SOCAR-la "Statoil" yataqların birgə işlənilməsini müzakirə edib
Öz növbəsində qonaq "Statoil" şirkətinin Azərbaycanda artıq 25 ildir uğurla fəaliyyət göstərdiyini və əməkdaşlığın uzadılmasına dair bu gün imzalanmış müqavilənin bu yubileyə ən yaxşı hədiyyə olduğunu qeyd edib. Enerji layihələrində, habelə sosial əhəmiyyətli tədbirlərdə SOCAR ilə səmərəli və məhsuldar əməkdaşlığın qurulduğunu vurğulayan Baxer AÇG çərçivəsində həyata keçirilən əməliyyatların dünya standartlarına uyğun şəkildə aparıldığını bildirib. O, AÇG-nin təmsil etdiyi şirkətin beynəlxalq fəaliyyətində hələ uzun illər mühüm yer tutacağına əminliyini ifadə edib.
Görüşdə SOCAR və "Statoil" tərəfindən "Qarabağ" yatağı, "Əşrəfi" və "Dan ulduzu" perspektiv strukturlarının birgə işlənilməsi istiqamətində müzakirələr aparılıb, təkliflər dinlənilib, fikir mübadiləsi olub. Eyni zamanda şirkətlərin ətraf mühitin mühafizəsi, insan resurslarının inkişafı, o cümlədən neft-qaz mütəxəssislərinin hazırlanması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə uğurlu müştərək tədbirlər həyata keçirdikləri qeyd olunub.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərin geniş spektri nəzərdən keçirilib.
AzVision.az