`Bütün kənd yığılıb Mirzə Babayevə baxırdı...` - 14 il keçdi
Xalq artisti Firəngiz Mütəllimova AzVision.az-a bildirib ki, Mirzə Babayevlə birlikdə uzun illər “Kino klubda görüş” verilişində iştirak edib.
“Mirzə Babayev çox gözəl insan idi. Müğənnilərə məsləhətlər verirdi. Maraqlı söhbətlər edirdi. Baxmayaraq ki, müğənni idi, aktyor kimi də gözəl obrazlar canlandırıb. Onun ən böyük üstünlüyü səmimi olmağı idi”.
Xalq artisti Arif Quliyev də Mirzə Babayevlə bağlı xatirələrinin olduğunu deyib: “Onun ifaçılığı, sənəti, insaniyyəti ayrı bir aləm idi. Akademik olmaq olar ,yaxşı insan olmaq isə çətindir. O, gənclərə böyük qayğı ilə yanaşırdı. “Bəyin oğurlanması“ filminin çəkilişlərində mənə çox dəstək olub. Deyirdi ki, “oğlum, səbrli ol, yaxşı oyna, qorxma, çəkinmə”.
Əməkdar artist Ənvər Həsənov Mirzə Babayevlə birgə rol aldığı filmlərin çəkilişindən söz açıb: “Bütün Azərbaycan bilir ki, Mirzə Babayev gözəl ifaçı olub. Ancaq onun aktyorluğu da ifaçılığından geri qalmırdı. Onunla bir neçə filmdə birgə çalışmışıq. “Dəli Kür” filmində özünəməxsus obraz yaradıb. Eyni zamanda mahnı da səsləndirib.
“Bəyin oğurlanması” filminin çəkilişləri zamanı Şeyx Əbdüllə məni filmin rejissoru olan Ceyhun Mirzəyevə kömək etmək məqəsdi ilə çəkiliş meydançasına göndərmişdilər. Orada Mirzə bəyin aktyorluğundan əlavə necə insan olmasının şahidi oldum.
“Dərviş Parisi partladır” filmində onunla tərəf müqabili olmuşam. Mirzə Babayevi çəkilişlər zamanı yaxından tanıdım. O, gözəl insan, müğənni, tamaşaçılarına hörmətlə yanaşan sənətkar idi. Onun yaratdığı dərviş obrazı tarixə düşüb. Sözləri, kadrları hər yerdə tez-tez istifadə olunur.
Həmin filmin çəkilişi zamanı günün sonunda bizə istirahət verirdilər ki, növbəti gün üçün taqətimiz olsun. Şamaxının Priqulu bölgəsində idik. Dostlarım gəlib məni qonaq apardılar. Səfurə İbrahimova və Mirzə Babayevlə birlikdə getdim qonaqlığa. Bütün kənd yığılıb Mirzə Babayevə baxmağa gəlmişdi. İndi danışıram, həmin səhnə gözümün qabağına gəlir. Gözüm dolur. Səfurə xanım dedi ki, Mirzə bəy bütün kənd yığılıb sənə baxır. Mirzə Babayev heç kimə heç nə demədən ayağa durdu, qonaq getdiyimiz həyətin ortasında dayandı və “Kəpənək” mahnısını oxudu. Nə fanaqrama, nə də musiqi var idi. Bu, onun böyüklüyünü göstərirdi. Zarafatcıl, zarafatı qəbul edən insan idi. Hər dəfə onun səsini eşidəndə sevinirəm”.
Xalq artisti Hacı İsmayılov Mirzə Babayevlə birgə iştirak etdiyi ad günü məclisini yada salıb.
“Yeniyetməliyim İçərişəhərdə olub. Tez-tez Flormoniyada Oktay Ağayevin, Mirzə Babayevin konsertlərinə baxırdım. Mirzə Babayev o vaxtdan yadımdadır. 1950-1960-cı illər olardı. Mən təsəvvür etməzdim ki, o məşhur müğənni olacaq. İş elə gətirdi ki, “Kino klubda görüş” verilişində onunla görüşdük. O, bizim daimi iştirakçılarımızdan birinə çevrildi. Ağbirçəyimiz Nəsibə Zeynalova da verilişdə iştirak edirdi. Nəsibə xanım yanına aktyor Telman Zeynalovu, Mirzə Babayev də məni çağırırdı. Deyirdi: ”Hacışka gəl, sən mənim yanımda otur”.
“Ad günü” filminə çəkiləndə Rasim Ocaqovun də ad günü idi. Məni də ad günü məclisinə dəvət etmişdilər. Getdim, gördüm Mirzə müəllim, Emin Sabitoğlu, Maqsud İbrahmibəyov da orada iştirak edirlər. Emin sabitoğlu, Mirzə Babayev məclisdə musiqisiz xeyli mahnı oxudu. Orada yadımda qalan onun iştirak etməsi idi. Onun qəribə bir enerjisi var idi. Çox koloritli insan idi. Yeri gəlmişkən, əsas sənəti memarlıq olub. Bakıda və Azərbaycanın bəzi şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir. Buna baxmayaraq, onun oxumaq həvəsi hər şeyi üstələyirdi. Bütün mahnılarını ürəkdən oxuyurdu”.
Şahanə Rəhimli
AzVision.az