"Biz ölkəmizin gələcəyini düşünürük" - Prezident
Prezident bildirib ki, qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Bu, son illərdə apardığımız siyasətin nəticəsidir. Çünki qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır. Qeyri-neft sektorunun sənaye hissəsi də uğurla inkişaf edir. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artmışdır. Bu da sənayeləşmə siyasətimizin gözəl nəticəsidir. Bildiyiniz kimi, son illər kənd təsərrüfatında çox böyük inkişaf var, böyük investisiyalar qoyulur. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də nəticələr özünü göstərir. Kənd təsərrüfatı 2,8 faiz artmışdır”.
Dövlət başçısı qeyd edib ki, xarici ticarət dövriyyəmiz 7 faiz artıb: “Burada da ixrac idxalı böyük fərqlə üstələyir. Hər bir inkişafın göstəricisi, o cümlədən xarici ticarətin tarazlığından asılıdır. Bizdə isə ilin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. Əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Əlbəttə, bu, bizim həm iqtisadi uğurlarımızı əks etdirir, eyni zamanda, milli valyutamız manatın məzənnəsinə çox müsbət təsir göstərir. Valyuta bazarının tənzimlənməsi istiqamətində əlbəttə ki, bu, çox böyük imkanlar açır. Eyni zamanda, bu, bizim uğurlu inkişafımızın təzahürüdür. İxracımız idxaldan 4,4 milyard dollardan çoxdur.
Baxmayaraq, dünya bazarlarında neftin qiyməti hələ də aşağı səviyyədədir, bu il biz qarşıya məqsəd qoymuşduq ki, valyuta ehtiyatlarımızı artıraq. Çünki bu, bizim iqtisadi və siyasi müstəqilliyimizin əsas şərtlərindən biridir. Xərclərimizin də artmasına və ölkə qarşısında duran vəzifələrin də çoxalmasına baxmayaraq, biz çalışırıq ki, bütün vəzifələri icra edək. Bunu etmək üçün əlbəttə ki, maliyyə resursları lazımdır. Valyuta ehtiyatlarımızdan qənaətlə istifadə etməyimiz, eyni zamanda, düzgün investisiya proqramımızın uğuru, əlbəttə, imkan verib ki, biz valyuta ehtiyatlarımızı artıraq. İlin 9 ayında Azərbaycanın valyuta ehtiyatları artıb, hazırda bu rəqəm 42 milyard dollar səviyyəsindədir. İlin əvvəlindən valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb. Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük. Ona görə bir daha qeyd etmək istəyirəm ki, valyuta ehtiyatlarımız, ümumiyyətlə, iqtisadi imkanlarımız müstəqilliyimizin əsas şərtlərindən biridir”.
Prezident qeyd edib ki, bu gün Azərbaycan özünü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilib: “Müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur. Ona görə 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız hesab edirəm ki, 9 ayın ən uğurlu nəticələrindən biridir”.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident