“Xankəndi” gəmisi üzrə dəniz sınaqları yekunlaşıb
Qeyd edək ki, Xəzər dənizindəki neft və qaz donanmasının yeni texnologiyalı ən müasir gəmisi olacaq “Xankəndi” suyun dərinliyi 550 metrədək olan hissələrdə Xəzərdə ilk dəfə dünya səviyyəli sualtı qurğular inşa etmək üçün layihələndirilib. Bundan əvvəl gəminin iki iri gövdə seksiyası təhlükəsiz şəkildə Sinqapurdan Bakıya gətirilib və Bakı Gəmiqayırma Zavodunda inşası başa çatmış burun hissəsi ilə uğurla birləşdirilib.
Gəmi “Şahdəniz” yatağı sahəsinə aparılacaq və orada “Mərhələ 2” işlənməsi layihəsi üçün sualtı quraşdırma işlərinə başlayacaq. “Xankəndi” gəmisi 2017–2027-ci illər arasında 11 il ərzində “Şahdəniz Mərhələ 2” layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək. 378 milyon dollar dəyərində olan “Xankəndi” DNV GL-in (Norveç və Almaniya) təsnifat nəzarəti altında tikilmiş unikal bir gəmidir. Onun uzunluğu 155 metr, eni 32 metr, əsas göyərtəsi isə 13 metrdir. Gəminin 2,5 metr hündürlüyündə böyük dalğalarda (Hs) fəaliyyət göstərə bilmək üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas kranı, iki ədəd 18 nəfərlik dalğıc kapsulu sistemi, iki ədəd məsafədən idarə olunan aparatı, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası, 6 ədəd 4,4 meqavat və 2 ədəd 3,2 meqavat gücündə generatoru olan iki mühərrik bölməsi olacaq. Onun ümumi çəkisi 17 min 600 tondur və suya oturumu 6,5 metr olmaqla daşıma gücü 5 min metrik ton təşkil edəcək.
AzVision.az