İlin iqtisadi yekunları: 3 mənfi hal və 3 ən mühüm hadisə - TƏHLİL

İlin iqtisadi yekunları: 3 mənfi hal və 3 ən mühüm hadisə - TƏHLİL
  26 Dekabr 2017    Oxunub:10935
2017-ci ilin iqtisadi yekunları barədə nəsə yazmazdan qabaq, 2016-cı ilin sonlarında bu il üçün irəli sürülən gözləntiləri yada salmaq lazımdır. Həmin gözləntilərin məğzi ondan ibarət idi ki, 2017-ci il iqtisadiyyatda bərpa ili olacaq. Yəni, 2 ildir davam edən geriləmə prosesi dayanacaq və stabilləşmə müşahidə ediləcək. Belə də oldu.

Hökumətin keçən ilin əvvəlindən etibarən həyata keçirməyə başladığı tədbirlər - yəni, iqtisadiyyatı idarəetmə sistemini təkmilləşdirməsi ilə yanaşı, bütün istiqamətlər üzrə qənaətə keçməklə mövcud büdcə-vergi siyasətini dəyişdirməsi, o cümlədən, pul-kredit siyasətini daha da sərtləşdirməsi, həmçinin xarici iqtisadi faktorların təsirlərinin də 2016-cı ilin ikinci yarısından yumşalmağa başlaması, xüsusən də neftin qiymətinin hasilatçı ölkələr tərəfdən istehsalın azaldılacağıyla bağlı söhbət ortaya çıxan gündən sabitləşməsi nəticəsində, 2017-ci ildə ölkədə iqtisadi artımın bərpa olunacağı haqda qabaqcadan proqnoz vermək imkanı yarandı.

Və elə ilin ilk ayından da bu, özünü doğrultdu. Belə ki, 2017-ci ilin yanvarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 5233,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 0,8% çox ümumi daxili məhsul (ÜDM) istehsalı qeydə alındı. İlin bütövlükdə I rübü ərzində ölkədə 15229,7 milyon manat və ya əhalinin hər nəfərinə 1570,0 manat dəyərində ÜDM istehsal edildi. Bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4% artdı, neft-qaz bölməsində isə 6,8% azaldı. Manatın dollara qarşı dəyəri isə yanvarda 8,23% ucuzlaşsa da, fevraldan valyuta bazarında “alov” tədricən yatmağa başladı.

Yeri gəlmişkən, Mərkəzi Bankın (AMB) rəsmi valyuta ehtiyatlarının həcmi də 2017-ci il fevralın 1-nə ilin əvvəli, yəni yanvarın 1-nə olan rəqəmlə müqayisədə 352,8 milyon dollar və ya 8,88% artdı ki, bunun da çox müsbət bir işartı olduğu və manatın ucuzlaşması prosesinin nəhayət ki, dayanacağı göründü.

Ümumiyyətlə, AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi bütün il boyu artıb. Halbuki, ilin əvvəlinə adı çəkilən qurumun ehtiyatları azalaraq, hətta "psixoloji həddi" də keçmişdi, yəni 4 milyard dollardan - “döşəmə həddindən” də aşağı düşmüşdü. Yəni, 3 milyard 974,4 milyon dollara qədər azalmışdı. Hazırda isə AMB-nin ehtiyatlarının həcmi artaraq 5 milyard 254,2 milyon dollar təşkil edir. Bu isə o deməkdir ki, ehtiyatlar ilin əvvəlindən bəri 1 milyard 279,8 milyon dollar çoxalıb.

Bütün bunlar öz yerində... Lakin il ərzində bütün problemlər həllini tapdı desək, düzgün olmaz. Belə ki, birincisi, yuxarıda qeyd olunanlara rəğmən, ÜDM istehsalı üzrə artım hələ bərpa olunmayıb. Yəni, tənəzzülün qarşısı alınıb, lakin artım hələ başlamayıb. İkincisi isə, cari ildə inflyasiya amili ikirəqəmli səviyyəsini qoruyub saxladı. Başqa sözlə desəm, ölkədə inflyasiyanın səviyyəsi ümumən sabit qalsa da, rəqəmlər hələki tempin azalmaq istəyində olmadığını nümayiş etdirdi. Belə ki, 2017-ci ilin yanvar-oktyabr aylarının nəticəsinə əsasən, istehlak məhsulları ilə xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrüylə müqayisədə 13,4% təşkil edib ki, keçən il bu rəqəm müvafiq olaraq, 12,1% idi.

Göründüyü kimi, temp aşağı düşməyib. Və bunda da ən çox ərzaq məhsulları böyük rol oynayıb. Düzdür, yay mövsümünün sonundan bütün dünyada ərzaq məhsullarının qiymətləri qalxır və bu, tendensiyanı da nəzərə almamaq olmaz. Çünki istehlak artır, istehsal isə bir çox ölkələrdə düşür. Bu da, ölkəmizdə qeyri-neft sektoru hələ yetərincə inkişaf etmədiyindən, bizim üçün daha böyük çətinliklər yaradır. Amma digər tərəfdən, söhbət, bizdə dövriyyədə nağd manat kütləsinin qıt olduğu bir məqamdan gedir, yəni, ölkədə sərt pul-kredit siyasətinin həyata keçirildiyi dövrdən. Deməli, qiymətlər intensiv yolla yüksəlib.



Yeri gəlmişkən, hökumətin proqnozuna əsasən, 2017-ci ildə orta illik inflyasiya səviyyəsi 13,2% təşkil edəcək. 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən isə, 2018-ci ildə orta illik inflyasiya 6,1%, 2019, 2020 və 2021-ci illərdə isə bu göstərici müvafiq olaraq 4,3%, 3,1% və 3,1% olacaq. Hər halda, inflyasiya tezliklə birrəqəmli səviyyəyə enməlidir.

Üçüncüsü isə bank sektorundakı vəziyyətdir. Ölkə iqtisadiyyatında ən ağrılı vəziyyət buradadır. Burada problemlər qalmaqda davam edır. Belə ki, xarici valyuta riskləri və zəif əməliyyat mühiti ölkənin bank sektorunda əsas maneə yaradan amil sayılır. ÜDM istehsalının və kreditlərə tələbatın azalması, inflyasiyanın yüksəlməsi cari ildə banklar tərəfindən kreditləşdirməyə mane olmaqda davam etmişdir. Kreditləşdirmə olmadan isə bankların sağlamlığından söhbət gedə bilməz. Vaxtilə verilmiş kreditlər üzrə borclar da geri qayıtmadıqca şişməkdə davam edir...

Kredit portfelinin az qala 20%-ə yaxın hissəsi problemli sayılır. Hələ yaxşı ki, hökumətin Beynəlxalq Bankla (ABB) əlaqədar yürütdüyü siyasət, yəni, könüllü restruktizasiya planı uğurla alındı, müvəffəqiyyətlə həyata keçirilir. Yəni, ABB bağlanmadı. ABB bağlansa, bütün bank sektoru çökməli idi.

Bankları bu durumdan çıxartmaq tezliklə baş tutan məsələ deyil. Çünki bunun üçün gərək, iqtisadi aktivlik bərpa oluna, rreditə tələbat yarana, alış-veriş sürətlənə, banklar tərəfindən kreditləşdirmə 2014-cü ilədək olan vəziyyət qayıda... Eyni zamanda, problemli kreditlər məsələsi də həllini tapmalıdır. Bu məsələnin həlli uzandıqca, "yara böyüyə" bilər.

Sözün qısası, bax, bu üç cəhəti ilin iqtisadi baxımdan ən mənfi amili və yaxud şəraiti kimi qiymətləndirmək olar. Ancaq təkrar edirəm: il bütövlükdə uğurlu iqtisadi hadisələrlə yadda qalmışdı.

İl ərzində ticarət və tədiyyə balansında müsbət saldo əldə olunub. Bu, valyuta bazarında sabitlik yaranmasının əsas şərti olub. Qeyri-neft sektorunda 2,5%, qeyri-neft sənaye sahəsində 3%-dən, aqrar sektorda isə 4%-dən çox inkişaf əldə olunub. Neftin qiymətinin aşağı düşməsinin ÜDM-in həcminə mənfi təsir etdiyinə baxmayaraq, qeyri-neft sektoru onun 70%-ini təşkil edib. Ölkənin ixrac potensialından səmərəli istifadə olunması istiqamətində görülən işlər uğurlu nəticələr verir. Belə ki, qeyri-neft məhsulları üzrə ixracın həcmi getdikcə artır. Və bu, artan dinamika üzrə inkişaf göstərir.

İlin ən müsbət iqtisadi hadisələrinə gəldikdə isə, birincisi, bir sıra beynəlxalq hesabatlarda, o cümlədən, “Doing Business 2018” hesabatında Azərbaycan ötən illə müqayisədə daha 8 pillə irəliləyərək, 190 ölkə arasında 57-ci yerə yüksəldi. Ölkəmizin mövqeyi 10 indikatordan 6-sı üzrə yaxşılaşıb ki, elektrik enerjisinə əlçatanlığa görə 3 pillə, daşınmaz əmlakın qeydiyyatı üzrə 1 pillə, kiçik sərmayəçilərin hüquqlarının qorunması üzrə 22 pillə, vergilərin ödənməsinə görə 5 pillə, müqavilələrin icrasına görə 6 pillə və müflisləşmənin həllinə görə 39 pillə irəliləmişik.

Sözügedən hesabat Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 2003-cü ildən başlayaraq, hər il hazırlanır və burada ölkələr üzrə biznesin tətbiqi sahəsində bir sıra göstəricilər baxımdan əlverişlilik səviyyəsi nəzərdən keçirilməklə, mövcud vəziyyət qiymətləndirilir. Həmin göstəricilərə isə müəssisələrin qeydiyyatı, tikintiyə icazənin alınması, elektrik enerjisinə qoşulma, mülkiyyətin qeydiyyatı, kreditləşdirmə, sərmayənin qorunması, vergiyığımı, xarici ticarət, müqavilələrin icrasına təminat, həmçinin iflas kimi məsələlər daxildir.

Xatırladım ki, “Doing Business 2016”-ya əsasən, ölkəmiz 100 mümkün xaldan 67,8-ni toplayaraq, 63-cü yeri tutmuşdu. Keçənilki hesabatda isə 65-ci pilləni... Yəni, 2 pillə geri... Bununla belə, o da çox yaxşı göstərici idi. Yeri gəlmişkən, 2015-ci ildə 80-ci, 2014-ci ildə isə 70-ci yerdə idik. Növbəti illərdəki hesabatlarda daha irəli pillələrə sahib olacağımız şəksiz görünür.

İkincisi, bu il neft-qaz sektorunda çox əlamətdar hadisələr baş verib. Neft sektorunda “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontrakt imzalandı. Və müddət 2050-ci ilə qədər uzadıldı. Bu kontrakt bizim üçün daha da yaxşı şərtlərlə imzalanıb. Düzdür, “Əsrin kontraktı” da Azərbaycana çox böyük faydalar gətirdi. O vaxt üçün mümkün qədər ən gözəl şərtlər təmin edilmişdi. Ancaq indiki şərtlər ölkəmiz üçün daha əlverişlidir, daha da yaxşıdır.

Bu şərtlərin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın iştirak payı 11%-dən 25%-ə qaldırıldı və mənfəət neftinin 75%-i Azərbaycana veriləcək. Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və ölkəmizə xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. Bunlar çox gözəl şərtlərdir və “Əsrin kontraktı”nın uzadılması, yeni kontraktın imzalanması tarixi hadisə oldu.

Üçüncü mühüm iqtisadi hadisə isə, 2007-ci ilin fevralında əsası qoyulan və nəhayət ki, bu ilin oktyabrın 30-da açılışı olan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsi oldu. 504 kilometri Azərbaycan ərazisindən keçən, ümumi uzunluğu isə 850 kilometrə bərabər olan sözügedən layihənin reallaşmasına yalnız, bilavasitə aidiyyətli olan 3 ölkə - yəni Azərbaycan, Türkiyə və Gürcüstan vəsait qoydu, başqa heç bir ölkə bu layihəyə pul buraxmadı, sərmayə yatırmadı. Halbuki, BTQ dəmir yolu tarixi İpək Yolunun, yəni onun bərpasının tərkib hissəsidir. Və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələri birgə istifadə edəcəklər...

BTQ layihəsinə 10 ildə 650 milyon ABŞ dollarına yaxın vəsait xərclənib. Sözügen yol vasitəsilə ilkin mərhələdə 5 milyon, sonrakı mərhələdə isə 17 milyon ton, daha sonra isə bir az da böyük həcmdə yüklərin daşınacağı nəzərdə tutulur. Bəli, bu gün uzaq Çindən Londona dəmir yolu var və tam gücüylə fəaliyyət göstərməkdədir. Ancaq Azərbaycanın tranzit imkanları böyük rəqabətqabiliyyətlilik vəd edir. Həm qısa məsafə baxımdan, həm də mümkün aşağı tariflərin tədbiq olunacağı baxımından...

Sözün qısası, BTQ layihəsi qlobal iqtisadiyyatın Azərbaycana deyil, bir növ Azərbaycanın dünya iqtisadiyyatına bir hədiyyəsi - töhfəsi oldu.

O ki qaldı 2018-ci ilə... 2017-ci ildə iqtisadiyyatda bərpa meyilləri başlanıb. Gələn il artımın da bərpası üçün hər cür şərait olacaq.


Pərviz Heydərov
AzVision.az üçün




Teqlər: #İlin-yekunları  





Xəbər lenti