Yaxın Şərqin yeni xəritəsinə doğru ilk addım atılır – TƏHLİL

Yaxın Şərqin yeni xəritəsinə doğru ilk addım atılır – TƏHLİL
  23 Sentyabr 2017    Oxunub:8716
Son bir neçə gündə İraqın şimalında kürdlərin referendum keçirmək planları beynəlxalq gündəmin əsas məsələsidir. Beynəlxalq və regional güc mərkəzlərindən səslənən, kürdlərə ünvanlanmış ayrı-ayrı xəbərdarlıq, təhdid və dəstək bəyanatlarının ardı-arası kəsilmir. BMT, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, İran, İsrail, nəhayət, referendumun əsas əleyhdarı olan İraq hökuməti və parlamenti məsələyə öz milli maraqları çərçivəsindən yanaşırlar.
Referendum məsələsi beynəlxalq və regional güc mərkəzlərinin kürdlərə fərqli mövqelərini də açıq-aşkar göstərmiş oldu. Kürdlərin müstəqilliyinin tərəfdarları səlibçiləri Yaxın Şərqdən qovmuş kürd sərkərdəsi Səlahəddin Eyyubidən tutmuş, Yaxın Şərqi İŞİD-dən təmizləyən peşmərgələrə qədər kürdlərin tarix qarşısında xidmətlərini xatırladaraq, sayı 40 milyon olan, lakin dövləti olmayan xalq kimi onların müstəqil dövlət yaratmaq haqqının tanınmasını tələb etdiyi halda, əleyhdarları onları separatist, İraq, Türkiyə, İran, Suriyanın ərazi bütövlüyünə təhdid yaradan ünsürü kimi qiymətləndirirlər.

Referendum planlarının ilk növbədə Bərzaninin öz şəxsi karyerasını qorumaq, kürdlər arasında mövqeyini möhkəmlətmək ambisiyalarından qaynaqlandığı sirr deyil. Lakin məsələnin pərdəarxasında Yaxın Şərqin geosiyasi, demoqrafik, iqtisadi xəritəsini yenidən çəkmək istəyən güc mərkəzlərinin dayanması gün kimi aydındır. Bunların ABŞ, Britaniya və İsrail olduğu da artıq sirr deyil. Çünki məsələn, Donetsk və Luqanskda separatçılara olan münasibət ilə İraqın şimalındakı referendum keçirərək müstəqil olmaq istəyən kürdlərə münasibət fərqlidir. Birincilər az qala lənətlənirsə, kürdlərə münasibətdə referendumdan imtina etmək yox, tələsməmək, hətta onu daha münasib bir zamana qədər təxirə salmaq tövsiyə edilir.

Nyu-York Times yazır ki, bir sıra amerikalı alim, diplomat, hərbçilər müstəqil Kürdüstanın qurulması üçün iş aparır. Onlardan biri də Trampın seçki kampaniyasına rəhbərlik etmiş Pol Manafortdur. ABŞ-ın Yaxın Şərqdə özünə loyal olan xalqa məxsus suveren ərazidə hərbi bazalarını yerləşdirmək üçün Kürdüstan qurmaq istəməsi, İsrailin İraq kimi ərəb dövlətini parçalamaq, Britaniyanın yüz il əvvəllo sayaq neftlə zəngin Mosul və Kərkükdə de-fakto mandat əldə etmək planları aydın görünür. Eynilə Osmanlının parçalanmasından sonra olduğu kimi...

Bərzani rejiminin referendumu Şimali İraq Kürd Muxtariyyətinə heç bir coğrafi aidiyyəti olmayan Kərkükdə, habelə peşmərgənin İŞİD-dən azad etdiyi digər bölgələrdə keçirməsi də narazılıqla qarşılanıb. Bu, faşizm ideoloqlarının, geosiyasətin əsasını qoyan banilərin "Harda alman varsa, ora Almaniyanın mənəvi ərazisidir" deyərək, Sudeti işğal etməsi məntiqinə bənzəyir. "Harda kürd varsa, ora Kürdüstandır" məntiqi ilə hərəkət edilsə, İraqdan sonra Türkiyə, İran, Suriya kürdləri də müstəqil Kürdüstan birləşmək tələbi ilə ayağa qalxa bilərlər. Məhz bu amil adıçəkilən üç dövləti İraqın torpaq bütünlüyünü dəstəkləməyə vadar edir.



Türkiyənin kürd problemi heç də 1978-ci ildə PKK-nın yaradılması ilə başlamayıb. Bunun köklərini ən azı Sultan Səlim və Şah İsmayıl dövründə Anadoluda 40 min ələvinin guya qılıncdan keçirilməsinə aparıb bağlayanlar da var. Hər halda, artıq Osmanlının çöküşündən xeyli əvvəl, daha dəqiqi, 19-cu əsrdə kürd hərəkatı başlamışdı. Sevr müqaviləsində ermənilərlə bərabər kürdlərə də müstəqil dövlət yaradılması nəzərdə tutulurdu. Lakin Lozannada kürd məsələsi artıq gündəlikdə yox idi.

Bununla belə, ötən əsrin 20-30-cu illərində Türkiyə, İran, İraqda kürd üsyanlari baş qaldırmışdı. 1927-30-cu illərdə Türkiyədə kürdlərin Ağrı Kürd Respublikası adlı separatçı dövləti elan olunsa da, Atatürk buna son qoydu. Kürdlərin yaşadığı ərazilərin xeyli hissəsi Türkiyəyə, qalanı isə Britaniya mandatındakı İraqa və Fransa mandatındakı Suriyaya keçdi.

Kürd kartından böyük dövlətlər son yüz ildə çox fəal şəkildə yararlanıblar. Hətta İkinci Dünya müharibəsi zamanı İranda olan sovet qoşunları burada kürdlərin dövlət qurması üçün şərait yaratmış, 1946-ci ildə bu plan reallaşmağa çox yaxın olmuşdu. Tarixdə ilk müstəqil kürd dövləti olaraq qəbul edilən Mehabad Respublikası sovet qoşunlarının İrandan çıxması və Soyuq müharibənin başa çatması ilə süquta uğradı.

Suriya dövləti 1973-cu ildə ərazisindəki kürdləri Türkiyədəki kürdlərdən ayırmaq üçün şimalda demoqrafik bufer zonası yaratdı. Bunun üçün ölkənin digər ərazilərindən bədəvi ərəblər şimala köçürüldü. İraqda da həmçinin bir neçə dəfə üsyan qaldıran kürdlərin qiyamları yatırıldı.

1991-ci ildəki "Səhrada fırtına" əməliyyatından sonra kürdləri regionda özünə loyal xalq hesab edən ABŞ onlara hərtərəfli dəstək göstərib. Suriyada, İraqda İŞİD-ə qarşı peşmərgənin Suriya və İraq ordusundan daha səmərəli vuruşması onlara dəstək verən ABŞ, Britaniya və İsrailə əsas verib ki, munaqisədən əziyyət çəkmiş və terrora qarşı mübarizə aparmış xalq kimi təqdim etdikləri kürdlərin müstəqilliyi məsələsini müdafiə etsinlər.

Referenduma qarşı daxildə də güclü müqavimət var. İraq hökuməti, ərəblər və türkmənlər, yezidi kürdləri, Süleymaniyyədəki kürd rəhbərləri Bərzaninin referendumu boykot edəcəklərini gizlətmirlər. Çünki əsas məqsədin Bərzani rejiminin neftlə zəngin ərazidə tam hakimi-mütləq olmaq istəməsi məlumdur.

Referendumun dünya neft bazarına təsiri də şübhəsizdir. 28,5 milyard xam neft ehtiyatına malik olan ərazidə yaranacaq müstəqil dövlət rəsmi şəkildə neft ixracatçıları sırasına daxil olacaq. Doğrudur, Şimali İraq Kürd Muxtariyyəti indiyədək de-fakto dünyaya neft satırdı. Lakin müstəqil siyasəti, iqtisadi əlaqələri və peşmərgə silahlıları olan dövlət formal da olsa İraq dövlətinə tabe idi. Bundan sonra isə vəziyyət kökündən dəyişə bilər. İraq neftinin 20 faizi bu ərazidədir və Türkiyənin Ceyhan kəməri vasitəsilə dünya bazarına çıxır. Müstəqil Kürdüstanın yaradılmasına qarşı çıxan Türkiyənin Ceyhan kəmərini kürdlərin üzünə bağlaması onları bu imkandan məhrum edə bilər.

Bununla belə, Səudiyyə Ərəbistanı, BƏƏ və Küveyt kimi nüfuzlu OPEK ölkələri Kürdüstan yaradılmasına qarşı çıxmayaraq, əksinə, onun tanınmasına yardımçı ola bilərlər. Xüsusilə, İrana qarşı yeni neft satan rəqibin meydana çıxması, bu rəqabətin həm də İranın ərazi bütövlüyünü təhdid etməsi Səudiyyə Ərəbistanı üçün yaxşı fürsətdir. Eyni zamanda, bu yaxınlarda Rusiya və Qazaxıstan OPEK-dən narazılığını bildirmişdir ki, təşkilat üzvü olan Liviya və Nigeriyanın neft ixracatını azaltmağa məcbur edə bilmir. Üstəlik də yeni bir neft ixracatçısının nəzarətsiz şəkildq bazara daxil olması neft bazarında anlaşılmazlıqlara yol aça bilər.

Türkiyənin Milli Təhlükəsizlik Şurası təcili iclas keçirərək, Kürdüstanın elan olunacağı təqdirdə özünün ikitərəfli və beynəlxalq müqavilələrdə təsbit olunmuş haqlarını müdafiə edəcəyini vurğulayıb. BMT isə referendumun təxirə salınacağı təqdirdə kürd məsələsini təşkilatın gündəliyinə daxil edəcəyini vəd edib. Lakin görünən odur ki, Yaxın Şərqin ürəyində ərəb olmayan bir xalqa dövlət yaradılmasına start verilib. Bu dövləti isə "yeni dünyanın yeni qəhrəmanları" yaradır. Görəsən, Səlahəddin Əyyubi öz nəticələrinin səlibçilərlə iş birliyində olacağını bilsəydi, nə edərdi?!



Nəzakət Məmmədova
AzVision.az üçün


Teqlər: #Kürdüstan   #Referendum   #Yaxın-Şərq   #Geosiyasət  





Xəbər lenti