Təhsil Nazirliyi pilot layihəyə başladı
Ümumi təhsil müəssisələrinin beşinci siniflərini əhatə edən layihə cari ilin sentyabrından Bakının 23 və 24 nömrəli tam orta məktəblərində tətbiq olunub. Noyabr ayından isə layihəyə Bakı şəhəri 27, 145, 240 nömrəli tam orta məktəbləri, 132-134 nömrəli təhsil kompleksi və 160 nömrəli Klassik Gimnaziya qoşulub. 2018-ci ilin fevralından isə belə məktəblərin sayının 40-a çatdırılması planlaşdırılır. Beləliklə, yaxın müddətdə pilot layihənin 5000 şagirdi əhatə edəcəyi nəzərdə tutulur.
Qeyd olunub ki, dünyanın bu sahədə özünü doğruldan ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram bu sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Proqram fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır. Bu məqsədlə müəllim və şagirdlər vahid rəqəmsal sistemdə fəaliyyət üçün fərdi akkauntlar əldə edirlər. Şəxsi kabinetdə müəllim sinfin fəaliyyətini izləyə, şagirdlər isə müxtəlif növ rəqəmsal məzmun yarada bilərlər. Proqram uşaqlarda məntiqi, kreativ və alqoritmik düşünmə qabiliyyətinin inkişafında mühüm rola malikdir. Rusiya, Qazaxıstan, Polşa, İsrail və Kiprdə müvəffəqiyyətlə həyata keçirilən alqoritmika uşaqlara təkcə proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir.
İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi ilə şagirdlərin kompüter savadlılığının yüksəldilməsi, onların yüksək texnoloji ixtisaslara marağının artırılması nəzərdə tutulur. Proqramlaşdırma sahəsində ixtisaslı kadr hazırlığına diqqətin artırılması bu sahədə ölkəmizin beynəlxalq miqyasda rəqabətədavamlılıq əmsalını artıracaq. Bu baxımından inkişaf etmiş ölkələrin məktəb proqramlarının əsas trendi hesab olunan təhsilalanlara rəqəmsal bacarıqların öyrədilməsi zərurəti ölkəmizin ümümtəhsil şəbəkəsi üçün də mühüm əhəmiyyət kəsb edir. Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: Təhsil-Nazirliyi