İtaliyada TAP layihəsi müzakirə edilib
Layihə üzrə nəzərdə tutulan digər fazalarla bağlı icazələrin vaxtında əldə edilməsi üçün işlər davam etdirilir. Bildirilib ki, İtaliyanın Ətraf Mühit Məcəlləsinə yeni bir maddənin daxil edilməsi üzərində iş aparılır. Bu dəyişikliyə görə, dövlət və milli əhəmiyyətli layihələr üzrə dekretlərin verilməsi məsələsində regional strukturlar tərəfindən maneələr yarandığı təqdirdə bu səlahiyyətlər dərhal Ətraf Mühitin, Dənizlərin və Torpaqların Mühafizəsi Nazirliyinə keçəcək. Bu dəyişikliyin cari ilin may-iyun aylarında qüvvəyə minəcəyi gözlənilir.
Bundan başqa, TAP kəmərinin Milli Paylaşdırıcı Şəbəkəyə birləşdirilməsini təmin edəcək və SNAM şirkəti tərəfindən çəkiləcək San Fokadan Brindiziyə qədər olan kəmərlə bağlı icazələr üçün də Ətraf Mühitin, Dənizlərin və Torpaqların Mühafizəsi Nazirliyi ilə danışıqlar aparılır.
O da məlum olub ki, Puliya regionu tərəfindən TAP layihəsi ilə bağlı vahid icazə sənədi verilərkən regionun maraqlarının nəzərə alınmadığı iddiası ilə Dövlət Şurasına müraciət edilib. Bildirilib ki, iddia əsassız olduğu üçün böyük ehtimalla Dövlət Şurası tərəfindən təmin edilməyəcək və bundan sonra müraciət etməyə yuxarı məhkəmə instansiyası yoxdur.
Görüşdə həmçinin 23 fevral 2017-ci il tarixində Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 3-cü iclasında İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalendanın iştirakının vacibliyi də müzakirə olunub.
AzVision.az
Teqlər: