Giorgi Kvirikaşvili: “Bakı-Tbilisi-Qars layihəsi iqtisadi reallığı dəyişəcək”
AzVision.az xəbər verir ki, bunu Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili deyib.
Baş nazir qeyd edib ki, ilkin olaraq Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 1 milyon sərnişin və 4 milyon ton yük daşınması nəzərdə tutulub: “Bu rəqəm gələcəkdə bir neçə dəfə artırılacaq. Növbəti illərdə isə sərnişinlərin sayı 6 milyon nəfər, yüklərin həcmi isə 20 milyon ton olacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun uğuru Çinlə artan iqtisadi əlaqələrdir. Bu gün konteyner qatarı Çindən yola çıxdıqdan sonra 8 günə mənzil başına çatacaq. Bakı-Tbilisi-Qars dəmir yolu həm də 1 milyon sərnişinə xidmət göstərəcək. Layihə turizmə təkan verəcək, yeni iş yerləri yaradılacaq.
Bu il noyabrın 28-29-da Tbilisidə İpək Yolu sammiti keçiriləcək. Şirkətlərin də iştirak edəcəyi bu sammitdə Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini bir daha diqqətə çatdıracağıq. Biz bir-birimizin yanında olmaqla, həm ölkələrimiz, həm də regionumuz üçün böyük uğurlar qazanacağıq”.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Gürcüstan