“Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

“Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı
  16 Yanvar 2018    Oxunub:1949
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi tərəfindən Gənc alim və mütəxəssislərin 4-cü birgə qrant müsabiqəsinin (“Mənim ilk qrantım”) nəticələri açıqlanıb. Müsabiqə ölkədə elmin inkişaf prioritetlərinə uyğun olaraq, Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi arasında formalaşmış əməkdaşlıq əlaqələri, bu iki qurum arasında 2017-ci il 22 may tarixində imzalanmış Protokolun müddəaları nəzərə alınmaqla keçirilib.
Fondun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 2017-ci il mayın 25-də elan edilən müsabiqəyə bütün elm sahələri və qrant növləri üzrə 34 layihə daxil olub, layihələrin ekspertizası işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri, yerli və xarici müstəqil elmi ekspertlər cəlb olunub. İlk dəfə olaraq gənc alim və mütəxəssislər qrant layihələrini “on-line” şəkildə, “e-Qrant” - “Qrant layihələrinin elektron idarəolunması sistemi” vasitəsilə təqdim ediblər. Nəticələr Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyinin Birgə Komissiyasında da müzakirə olunub.

"Mənim ilk qrantım" üzrə ümumi maliyyələşdirilmə həcmi 600000 manat olmaqla 19 qalib layihə müəyyənləşdirilib. Uğur dərəcəsi (daxil olan və qalib olan layihələrin sayı üzrə) kifayət qədər yüksək (56%) olub.

Gənc alim və mütəxəssislərin 4-cü qrant müsabiqəsi üzrə qalib layihələr AMEA-nın Fizika, Riyaziyyat və Mexanika, Radiasiya Problemləri, Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası, Geologiya və Geofizika, Neft və Qaz, Molekulyar Biologiya və Biotexnologiyalar, Ədəbiyyat institutlarında, AMEA Naxçıvan Bölməsinin Bioresurslar institutunda, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Slavyan Universitetində, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında, “Gənclər Turizmi” ictimai birliyində və “Azərbaycan Elm Assosiasiyası”nda yerinə yetiriləcək.

Qalib layihələrdən 17-si fundamental-tətbiqi xarakterlidir, 2 layihə üzrə isə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilmiş "Neft və geoekologiya" mövzusunda 1-ci beynəlxalq məktəb-seminar və “Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq konfransı təşkil olunaraq keçiriləcək. Fizika-riyaziyyat və texnika elmləri üzrə 3 layihə, Yer haqqında elmlər üzrə 3 layihə, Kimya elmləri üzrə 4 layihə, Biologiya, tibb və aqrar elmləri üzrə 3 layihə, Humanitar və ictimai elmlər üzrə isə 6 layihə qalib olub. Qalib layihə rəhbərlərindən 14-ü qadın, 5-i isə kişidir.

AzVision.az


Teqlər: alim   qrant  





Xəbər lenti