“Buta Airways” Bakıdan Bolqarıstana uçacaq
Bakı-Sofiya istiqaməti üzrə minimal tarif, aviaşirkətin digər istiqamətlərində olduğu kimi, 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə bir dəfə olmaqla, həftənin ikinci günləri həyata keçiriləcək.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov deyib: “Sofiya şəhərinə yeni müntəzəm reysin açılması Azərbaycanın mülki aviasiya sahəsində əhəmiyyətli hadisədir. Bakı-Sofiya istiqaməti üzrə aviareys ölkəmizin vətəndaşları üçün yeni məşhur istirahət istiqamətləri açacaq. “Buta Airways” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslər Avropa və Bakını turistlər üçün daha açıq məkana çevirəcək. Aşağıbüdcəli milli aviaşirkət marşrut şəbəkəsinin genişləndirilməsi və optimallaşdırılması üzrə işləri davam etdirəcək”.
Yaxın zamanlarda yeni reyslərin təxsisetmə sisteminə daxil edilməsi üzrə texniki işlər başa çatdırıldıqdan sonra aviaşirkətin rəsmi saytında aviabiletlərin satışı həyata keçiriləcək.
Aşağıbüdcəli aviaşirkət olaraq, baqajın, əl yükünün daşınması, hava gəmisində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək.
Qeyd edək ki, oktyabrın 29-dan etibarən “Buta Airways” Bakı-İstanbul və Bakı-Sankt-Peterburq marşrutları üzrə uçuşlar həyata keçirəcək.
Bütün yenilikləri və xəbərləri “Buta Airways”in “facebook.com/ButaAirways”, “instagram.com/ButaAirways” və “twitter.com/ButaAirways” sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür.
“Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulan aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.
AzVision.az
Teqlər: Buta-Airways