Əhalinin gəlirləri 50 milyard manata çatıb
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər 5050,5 manat və ya ayda orta hesabla 420,9 manat təşkil edib.
Bundan başqa ötən ilin sonuncu ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,72) manata, 1 Avroya-2,01 manata (1,94), 100 Rus rubluna 2,90 manata (2,95) bərabər olub. 2017-ci ildə ölkə rezidentləri tərəfindən istehsal edilmiş ümumi daxili məhsul əvvəlki illə müqayisədə 0,1% artaraq 70135,1 mln. manata çatıb. Əhalinin hər nəfərinə düşən ÜDM 7205,0 manat, yaxud 4186,3 ABŞ dolları təşkil edib.
Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sahələrində istehsal olunmuş əlavə dəyər 2016-cı ilə nisbətən 2,7% artıb, onun ÜDM-də xüsusi çəkisi 62,8% olub. Neft sektorunda əlavə dəyər 5% azalıb. Bu dövrdə nəqliyyat və anbar təsərrüfatı sahələrində yaradılmış əlavə dəyər 2016-cı illə müqayisədə 8,5 faiz, informasiya və rabitə sahələrində 6,6%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2%, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5%, sosial və digər xidmətlər sahələrində 1,5% artıb, sənaye və tikintidə isə müvafiq olaraq 4,2% və 1,5% azalıb.
Eyni zamanda qeyri-neft sənayesinin əlavə dəyərində 3,8% artım müşahidə olunub. Ümumi daxili məhsulun 40,1%-i sənayedə, 10,4%-i ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində, 9,5%-i tikintidə, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrində, 16,4%-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,3%-ni təşkil edib.
AzVision.az
Teqlər: DSK İqtisadiyyat