Akademik: “Alqı-satqı” sözü elmi cəhətdən səhvdir
Bu barədə AzVision.az-a AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu bildirib.
M.Nağısoylu bəzi sözlərin səsləndiyi kimi yazılmasına da aydınlıq gətirib. “Məsələn, alğı-satqı sözü 1975 və 2004-cü illərdə çıxan lüğətlərdə “alğı” şəklindədir. 2013-cü ildə çıxan lüğətdə isə “alqı” kimi yazılıb. Hesab edirəm ki, bu elmi cəhətdən səhvdir. Çünki orta məktəbdə öyrədirlər ki, söz cingiltili sammitlə bitəndə ona qoşulan şəkilçi cingiltili olur. Məsələn, alğı, çalğı. Söz kar samiti ilə bitəndə ona qoşulan şəkilçi “q” olur. Bu, elmi qaydadır. Bu qaydadan kənara çıxmaq elmi cəhətdən səhvdir. Bu qaydaların biz hər birini elmi mütəxəssislərlə müzakirə etmişik”, - deyə direktor əlavə edib.
Qeyd edək ki, bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan dilinin orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri müzakirə olunub. Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi AMEA Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixli iclasında müzakirə olunaraq çapa tövsiyə edilib.
Tədbirdə yeni “Orfoqrafiya lüğət”ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb. “Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözünün “alğı-satqı” yazılması təklifi məqbul sayılıb. Həmçinin yeni lüğətdə süni, qondarma sözlərin yer almayacağı vurğulanıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: