Filmlərimiz Hindistanda nümayiş olunacaq

Filmlərimiz Hindistanda nümayiş olunacaq
  13 Dekabr 2016    Oxunub:2004
Hindistanın 5-ci Delhi Beynəlxalq Film Festivalının müsabiqə proqramında “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Dərs” və “Onun atası” bədii filmlərinin nümayişi baş tutub.
Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, festival 3-9 dekabr tarixlərində Yeni Delhi şəhərində keçirilib.

Filmlər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.

“Dərs” tammetrajlı bədii filminin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırırlar.

Filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen Film Festivalında baş tutub. Film Rusiyanın 25-ci “Kinoşok” Beynəlxalq Film Festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film”, Belarusiyanın 23-cü “Listapad” Minsk Beynəlxalq Film Festivalının “Qızıl Listapadik” mükafatlarına layiq görülüb.

“Onun atası” bədii filmi “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza canlandırırlar.

“Onun atası” filminin beynəlxalq təqdimatı İtaliyanın 17-ci Asiatica, Encounters with Asian Cinema Film Festivalının müsabiqə proqramında baş tutub.

AzVision.az


Teqlər:





Xəbər lenti