"Made in Azerbaijan" brendi Bolqarıstanda
Şərab festivalı ilə bərabər, eyni məkanda açıq havada “Xalça Yolu” adlı xalça festivalı keçirilib. Festivalda Azərbaycan xalçaları nümayiş etdirilib. Tədbir iştirakçıları Azərbaycan xalçalarının xüsusiyyətləri barədə məlumatlandırılıb. Xalçaçılıq üzrə Azərbaycanın əsasən, Bakı, Şirvan, Quba, Qarabağ, Gəncə və Qazax regionlarının ixtisaslaşdığı, hər regionun xalçaların naxış, kompozisiya və rəng çalarlarına görə fərqləndiyi, Azərbaycan xalçalarında digər ölkələrin xalçalarından fərqli olaraq ilmələrin daha sıx yerləşdiyi və bu səbəbdən onların daha uzun istifadə müddətinə malik olduğu tədbir ziyarətçilərin diqqətinə çatdırılıb. Festivalda Azərbaycan ilə yanaşı, Bolqarıstan, İran, Mərakeş, Pakistan və Cənubi Amerika regionunun xalçaları nümayiş etdirilib.
Qeyd olunmalıdır ki, Azərbaycanın xalçaçılıq sənəti silsilə olaraq Bolqarıstanın müxtəlif regionlarında tanıdılmaqdadır. Azərbaycan xalçaları Burqas şəhərindən əlavə, cari ilin 23-25 iyun tarixlərində Bolqarıstanın Kotel şəhərində açıq havada keçirilmiş “Adət-ənənələrin canlı alovu” adlı festivalda, həmçinin 15 iyun-30 iyul tarixlərində Sofiyada Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyində keçirilmiş “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” adlı sərgidə də nümayiş etdirilib.
AzVision.az
Teqlər: Made-in-Azerbaijan Bolqarıstan