“Bilim Azərbaycan” layihəsinin növbəti imtahanı baş tutub

“Bilim Azərbaycan” layihəsinin növbəti imtahanı baş tutub
  21 Aprel 2025    Oxunub:501
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin dəstəyi ilə Qubada “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi üzrə test imtahanı təşkil olunub.
İmtahan “ASAN xidmət” və Türkiyə Texnologiya Komandası Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “Bilim Azərbaycan” layihəsi çərçivəsində keçirilib. Zaur Cəfərov adına 3 nömrəli tam orta məktəbdə keçirilən imtahanda Quba, Qusar və Xaçmaz rayonlarının ümumtəhsil məktəblərində təhsil alan 4, 5, 6 və 7-ci sinfi bitirən 1000-ə yaxın şagird iştirak edib. Şagirdlər riyaziyyat, alqoritm, təbiət elmləri və ümumi dünyagörüşü üzrə sualları cavablandırıblar.

Ən yüksək nəticə göstərən 80 şagird yaxın zamanda fəaliyyətə başlayacaq “Bilim Quba” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasında təhsil almaq imkanı qazanacaq.
Nəticələrin bir həftə ərzində yoxlanılması, valideynlərə SMS və elektron poçt vasitəsilə göndərilməsi nəzərdə tutulub. Həmçinin www.deneyap.az saytından da öyrənmək mümkün olacaq.

Layihə çərçivəsində “Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanları 2022 və 2024-cü illərdə də keçirilib. Ümumilikdə 160 şagird laboratoriyada 3 illik təhsil hüququ əldə edib.

“Deneyap” texnologiya laboratoriyasında həyata keçirilən təlim proqramı gələcəyin texnoloji istedadlarının formalaşdırılmasına və ölkənin texnologiya sahəsində inkişafına xidmət edir. Təlimlər iki mərhələdən ibarətdir: ilk mərhələdə 24 ay layihə əsaslı tədris həyata keçirilir, sonra 12 aylıq komanda dövrü başlayır. Şagirdlər bu müddətdə 11 fərqli texnologiya mövzusu üzrə biliklər əldə edir və hər mərhələnin sonunda komanda şəklində hazırladıqları layihələri nümayiş etdirirlər.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti