İkinci Dünya müharibəsi iştirakçılarına 2 500 manat veriləcək

 İkinci Dünya müharibəsi iştirakçılarına 2 500 manat veriləcək
  21 Aprel 2025    Oxunub:498
Azərbaycan Prezidenti İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Sərəncama əsasən İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar olaraq həmin müharibədə iştirak etmiş şəxslərə 2 min 500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1250 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Bunun üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,2 milyon manat vəsait ayrılacaq.

Bununla bağlı Nazirlər Kabinetinə, Maliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə müvafiq tapşırıqlar verilib.

AzVision.az



Teqlər:





Xəbər lenti