Bakı Limanından BTQ ilə 1 milyon ton yük aşırılacaq
Bakı Limanının Baş direktoru Taleh Ziyadov qonaqları salamalayaraq Bakı Limanının dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdirilməsi üçün ən son texnologiya və ekoloji standartlara üstünlük verildiyini bildirib. “Ələt qəsəbəsində inşa olunan yeni Bakı Limanı MDB ölkələri arasında Yaşıl Liman statusuna malik ilk liman olacaq. Bu məqsədlə limanda Xəzər hövzəsində ilk dəfə olaraq neftlə çirklənmiş və məişət suları təmizləyən qurğular istismar olunmaqdadır.”
Baş direktor eyni zamanda liman əməliyyatlarında alternativ enerji mənbələrinə üstünlük veriləcəyini qeyd edib. O bildirib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsi ilə Bakı Limanında ilk mərhələdə 1 milyon ton yük aşırılması proqnozlaşdırılır. Növbəti illərdə bu yüklərin daha da artması gözlənilir: “ BTQ dəmir yolunun istifadəyə verilməsi Azərbaycanın logistika mərkəzinə çevrilməsində xüsusi rol oynayır. Həmçinin, bu layihə Ələtdə tikilməkdə olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üçün də böyük əhəmiyyətə malikdir. Çünki yüklər əsasən yeni Bakı Limanından aşırılacaq”.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas öz növbəsində, “Yaşıl Limanların İnkişafı” mövzusunda keçirilən TAIEX seminarının əhəmiyyətli olduğunu qeyd edərək daha təmiz enerjiyə keçid dövründə limanların mühüm rol oynadığını bildirib. “Yaşıl limanlara investisiya qoymaq və onları enerji baxımdan daha da səmərəli etmək gələcəyin iqtisadiyyatına qoyulan sərmayədir. Bu baxımdan Aİ Bakı Limanını dəstəkləməyə və öz bilik və təcrübəsini bölüşməyə hazırdır”.
Seminarda “Bakı Limanında əməliyyat problemlərinə ağıllı həllər”, “Bakı Limanının yaşıl liman konsepsiyası”, “Gələcəyin limanları: ağıllı limana çevrilməsi üçün lazımi həll yolları”, “Davamlılıq, rəqabətin mühüm cəhəti kimi: davamlı və yaşıl təchizat zəncirləri”, o cümlədən “Ətraf mühitin idarə olunması üzrə Aİ qaydaları - qaydaların Bakı Limanında və digər regional limanlara tətbiq etmək imkanları” kimi mövzularda Aİ-nin ekspertləri öz təcrübələrini bölüşərək müzakirələr aparılıb.
AzVision.az
Teqlər: Bakı-Limanı Aİ