Bank sektorunun sağlamlaşması vaxt aparacaq – TƏHLİL

Bank sektorunun sağlamlaşması vaxt aparacaq – TƏHLİL
  06 İyun 2017    Oxunub:3853
Ölkədə hazırda fəaliyyət göstərən 32 kommersiya bankının mayın 1-i 2017-ci il tarixinə aktivlərinin ümumi məbləği 30 milyard 779,2 milyon manat təşkil edib. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatına əsasən, bunun 28 milyard 31,6 milyon manatı bankların cəmi öhdəliklərinin, 2 milyard 747,6 milyon manatı isə sektorun balans kapitalının payına düşüb.
Göstərilən tarixə bank sektorunun xalis mənfəəti 148,1 milyon manat təşkil edib. Belə ki, MBNP-nın açıqladığı hesabata görə, ilin ilk dörd ayı ərzində bankların faiz gəlirləri 675, xərcləri isə 332,4 milyon manat olub. Hesabat dövrü ərzində banklar tərəfindən aktivlər üzrə risklərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 243,7 milyon manat ayrılıb ki, bütün bunlar yaxşı göstəricilərdir.

Lakin bank sektorunda mövcud olan problemlər həll olunmamış qalır. Sadəcə olaraq, ümumi iqtisadi atmosferdə nisbətən sabitlik yarandığından sektorda böhranlı vəziyyət "kəskinliyini və şiddətini" hiss olunacaq dərəcədə azaldıb.

Yeri gəlmişkən, bu ilin I rübü də mənfəətlə başa vurulmuşdu. Belə ki, 2017-ci ilin aprelin 1-nə bank sektorunun xalis mənfəəti 123,4 milyon manat təşkil etmişdi ki, ötən il 1 milyard 667,6 milyon manatla zərərlə yekunlaşmışdı. Ancaq bütün bunlar çox kövrək nəticələrdir. O baxımdan ki, manatın ucuzlaşması prosesi davam etsəydi, təsəvvür etmək çətindir, hazırda banklar nə vəziyyətdə idi...

Ümumiyyətlə, həmişə qeyd etmişəm ki, ölkəmizin bank sektorunda problemlər hələ illər öncədən yaranmışdı: istehlak kreditlərinin necə gəldi paylanması, xarici maliyyə qurumlarının səxavətli olmasından böyük zövqlə və həvəslə yararlanılması və sair kimi amillər sistemi çoxdan uçuruma aparırdı. Beynəlxalq Bankın (ABB) timsalında bu, əyani əksini tapıb. 2012-ci ildən etibarən isə bütün bunlar artıq, narahatlıq doğurmağa və ciddi nəzarət tədbirlər görmək lazım gəldiyi haqda danışılmağa, ölkədə istehlak kreditlərinin verilməsinə dair şərtlərin sərtləşdirilməsinin zəruri olduğu vurğulanmağa başlandı.

Amma gec idi. Bankların nizamnamə kapitallarını tədricən artırmaq tələbi, kreditləşdirməni sərtləşdirilmək və sair kimi tədbirlər təbii ki, müsbət addımlar idi. Mərkəzi Bank (AMB) tərəfdən ölkədə fəaliyyət göstərən banklar qarşısında 2014-cü ilin əvvəlindən istehlak kreditlərinin verilməsi prosedurasının məhdudlaşdırılması haqda tələbi, habelə onların nizamnamə kapitalları həcminin 10 milyon manatdan 50 milyona qaldırılması barədə öncə (2012-ci ilin iyul ayının 25-də verilən qərara əsasən) 2014-cü ilin əvvəlinədək, sonra isə 1 il uzadılaraq 2015-ci ilin yanvarın 1-dək uzadılması qərarlarını nəzərdə tuturam. Hansı ki, bunlara bir az əvvəldən start verilməli idi...

Odur ki, neftin qiyməti 2014-cü ilin iyununda düşməyə başlayan kimi "yaranın üstü" açıldı. Və birinci də, təbii olaraq məhz, ABB üzrə "biabırçı" vəziyyət üzə çıxdı.

Yeri gəlmişkən, neftin qiyməti düşəndən sonra bank sektorunda yaranan yeni situasiya ilə əlaqədar AMB bir arada istədi ki, sərt addımlar atsın. 2015-ci il dekabrın 21-də 2-ci devalvasiyadan sonra bir sıra bankların lisenziyalarının geri alınması, bəzilərinin birləşdirilməsi buna misaldır. Lakin bu cür tədbirlər effektsizliyə məhkum idi. Çünki bunu 1-ci devalvasiyadan əvvəl etmək lazım idi. Yəni, AMB-in nizamnamə kapitalına qoyulan tələbi artırmaq, istehlak kreditlərinin verilməsi şərtlərini məhdudlaşdırmaq kimi dolayı tədbirlərə neftin qiyməti baha olanda nail olmaq lazım idi. Odur ki, bunların heç biri istənilən effekti vermədi.

Əslində, bir sıra tədbirləri həyata keçirtmək üçün 1-ci devalvasiyadan sonra da gec deyildi. Ancaq təəssüf, AMB tamamilə əksmövqe tutdu. Və ölkədə devalvasiya tədbirlərindən sonra fəaliyyət göstərən kommersiya bankları daha güclü sığortalandı.

Hazırda isə əslində, bütün banklara güclü maliyyə dəstəyi tələb olunur. O sadə səbəbdən ki, banklar bu gün kredit verə bilmirlər. Çünki əvvəla, iqtisadi aktivlik yox dərəcəsindədir. İkincisi, real sektorda risk səviyyəsi yüksəkdir. Üçüncüsü, manata inam əvvəlki kimi deyil. Kredit vəsaitləri də ucuz başa gəlmir...

Əhalidən 15%-lə əmanət cəlb edən bank biznes kreditini bundan necə aşağı faizlə verə bilər ki ?! AMB-in uçot dərəcəsi isə 15 % səviyyəsindədir. Xarici maliyyə qurumlarından da əvvəlki kimi vəsait cəlb etmək mümkün deyil. ABB ətrafında yaranan situasiyaya görə isə, bu sahədə işlər lap çətinləşib.

Odur ki, sual yaranır: banklar ucuz pulu hardan almalı və onu real sektorda risk səviyyəsi də yüksək olduğundan neçə faizdən verməlidilər ki, qazanc götürsünlər?! Qeyd olunur ki, hazırda kapitalla bağlı problemi olan 5 bank xüsusi nəzarət altındadır və ilin ortasına qədər onlar kapitallaşma ilə bağlı problemi həll etməlidir. Keçən il 11 bank bağlandı... Bu il ikisi birləşdi.

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda fəaliyyət göstərən daha bir neçə bankın lisenziyasının ləğv olunacağını bildirib. “Azərbaycanda kapitallaşma və dövlət tərəfindən problemli kreditlərin alışı prosesi davam edib. Lakin kapitallaşma ilə bağlı yeni planların işlənməsindən sonra bir neçə bank da bağlana bilər",- deyə, BVF-nin açıqlamasında vurğulanıb.

Bu gün ortada təkrar edirik, 32 bank var. Yerdə qalanların əksəriyyətinin kapital vəziyyətləri yaxşı görünsə də, kövrək xarakter daşıyır. Odur ki, sektorun sağlam vəziyyətə gəlməsi üçün hələ uzun vaxt tələb olunur.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Bank   #İqtisadiyyat  





Xəbər lenti