1172 ailə “ABAD”la əməkdaşlıq edəcək
"İl ərzində məşğulluq orqanları tərəfindən ümumilikdə 47 min 900 nəfər işlə təmin edilib, 1160 nəfər haqqı ödənilən ictimai işlərə, 3560 nəfər peşə hazırlığı kurslarına, 3120 nəfər müvəqqəti xarakterli işlərə cəlb olunub, 14 min 820 nəfərə isə işsizlik müavinəti təyin edilərək ödənilib", - deyə nazir bildirib.
S.Müslümov, eyni zamanda bildirib ki, aztəminatlı ailələrin aktiv məşğulluq proqramlarına cəlb olunmasını nəzərdə tutan özünüməşğulluq layihəsi çərçivəsində 76 şəhər və rayon üzrə 1172 ailə aktivlərlə təmin edilərək kiçik ailə təsərrüfatları yaradılıb. Bundan əlavə, bu təsərrüfatlar barədə məlumatların “ABAD” mərkəzlərinə ötürülməsi barədə razılığa gəlinib ki, bu da, fikrimizcə, onların məhsullarının satışında ciddi rol oynayacaq. Hazırda həmin ailə təsərrüfatlarının mütəmadi monitorinqi aparılmaqdadır: "Müvafiq normativ hüquqi baza yaradılmaqla yeni fəaliyyətə başlayan işsizlikdən sığorta sistemi özünüməşğulluq proqramlarında vətəndaşların iştirakı imkanlarını cari ildə 6 dəfəyə yaxın artıracaq. Bu tədbirlər üçün İşsizlikdən Sığorta Fondunun büdcəsində 35,8 milyon manat vəsait nəzərdə tutulub", - deyə nazir əlavə edib.
Nazirin sözlərinə görə, əmək bazarına 111 min nəfər gənc işçi qüvvəsinin daxil olduğu 2017-ci ildə də bu bazarın stabilliyi qorunub saxlanılıb: "Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində qeydiyyata alınmış əmək müqavilələrinin sayı ötən il 44 min 700 ədəd artıb. Bu artımın təmin olunmasında, möhtərəm cənab Prezident, Sizin müvafiq Sərəncamınızla yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti də böyük rol oynayıb. Əmək bazarında stabilləşmənin mühüm göstəricilərindən biri də iş üçün məşğulluq mərkəzlərinə edilən müraciətlərin sayının azalmasıdır. Belə ki, 2016-cı ildə bu məqsədlə məşğulluq orqanlarına 204 min müraciət olunmuşdusa, 2017-ci ildə bu göstərici 1,7 dəfə azalaraq 118 minə enib".
AzVision.az