Musiqili Teatrda bu həftə maraqlı tamaşalar olacaq

Musiqili Teatrda bu həftə maraqlı tamaşalar olacaq
  07 Fevral 2017    Oxunub:3424
Musiqili Teatrda həftəsonu 6 tamaşa nümayiş olunacaq.
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu AzVision.az-a bildirib ki, 9, 10, 11, 12 fevral tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara “Mənim günahım” (Q. Qarayevin musiqiləri və İ. Əfəndiyevin eyniadlı pyesi əsasında), “Silva” (İ. Kalman), “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts), “Toya bir gün qalmış” (Ə. Səmədli), “Düyməcik” (H.K. Anderson) və “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva) tamaşaları təqdim olunacaq.

Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevilən aktyorlar – Azərbaycan Respublikasının Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Şükufə Yusupova, Əməkdar artistlər Səmayə Musayeva, Boris Qrafkin, Emma Məlikova, Ələkbər Əliyev, Svetlana Bulax, Nahidə Orucova, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, İlham Hüseynov, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Marina Litvinenko, Firuz Məmmədov, Ağaxan Şərifov, Gülcahan Salamova, Gülnarə Abdullayeva, Emil Heydərov, Nadejda Povelitsina, Yuliya Heydərova, Ülviyyə Əliyeva, Əliməmməd Novruzov, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Hüseyn Əlili, Mehriban Zalıyeva, Elçin İmanov, Elnarə Nağdəliyeva, Rauf Babayev, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Nicat Əli, Əmrah Dadaşov, Fərid Rzayev, Elməddin Dadaşov, Cəlalə Novruzlu və başqalarının ifalarını izləyə biləcəklər.

Fevralın 9-da Dövlət Musiqili Teatrında 107-ci mövsümün növbəti premyerası keçiriləcək. Həmin gün tamaşaçılara SSRİ Xalq artisti Qara Qarayevin musiqiləri və Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında səhnələşdirilən “Mənim günahım” balet-tamaşası təqdim olunacaq.

Layihənin ideya müəllifi və bədii rəhbəri Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir. Sevgi haqqında pritça olan tamaşanın quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovadır.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 10 fevral tarixində saat 19.00-da İ. Kalmanın “Silva” operettası böyüklər, 12 fevral tarixində saat 12.00-da H.K. Andersonun “Düyməcik” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin E. Sabitoğlu, Y. Şvartsın “Qırmızıpapaq” nağıl-tamaşası 11 fevral tarixində saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.

Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti