi isə…` - Müsahibə
  24 Oktyabr 2016    Oxunub:22696
Rəşid Məmmədov ustadır. Əslən Naxçıvandan olan Rəşid usta musiqi alətlərinin təmiri ilə məşğul olur. Özünün dediyi kimi, onu “manıslar” daha yaxşı tanıyır, nəinki adi insanlar…

Rəşid usta ilə “Kubinka”da yerləşən emalatxanasında görüşüb, həmsöhbət olduq.



Etiraf edək ki, o, şou-biznes nümayəndəsi olmasa da, onlar kimi kaprizlidir. Dəfələrlə müsahibə üçün zəng edəndə müxtəlif bəhanələrlə “yox” deyən Rəşid ustanın axır ki, “saqqızını” oğurlayıb, müsahibəyə razı sala bildik.

Bu kiçik, tozlu-torpaqlı emalatxanada Rəşid usta tar, kamança, saz, çoğur kimi muqisi alətlərini düzəldir.

- Yaşım 55-i keçib. Üzdən o qədər də qoca görünmürəm. İllərimi bu sənətə həsr etmişəm. Əvvəl başqa işlə məşğul idim. Otaqda gördüyünüz maketləri düzəldirdim. 30 il o sənətlə məşğul olmuşam. 1990-cı ildən sonra musiqi alətlərini düzəltməyi öyrəndim. O vaxta qədər Bakı Dövlət Layihə İnstitunda memarlalarla birgə işləmişəm. Memar Kazım müəllim var idi, o mənə sənətin sirlərini öyrədirdi, şəhərin 80 fazinin makaetini mən düzəltmişəm.




-Bəs tar, kamança və digər musiqi alətlərini düzəltməyi kimdən öyrənmisiniz?

- Əjdər usta var, indi bu işlə məşğul deyil. Onunla bir yerdə işləyirdik. Bu sənətdə ondan çox şey öyrənmişəm.

-Rəşid usta Bakılısınız?

- Ləhçəmdən bilmədiniz mən haradanam?

- Tuta bilmədim.

- Əslən Ordubaddanam. 1965-ci ildən Bakıda yaşayıram.



-Al təhsiliniz var?

-Xeyr. Bisavadam.

-Ağlınıza gələrdimi, nə vaxtsa tar ustası olarsınız?

-Ağlıma gəlsəydi, tar çalmağı öyrənərdim. 40 ildir tar çala bilmirəm.



-Tarda ifa etməyi bacarmırsınız?

-Xeyr. Belə bir məsəl var: “qırxında öyrənən gorunda çalar”. Tar çalmağı çox istəyirəm. İndi də cəhd edirəm, amma yaddaşım buna imkan vermir.

-Rəşid usta neçə övladınız var?

-İki qızım var, bir oğlum. Biri ailəlidir, ikisi subay. Qızlarım müəllimə, oğlum tarzəndir. Oğlumun 35 yaşı var. Nəvələrim balacadır.



-Bir tarı neçə günə düzəldirsiniz?

-Yaxşı tar düzəltmək üçün ay yox , illər lazımdır. Bunun üçün ağacı yaxşıca qurutmalısan. Bunun üçün vaxt lazımdır. Mən 15 ilin ağacı var. Alan olsa, yaxşı qiymətə sataram.

-Tar düzəltmək üçün hansı ağaclardan istifadə edirsiniz?

-Dəmirağacı, palıd, göyüş ağacından tar düzəltmək olmaz. Onların çəkisi ağır olur. Şam ağacı da tara yaramır, yumuşaqdır, tez sınır. Tar üçün tut ağacı yaxşıdır. Tut ağacını kəsib doğrayırıq, tarın çanağını isə yarımfabrikat hazırlayırıq. İndi material tapmaq asan iş deyil. Kiminsə ağacı qırılanda, xahiş edirəm ki, mənə versinlər. Razı olmasalar, pul verirəm. İndi tar alan da yoxdur. Müştərilərimiz təmir üçün bizə müraciət edirlər.

- Tələbəniz var?

- Əvvəllər olub. İndi iş yoxdur deyə tələbə götürə bilmirəm. Ən azından kimisə öyrədirsənsə, ona 3-5 manat pul verməlisən.

-Deyirsiniz ki, material tapmaqda çətinlik çəkirsiniz. Tarda istifadə edilən inək ürəyinin dərisini hardan alırsınız?

- Əvvəlllər kombinat var idi, gətirib bizə satırdılar. İndi inək kəsənlərə yalvarırıq.



-Tarda istifadə edilən simləri necə əldə edirsiniz?

- Bu işlə məşğul olan adamlar var. Neçə ildir onlarla işləyirəm. Lazım olanda sifariş verirəm gətirirlər. Simlər Rusiyadan gətirilir. Azərbaycanda adi bir kök simini dolayan aparat yoxdur.

-Rəşid usta, normal tarı neçəyə düzəldirsiniz?

-Hər qiymətə tar var. Qiymət müştərinin istəyindən aslı olaraq dəyişir. Ən ucuz tar 150 manatadır. Bundan aşağı qiymətə tar tapa bilmərsiniz. Bizdə 2 min, 3 min manatada tar olub.

-Müsahibəyə başlayandan müştəri qıtlığından şikayətlənirsiniz. Bəs, az gəlirsə, necə dolanırsınız?

- Ayda 200 manata yaxın təqaüd alıram. Bunun da 90 manatını dərmana verirəm. Yerdə qalır 100 manat. Bunu da çörək almağa saxlayıram. Adam kasıb olsa da, bunu kiməsə bildirməz.



- Həyat yoldaşınız şikayətlənmir ki, bu nə işdi?

- Arvad mənim işimə qarışa bilməz. Otursun evdə çörəyini yesin, bozbaşını bişirsin.

- Emalatxanada dahi sənətkarların, musiqiçilərin şəkillərini asmısınız.

- Bu onlara sevgimdən irəli gəlir. Bu şəkilləri başqa yerdə görə bilmərsiniz. Məcid adlı tar həvəskarı var, şəkilləri o düzəldib.



Vasif Məmmədəliyevin qardaşı tarzən Vamiq Məmmədəliyev, Elxan Mansurov tez-tez bizim emalatxanaya gəlir.

-Burada tardan, kamaçadan, sazdan əlavə çoğur aləti də gördüm. Bu alətə maraq varmı?

-Azərbaycanda çoğur təkcə Məcnun Kərimov bəd rəhbəri olduğu “Qədim musiqi alətləri” dövlət ansamblında olub. Həmin aləti mən hazırlamışam.



90-cı ilə qədər ermənilər Bakıda bu sənətlə məşğul olurdular. O vaxt institutda çalışırdım. Aləti düzəldib, ermənilərə satırdım. Onlar da ucuz alıb, baha satırdılar. Ermənilər o qədər paxıl idilər ki, yanlarına azərbaycanlıları buraxmazdılar. İstəmirdilər ki, biz sənət öyrənək.



Şahanə Rəhimli
Foto: Elvin Abdullayev

AzVision.az


Teqlər:  





Xəbər lenti