`Babamın məzarının tapılmamasının bir tilsimi var` - Almas İldırımın nəvəsi (MÜSAHİBƏ+VİDEO)

`Babamın məzarının tapılmamasının bir tilsimi var` - Almas İldırımın nəvəsi (MÜSAHİBƏ+VİDEO)
  19 Yanvar 2017    Oxunub:21887
Almas İldırımın Azərbaycanla bağlı arzusunu reallaşdıran nəvəsi, Azər Almasın oğlu İldırım Rutil Bakıya 1995-ci ildə gəlib. Hazırda Bakı-Tiblisi-Ceyhan layihəsində fəaliyyət göstərən bir xarici şirkətdə direktor kimi fəaliyyət göstərir.

- Babam Almas İldırımın bir xəyalı vardı: istəyirdi ki, bir gün oğlu vətən torpaqlarına gedib, “dağı-daşı neft qoxuyan şəhər” dediyi Bakıda neft sektorunda işləyib, ölkəsinə xeyir versin. Amma tale elə gətirdi ki, atam yox, mən Almas İldırımın nəvəsi olaraq Bakıya gəlib, neft sahəsində çalışmalı oldum. Bununla da babamın Azərbaycan xəyalını reallaşdırdım. Mən boru xətti üzrə neftin çıxdığı yerdən başlayaraq, onun Adana terminalında gəmilərə yükləndiyi yerə qədər olan bütün hissələrində çeşidli işlərdə çalışdım.



- Bir nəvə olaraq babanız Almas İldırımı oxucularımıza necə təqdim edərsiniz?

- Almas İldırımın həyatı faciələrlə dolu olub. Şairilik ürəkdən gəlir. Bu, qətiyyən peşə deyil. Hər kəs şair ola bilməz. Almas İldırım bir Vətən şairidir, şeirlərinin böyük bir hissəsi Vətənlə bağlıdır. O, çox kəskin dilli bir şairdir. Onun üçün vətənindən, torpağından böyük dəyər yoxdur. Onun məşhur “Əsir Azərbaycan” şeirində bir misra var ki, “Sənsiz neynim Allahı mən, dini mən!..” Yəni Vətəni hər şeydən üstün sayan bir şair olub. Vətənini müstəqil görmək arzusu onun yaşadığı dövrdə bəzi qüvvələrin xoşuna gəlməyib. Buna görə didərgin salınıb. O dövrün güclüləri onun şeirlərinin Vətənin gənclərinin şüuruna təsir göstərəcəyini hiss ediblər. Həyatına qəsd etmək istiqamətində də addımlar atıblar. Bunu görən Almas İldırım o vaxtlar tək dost bilinən qardaş ölkə Türkiyəyə getməli olub. Həmin vaxt atam üç aylıq idi. İran üzərindən Türkiyəyə getməyə çalışıblar. Amma İranda başına bədbəxt bir hadisə də gəlib. Ondan şübhələniblər ki, Rusiya tərəfindən göndərilmiş agent ola bilər. Onu 60 günə yaxın soyuq suda saxlayaraq, işgəncə veriblər. Sonradan dünyasını dəyişməsinə də məhz böyrəklərində yaranmış xəstəlik səbəb olub. Nəhayət, Türkiyənin Elazığ şəhərinə gedib çıxıblar. O zamanlar Türkiyədə oxumaq-yazmaq bilən savadlı insanların az idi. Həm bu, həm də, babamın Azərbaycandan gəlməsi, o zamankı rəhbərlik tərəfindən yüksək qiymətləndirilməsi nəticəsində ona dövlətin müxtəlif orqanlarında iş verilib. O da Elazığ şəhərindəki icra hakimiyyəti nəzdində xidmətlərini davam etdirib. Çox sevilən bir insan olub. Hələ də Elazığda onu yada salırlar.
Bir dəfə atam danışmışdı ki, Almas İldırımın bir xasiyyəti olub: evdən çıxanda öncə Günəşin doğduğu istiqamətə - yəni Bakı tərəfə baxarmış... Ömrünün sonuna qədər Azərbaycan həsrəti çəkib. Könül istərdi ki, Azərbaycanın müstəqilliyini görə bilsin, amma qismət olmadı...



- Almas İldırımın hazırkı ailə üzvləri kimlərdir?

- Babamın 4 oğlu olub. Böyük oğlu mənim atam Azərdir, ikinci oğlu Araz, üçüncüsü Odxan, dördüncüsü Bakıxandır. Araz ömrünün son 3-4 ilini Bakıda yaşadı. Burada qohum-əqrabalarımızın yanında qalırdı. O biri iki əmim sağdırlar, biri Almaniyada yaşayır. Onlar tez-tez Azərbaycanla bağlı atamdan soruşurlar. Hətta son ailə məclislərimizdən birində üçüncü əmim Odxan da Bakıya gəlmək istədiyini dedi. Yaşla bağlı müəyyən narahtlıqları olsa da, bir gün atamla birlikdə Azərbaycana gələcəklər.

Atam özü mütləq ildə bir-iki dəfə Azərbaycana gəlir. Sağ olsun Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev, atama böyük hörmət edir. Bir-iki dəfə yüksək səviyyədə təbirlər də təşkil ediblər.

Hörmətli prezidentimiz İlham Əliyev də atamla görüşüb. Bununla bağlı atamın gözəl bir xatirəsi var. Cənab Prezidentin qəbuluna düşmək üçün müxtəlif mərhələlərdən keçmək lazımdır. Bu, normal bir haldır. Sizə çoxlu suallar verirlər. Atam da yaşlı olduğuna görə, bir qədər sorğu-sualdan sonra özünü yorğun hiss edib və böyük, qəşəng bir zalda oturub. Deyib ki, kimsə gəlib yenidən sual versə, qalxıb cavab verərəm. Elə bu vaxt qapı açılıb. Atam elə güman edib ki, təhlükəsizliklə bağlı yoldaşlar daxil olacaq və onu görüşə aparacaqlar. Amma bu zaman cənab Prezident “Siz harda qaldınız? Xoş gəlmisiniz!”,- deyərək, səmimi şəkildə onlara yaxınlaşıb. Atam ümumilikdə siyasətdən xəbəri olmayan bir insandır. Amma Prezidentin bu səmimi münasibəti ona çox xoş olub. Daha sonra cənab İlham Əliyev Almas İldırımla bağlı detallı məlumatlar soruşub. Almas İldırımın Türkiyədə bir gölün adını dəyişdirib, Xəzər qoydurması haqqında Prezidentə məlumat veriblər. Atam bu haqda xatirələrini tez-tez bizə danışır...



- Uzun müddətdir ki, Bakıdasınız. Şəhərdə nələr dəyişib? Bakı ilə bağlı təəssüratınız necədir?

- Bakı çox sürətli inkişaf edən bir şəhərdir. Bu cür inkişaf, böyümə bəlkə də Bakıdan başqa heç bir şəhərə nəsib olmayıb. Mən son iyirmi ildə Bakıdakı inkişafı gözlərimlə gördüm. Bu, sözsüz ki, dövlətin qərarları və layihələri ilə mümkün olub. Əvvəl şəhərdə bu qədər yüksək mərtəbəli binalar yox idi. İndi isə maşallah... İşimə görə mən bir neçə təzə tikilən göydələnlərdə oldum. Onlar dünayda barmaqla göstərilən binalardır. Ağıllı texnologiyalarla inşa ediliblər. Bakının digər şəhərlərdə olmayan başqa bir özəlliyi isə geniş parklarıdır. Belə olan halda şəhər nəfəs alar. Bir çox şəhərlər inkişafdan doğan betonlaşmaya görə ciyərlərlərini itirirlər. Amma Bakının şanşı var. Çünki belə uzun və gözəl bulvarı hər şəhərdə tapmaq mümkün deyil.

- Bakıda ailənizlə birlikdəmi yaşayırsınız?

- Öncə ailəmlə birlikdə yaşayırdım. Bir qızım var. Amma artıq qızım təhsilini Alman Kolleclərində davam etdirdiyinə görə, hazırda burda tək mən qalıram. Həm də işimə görə dünyanı gəzirəm. Ona görə də ailə ilə qala bilmirəm. Ən yaxşısı ailəmin atamın yanında olmasıdır. Əvvəl Bakıda daha çox qalırdım. İndi isə elə deyil. Xüsusilə Novuzda Bakıda olmağı çox sevirəm. Hər kəsə də tövsiyə edirəm ki, ən azından bir Novruz Bayramını Bakıda qeyd etsin. Bu zaman Novruzun nə olduğunu görəcəklər. Azərbaycanda bu bayrama münasibət bambqaşqadır. Mənim atam da son 6-7 Novuz Bayramını Bakıda qeyd edib.



- Atanızın səhhəti necədir?

- Maşallah. Atamın ömrü dağlarda, daşlarda, mədənlərdə, şaxtalarda keçib. Bu da ona bir növ idman olub. Atası Almas İldımın ona tövsiyə etdiyi yeməyi - tərxun bəhməzini süfrəsindən əskik etməz. Rəhmətlik nənəmin, yəni Almas İldırımın həyat yoldaşının yeməklərindən yeyən atam bu gün 83 yaşında sapsağlamdır. Bizim kimi sonrakı nəslin yediyi süni qidalardan uzaq duran bir insandır.

- Maraqlı adınız var... Onun tarixçəsini danışa bilərsinizmi?

- Türkiyə bir insanın iki adı ola bilir. Keçmişdə bu ada “göbək adı”, yaxud, “orta ad” deyirdilər. O vaxt atam mənimlə bağlı deyib ki, oğlum olarsa, adını Rutil qoyacağam. Rutil - torpağın altından çıxan bir filiz adıdır. Birinci adım isə İldrımdır, yəni babamın adıdır. Hava limanında pasportumu yoxlayarkən soruşular ki, sizin Almas İldırımla yaxınlığınız var? Deyirəm ki, bəli, mən Almas İldırımın nəvəsiyəm.



- Almas İldırımın nəvəsi üçün “Azərbaycan” ifadəsi nə məna kəsb edir?

- Azərbaycanın mənim üçün ayrı bir yeri var. Mən hələ 1995-ci ilin oktyabr ayında Azərbaycana gəldiyim zaman gördüyüm isti münasibət və hörməti başqa heç bir yerdə görməmişdim. Heç bir türk soydaşımız Azərbaycanda özünü yad yerdə hiss eləmir. Dil məsələsində heç bir problemimiz yoxdur. Adət-ənənlər hətta Azərbaycanda daha güclüdür. Türkiyədə olan dostlarımı da Azərbaycana dəvət edirəm. Mən Bakıda keçirdiyim günlərə görə bir saniyə belə peşmançılıq duymamışam. Amma etiraf edim ki, Türkiyədəki doğmalarıma qarşı bir az həsrət var. Hərçənd, bütün bunlar müasir texnologiya ilə aradan qalıdırılır. Bu şəhərin, Azərbaycan xalqının gözəlliyi məni valeh edir. Azərbaycanın başqa şəhərlərində də oldum, gəzdim. Gözəl, inkişaf edən rayonları da var. Mənim nəfəs almaqdan, yaşamaqdan və işləməkdən xoşbəxtlik duyduğum şəhərlərdən biri Bakıdır.

Almas İdırım bir Turan şairi olub. Turan ülküsü utopya kimi görünsə də, Türkiyənin Avropa hissəsindəki sərhədlərindən başlamış, Anadoludan Xəzərə, Qafqazlara qədər uzun ərazidəki bir ölkənin, birliyin simvoludur. Ona görə də, bir türk vətəndaşı üçün Azərbaycanla Türkiyə arasındakı sərhəd xəttinin heç bir əhəmiyyəti yoxdur. Sadəcə olaraq, siz bir dövlətdən digərinə keçirsiniz, ölkə dəyişdirmirsiniz. Sərhəd yalnız, iki dövlətin varlığını bəlli edir. Halbuki millət eynidir.



- Almas İldırımın düşməniləri kimlər idi? O, niyə belə bir həyat yaşadı?

- Almas İldırım Azərbaycan dilinə, bayrağına önəm verən və müstəqilliyi müdafiə edən bir şairdir. O, Azərbaycanın müstəqilliyini boxovlayan sovet rejiminə qarşı çıxırdı. Azərbaycan dilindən istifadə olunmasını, Azərbaycan adət-ənənələrinin yaşamasını istəyirdi. Nəticədə bir gün gəldi ki, Azərbaycan və digər ölkələr müstəqilliklərini qazandılar. Əvvəl-axır torpaqlarımız da işağaldan azad olacaq və Azərbaycanın ərazı bütövlüyü yenidən bərpa ediləcək. Bu mesajlar Ermənistana çatdırılmalıdır ki, sizin nə işiniz var o torpaqlarda? Qonaq kimi gələ bilərsiniz. Amma belə işğalçı və imperialist formada gəlməyiniz qəbuledilməzdir. Biz türk milləti həmişə qonaqpərvərik. Gəlib oralarda yaşamaq istəyirdinizsə, yaşaya bilərdiniz. Amma sizə aid olmayan torpaqda heç bir haqqınız olmadan oturmusunuz. Mən bir türk, azərbaycanlı kimi ermənilərə deyirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Almas İldırımın vaxtında bu məsələlər üzə çıxmamışdı. Çünki o vaxtlar başqa problemlər vardı. Bir insana edə biləcəyin ən böyük pislik onu ev-eşiyindən, Vətənindən didərgin salmaqdır.

- Niyə Almas İldırımın məzarı hələ də tapılmayıb?

- Sağ olsun Azərbayca dövləti, bununla bağlı böyük işlər gördü. Azərbaycandan Türkiyəyə heyət göndərildi, Türkiyə hökumətinin də dəstəyilə axtarış aparıldı. Amma o vaxtkı qəbirstanlığın ərazisindən yol çəkiləndə bir çox məzar düzgün daşınmadı, itib-batdı. Sonra da güclü sel yuyub apardı. Nəticədə məzarlığın yarısı məhv olub.
Biz Almas İldırımın məzarının tapılmamasının qəribə bir tilsiminin olduğuna inarırıq. Əslində Almas İldırım o torpağın hər yerindədir. Müəyyən bir yeri göstərib, “bura Almas İldırımın məzarıdır” demək, əlbəttə, xoş olardı. Heç olmasa bəlli günlərdə o məzarı ziyarət edərdik. Əgər onun məzarı tapılsaydı, heç olmasa ölümündən sonra Azərbayacana gətirərdik. Demək ki, Allah belə istədi və belə də oldu. Atam da onun məzarını görmək, yanında dəfn olunmaq istəyir. Amma təəssüf ki, axtarış işləri nəticə vermədi. Buna görə kimisə qınamaq da düzgün deyil. Çünki orada təbiət hadisəsi də baş verib. İndiki kimi modern məzarlıq da olmayıb.



- Almas İldırımın həyat yoldaşını, nənəniz Zivər xanımı necə xatırlayırsınız?

- Nənəmin dörd nəvəsi olub: Mən və qardaşım, bir də əmim Odxanın bir qızı və bir oğlu. Mən onun ikinci nəvəsi idim. Amma bilirdim ki, nənəmin ən çox sevdiyi nəvəsi mənəm. Mən nənəmin yanında çox vaxt keçirir, həmişə onunla qalırdım. Nənəm də həmişə babamın o əziyyətli günlərindən danışardı. Mən uşaq idim, dediklərini tam qavraya bilmirdim. Karvanda keçirdikləri günlərdən, soyuq gecələrdən danışardı.
Nənəm Azərbaycanın xəritəsi və bayrağını əl ilə işləyib. Biz həmin əl işini Mərdəkanda Almas İldırımın adını daşıyan məktəbə hədiyyə etdik. Hətta xəritənin üstündə Azərbaycanın şəhər və rayonlarını göstərən nöqtələr də qoymuşdu ki, bura Bakı, bura Gəncədir və s. Bunu da təbii ki, babamızın göstərişilə etmişdi. Babamız Azərbaycanı qarış-qarış tanıyırdı.
Nənəm uzun bir həyat yaşadı. O da Azərbaycanı görmək istəyirdi. Amma qismət olmadı. O, Vətən və Almas İldırım aşiqi idi. Ömrünün son dövründə, yəni 90 yaşlarında yaddaşında problemlər yaranmışdı, çox adamı tanımırdı. Amma məni görən kimi deyirdi ki, aha, Yıldırım gəldi.



- Babanızın ən çox hansı şeirini sevirsiniz?

- Hamısını oxumuşam, amma əzbər bilmirəm. Babamın “Əsir Azərbaycan”, “Qara dastan” şeirləri çox məşhurdur. Bir də onun cavanlıqla bağlı yazdığı “Arximed və mən” şeirini çox bəyənirəm. Onu Arximedə xitabən yazıb. Deyir ki, mənə cavanlığımı verin, bir vuruşla dünyanın yerini dəyişdirim. Mən qısa şeirləri, az sözlə böyük mənalar ifadə edən şeirləri sevirəm.

- Almas İldırımın dəfn mərasimində nələr baş vermişdi?

- Almas İldırım bizim atamıza vəsiyyət etmişdi ki, məni üzü Azərbaycan tərəfə basdırarsınız. Dəfn mərasimində isə balaca münaqişə baş verib. Məscidin mollası deyib ki, cənazəni qiblə tərəfə çevirin. Atam deyib ki, onun vəsiyyəti var, Azərbaycan tərəfə dəfn edək. Bir anlaşılmazlıq yaranıb. Almas İldırımın ən böyük arzusu bu idi ki, Azərbaycanda torpağa basdırılmasa da, heç olmasa məzarda üzü o tərəfə baxsın.



- Sonda Almas İldırım sevərlərə nə demək istərdiniz?

- Almas İldırıma göstərdikləri yüksək səviyyədə hörmətə görə Azərbaycan xalqına təşəkkür edirəm. Buna görə çox xoşbəxtik. Fəxr edirik ki, xalq öz övladını bu qədər sevir. Acizanə şəkildə rica etmək istərdim ki, tarixlərini heç vaxt unutmasınlar. Bunun yeganə yolu oxumaqdır. Tarixini yaddan çıxaran millətin ömrü uzun olmaz. Əgər biz tarixdən dərs çıxarmasaq, o bədbəxt hadisələr yenidən başımıza gələ bilər. Azərbaycanın gənc nəsilinə demək istərdim ki, oxusunlar və yaddan çıxarmasınlar.

Hafiz Əhmədov
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər:  





Xəbər lenti