Gəmiçiliyin Təlim Tədris Mərkəzi yenilənib
AXDG-nin sədri Rauf Vəliyev təlim keçən dinləyicilərin imtahan prosesini də yaxından izləyib. Bildirilib ki, Təlim Tədris Mərkəzində imtahanlar elektron formatda, beynəlxalq konvensiyaların tələblərinə uyğun təşkil olunur. Təlimlərin sonunda imtahanı uğurla başa vuran iştirakçılara sertifikat verilir.
Daha sonra AXDG-nin sədri Təlim Tədris Mərkəzində üzən heyət üçün keçirilən təlimə qatılıb və dənizçiləri maraqlandıran sualları cavablandırıb. R.Vəliyev təlim iştirakçılarının diqqətinə çatdırıb ki, bu gün hər bir dənizçinin gəmilərdə tətbiq olunan yeni texnologiyalardan istifadə etmə bacarığı, dənizdə yarana biləcək istənilən çətin vəziyyətə hazırlığı vacib şərtlərdəndir. Bu baxımdan peşə vərdişlərinin təkmilləşdirilməsi üçün təşkil olunan kurslar mühüm rol oynayır.
R.Vəliyev bu günlərdə Böyük Britaniyanın nüfuzlu “The Nautical İnstitute” təşkilatı tərəfindən sertifikata layiq görülən Təlim Tədris Mərkəzinin Dinamik Mövqe Saxlama Simulyatoruna da baxış keçirib. Bu sertifikat “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə şərait yaradır. Qeyd olunub ki, hazırda Təlim Tədris Mərkəzi dünyada “DP İnduction” və “DP Simulator” təlimlərinin keçirilməsinə səlahiyyəti olan 95 mərkəzdən biri, Azərbaycanda isə yeganə qurumdur.
Məlumat üçün bildirək ki, Dinamik Mövqe Saxlama Simulyatoru gəmi mövqeyini və gəminin istiqamətini saxlamaq üçün kompüter nəzarət sistemidir.
Xatırladaq ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Təlim-Tədris Mərkəzi 2014-cü ildən fəaliyyət göstərir. Burda gəmiçiliyin əməkdaşları ilə yanaşı, digər şirkətlərin nümayəndələri üçün də dənizçiliklə bağlı müxtəlif təyinatlı təlimlər təşkil olunur.
AzVision.az
Teqlər: Xəzər-Dəniz-Gəmiçiliyi