Simurq əslində yoxdur: Açılışdakı simvolların gizli mənaları – TƏHLİL

Simurq əslində yoxdur: Açılışdakı simvolların gizli mənaları – TƏHLİL
  13 May 2017    Oxunub:209173
İslamiadanın açılış mərasimi gizli və açıq simvollarla, müsəlman dünyasına yönəlmiş mesajlarla zəngin idi. Onların bəzilərini hər kəs gördü və anladı. Nisbətən gizli, alt məna qatlarına malik olan simvol və mesajları isə gəlin, müasir reallıqları nəzərə almaqla, sadə dildə yozmağa çalışaq.
1. Su

Yay Olimpiya Oyunlarının başlanmasının simvolu Oddur. Olimpiya məşəli müxtəlif yerlərdə gəzdiriləndən sonra açılış mərasiminə gətirilir və Olimpiya Odunu yandırır. Bu, yunan mifologiyasında Odun ilahi təbiətinə işarədir – Od əvvəllər Olimpdə, allahların sərəncamında imiş, onu biz insanlara Promotey gətirib.

İslam Oyunlarında isə başlanğıcın sumvoli kimi Su seçilib. İslamda Su – demək olar ki, bütün ibadətlərin vacib amilidir; qüsl və dəstəmaz almadan dini ayinlərinin çoxunu icra etmək olmaz. Su – İslamda eyni zamanda həm cismanı, həm də mənəvi (ruhi) paklığın, təmizliyin rəmzidir. Pisliyi (murdarlığı) yaxşılığa (paklığa) çevirmək üçün onu Suya çəkmək lazımdır. Müasir dünyada pislik nədir? Konfliktlər, terror, məzhəb qarşıdurmaları... İslam Oyunları, ideyaya görə, bütün bu pislikləri təmizə çıxaran Su olmalıdır.

Bundan başqa, digər siyasi eyham da var: Hazırda dünya Od içindədir, onu söndürmək üçün Su lazımdır. Qədim Dövrlərdə Olimpiada sülh tədbiri idi, oyunlar keçiriləndə Yunan yarımadasında bütün müharibələr dayandırılırdı. Yəni bir növ Olimpiada müharibə odunun üstünə su çiləyirdi. İslam Oyunları da Su başlanğıcı ilə buna işarə edir ki, Odu körükləmək yox, üstünə Su çiləmək lazımdır. Və Oyunların özü bütövlükdə həmin o Su ola bilər.

2. Heksaqon, yaxud Düzgün Altıbucaqlı

Biz bu simvolu həm səhnədə qurulan minarələrin üstündə, həm də rəqqasların əllərində tutduqları lövhələrin formasında gördük. İslam mədəniyyətində, xüsusilə də arxitekturada altubucaqlı ornamentlərdən istifadə olunub.

Heksaqon - kollektiv bərabərlik və birgə iş simvolu sayıla bilər. Əvvəla, onun həm tərəfləri bərabərdir, həm də bucaqları. Yəni həm xarici, həm də daxili bərabərlik var. Birgə yaşamaq və çalışmağın, kollektiv zəhmətin rəmzi olan arılar öz pətəklərini heksaqonal formada qururlar. Niyə? Çünki eyni perimetrə və sahəyə malik fiqurların arasında heksaqon daha effektiv sayılır. O mənada ki, eyni sahədə və eyni materialdan istifadə etməklə daha çox sayda altubucaqlı hücrə yaratmaq mümkündür, nəinki məsələn, dairəvi formada.

Yəni belə deyə bilərik ki, Heksaqon – bərabər və effektiv kollektiv işin simvoludur. Bakıdan islam dünyasına verilən mesaj da bu idi: Bərəbərlik əsasında işləyək, effektiv şərtlərlə İslam Dünyasını inkişaf etdirək. Məsələn, kollektiv şüurun və birgə zəhmətin ən parlaq örnəyi olan arılar kimi...

3. Çərpələng

Freyd, yəqin, deyərdi ki, uşaqların çərpələngə olan sevgisi alt şüurumuzdakı uçmaq, ucalmaq arzularını ifadə edir. Mina adlı uşaq çərpələng vasitəsilə uçaraq İslam sivilizasiyasının uşaqlıq dövrünə qayıdır (Mina - həm də İslamda müqəddəs dağ adıdır, İbrahim öz oğlu İsmayılı orada qurban kəsmək istəyirmiş). Bu, rəmzi olaraq o deməkdir ki, İslamın keçmişi arxada, yaxud aşağı qatlarda deyil, ucalıqdadır. Ora enmək yox, qalxmaq lazımdır.

İslam dünyasının gələcəyə getməsi üçün əslində təzədən keçmişinə ucalması gərəkdir. Səhnədə canlandırılan müxtəlif tarixi epizodlar da bunu sübut etmək üçün idi. İslam dünyasının “qızıl dövrü”ndə böyük coğrafi kəşflər olub, riyaziyyat və astronomiya inkişaf edib, ticarət xeyli geniş coğrafiyaya yayılıb... Səhnədəki atlar və səyyahlar həmin coğrafi kəşflərin, karvansara, tacirlər və dəvələr ticarətin inkişafına işarə idi.



Ulduzlu səmanın qlobusu adlandıra biləcəyimiz Armilyar sferanı, düzdür, qədim yunan alimləri yaratmışdılar, amma islam münəccimləri erkən orta əsrlərdə onu xeyli inkişaf etdirmişdi. Burada belə bir rəmzilik var: Romanın çöküşündən sonra Avropa Qaranlıq Əsrlərə daxil olaraq, vaxtilə qazandığı bütün uğurları itirmişdi. Antik Qərb sivilizasiyasının əldə etdiklərini İslam dünyası saxlayıb, daha da inkişaf etdirib və intibah dövründə yenidən sanki Avropaya qaytarıb. Bura açılış mərasimində gördüyümüz kvadrantı da, Ayın fazalarını nümayiş etdirən çarxları da əlavə edə bilərik – hamısı dediyimiz fikri təsdiqləyirdi.

4. Simurq

Simurq quşunu çox vaxt Feniks ilə qarışdırırlar. Əslində isə Yunan mifologiyasında “Feniks” adlanan mifik varlığın Şərqdəki analoqu Səməndər quşudur. Bu rəmzin anlamı qocalandan, əvvəlki gücünü itirəndən sonra yenidən ayağa qalxmaqla, dirlişlə, dirçəlişlə bağlıdır. Türk şifahi ədəbiyyatında ona Anka quşu da deyirlər.

Simurq isə darda qalanlara yardım etməyin simvoludur. Azərbaycan nağıllarında o, qəhrəmanları qaranlıq dünyadan işıqlı dünyaya aparır. Simurq “Sən tək deyilsən” mesajıdır – nə vaxt darda qalsan, tükünü yandır, imdadına yetişsin. Elə İslamiadanın açılışında da Simurq səhrada azan Minanın köməyinə gəlir. Bu, həmrəyliyə, yardımlaşmağa işarədir. Səhra – müasir amansız dünyanın simvoludur. Təklikdə hər kəs orada məhv ola bilər. Amma islam ölkələri ehtiyac yarananda bir-birinə Simurq quşu olmalıdırlar. Əsas şərt Simurqun sehirli tükünü – yəni bir-bir ilə ilə ortaq maraqları, əlaqələri itirməməkdir.

Si murq – fars dilində “otuz quş” deməkdir. Bu adın maraqlı izahı var: Bir gün quşlar yığışıb, əfsanəvi Simurqun çox uzaqda, əlçatmaz yerlərdə olan Sarayına getmək istəyirlər. Amma hərə bir bəhanə ilə geri qayıdır və sonda ancaq otuz quş mənzil başına çata bilir. Çatanda anlayırlar ki, Si murq (otuz quş) – elə onların özləridir!

Yəni müasir dilə çevirsək, çıxan məna budur: Haradasa uzaqlarda hansısa supergüc axtarmaq lazım deyil. Eyni fikri, dəyərləri bölüşənlər birləşərək, qətiyyətlə hədəflərinə doğru getsələr, sonda həmin supergüc elə özləri olacaqlar. Sadəcə, birləşmək və cəsarətlə irəli getmək lazımdır, əfsanədəki geri qayıdan quşlar kimi yarı yoldan dönsək, heç bir Simurq (fövqəlqüvvə) bizim köməyimizə çatmayacaq. Zira o Simurq elə bizim özümüzük, nicatımız da özümüzdən asılıdır, amma əvvəlcə axıra qədər birlikdə getməyi bacarmalıyıq.

Düşünürəm ki, İslamiadanın açılış mərasimində verilən ən böyük və ən vacib rəmzi mesaj məhz bu idi!

Vüsal Məmmədov
AzVision.az



Teqlər: #İslam-Oyunları   #İslamiada   #Bakı-2017   #Rəmzlər   #Simvollar  





Xəbər lenti