`Neftçi`-`Qarabağ` qalmaqalları

`Neftçi`-`Qarabağ` qalmaqalları
  27 Sentyabr 2013    Oxunub:1539
Sabah onların siyahısına biri də əlavə olunacaqmı?
Əvvəllər həmişə “Neftçi” xalq komandası sayılırdı. Son vaxtlarda bu statusda “Qarabağ”ı görənlər də az deyil. Hansı komandanın bu ada daha çox layiq olması mübahisə mövzusu olmasa da, hər iki komanda digər klublara nümunə olmağa borcludur. Ancaq əksinə olur.

Sabah keçiriləcək “Neftçi” – “Qarabağ” qarşılaşmasının azarkeşlər üçün əsl futbol bayramı olması gözlənilsə də, son dövrlərdə iki komanda arasındakı oyunlardan sonra xoşagəlməz olayların baş verməsi “bu dəfə nələr olacaq” sualının üzərində düşünməyə vadar edir. Xatırladaq ki, son olaraq iki komandanın ölkə kubokunun yarımfinal mərhələsində, 2013-cü ilin aprelində baş tutan qarşılaşmadan sonra qalmaqal yaşanmışdı. Ümumilikdə, iki komanda arasında bugünə qədər baş vermiş qalmaqalların sayı-hesabı yoxdur.

Matçlarda yaşanan olaylarla yanaşı, iki il öncə Rəşad Sadiqovun “Qarabağ”ı “Neftçi”yə dəyişməsi, ötən mövsüm isə hər nə qədər fikirindən daşınmış olsa da, Əfran İsmayılovun “Neftçi”yə keçmək istəyi də iki komanda arasında müəyyən soyuqluq yaratmışdı. Elə isə sözügedən klubların iştirakı ilə keçirilmiş matçlarda baş vermiş insidentlərə qısaca nəzər salmağa dəyər.

5 may, 1993-cü il. Komandalar arasında ilk xoşagəlməz hadisə məhz bu tarixdə keçirilən ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçına təsadüf edib. Səfər meydanında 1:2 hesabı ilə yenilən flaqmanın cavab qarşılaşmasında epizodların birində hakim İntiqam Aslanovdan israrla penalti tələb etməsi iki komanda arasında insidentə səbəb olmuş və nəticədə “Neftçi”nin oyunçularından Samir Ələkbərov, Bəxtiyar Musayev və Aydın Ələkbərov mövsümün sonuna kimi şərti diskvalifikasiya olunmuşdu. Bununla yanaşı, Rasim Abışov və Yunis Hüseynov da 10 oyunluq cəzaya məruz qalmışdı.

2 Oktyabr, 1994-cü il. Ölkə çempionatının 4-cü turunda “Neftçi”nin qonağı olan “Qarabağ” oyundan 2:3 hesabı ilə məğlub ayrılır. Oyundan sonra komandaların oyunçuları arasında mübahisə baş verir və tərəflər arasında ciddi narazılıq yaranır. Matçdan sonra AFFA-nın qərarı ilə “Neftçi” də bir oyunluq “ev” oyununu Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirmək imkanından məhrum edilir.

May, 1997-ci il. Ölkə çempionatının sonunda 74 xala malik olan “xalq komandası” ağdamlıları üç xal qabaqladı,amma AFFA iki klubların yeniyetmə komandalarının nəticələrini əsas götürərək “Qarabağ”ı çempion elan etdi. Bununla belə, FİFA çempion kimi “Nefçtçi”ni tanıdığından Çempionlar Liqasında flaqman çıxış etmişdi. Amma bu münaqişə hələ də bakılıların statistik baxımdan çempionluq sayının az olmasına şərait yaradıb.


2 may, 1998–ci il. Ölkə çempionatının 23-cü turunda qarşılaşan komandaların oyunu olduqca dramatik alınır. Oyunun 88-ci dəqiqəsində qonaqların hücumçusu Yalçın Bağırovun vurduğu qol oyuna bərabərlik gətirir. Son dəqiqələrdə paytaxt klubunun hücumçusu Xəqani Məmmədov hesabı komandasının xeyrinə dəyişsə də, oyunu idarə edən forvardın adaşı qolu hesabı almır və bu, azarkeşlərin meydana axışması ilə nəticələnir. Üstəlik, bəzi azarkeşlər baş hakim Xəqani Məmmədova xəsarət yetirməyə də imkan tapır.

2 aprel 2000-ci il. Bu dəfə Sumqayıtda keçirilən və yenə də Xəqani Məmmədovun idarə etdiyi oyunda meydan sahiblərinin 84-cü dəqiqəsində hesabı bərabərləşdirməsi paytaxt klubunun azarkeşlərini özündən çıxarır və onlar futbolçuları daş-qalaq edir.

3 may 2006-cı il. Göstərilən tarixdə baş tutan ölkə kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşması da insidentlə yadda qalan oyunlardandır. Xatırladaq ki, kubokun sözügedən mərhələsinin ilk qarşılaşması qolsuz bərabərliklə nəticələnmiş, Suraxanı qəsəbəsindəki İsmət Qayıbov adına stadionda baş tutan ikinci oyun isə Ağdam təmsilçisinin minimal hesablı qələbəsi isə yekunlaşmışdı. Məhz həmin oyundan sonra matçın baş hakimi Fariz Yusifovun idarəçiliyindən narazı qalan “Neftçi”nin ovaxtki vitse-prezidenti Ramin Musayev və daha bir neçə klub rəsmisi meydana daxil olaraq Fariz Yusifova və köməkçisi İlham Əliyevə xəsarət yetirməyə çalışmışdı. Bundan əlavə, həmin oyunun sonunda “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəllə “Neftçi”nin məşqçisi Tofiq Mustafayev arasında da xoşagəlməz olaylar baş vermişdi.

6 aprel 2013-cü il. Ölkə premyer-liqası çərçivəsində keçirilən “Neftçi”-“Qarabağ” qarşılaşması da qalmaqalsız ötüşmədi.Həm matçın gedişində, həm də oyunsonrası mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin həm rəqibin, həm qarşılaşmanın baş hakimi Rəhim Həsənovun, həm də federasiya rəsmilərinin ünvanına səsləndirdiyi fikirlər iki komanda arasında narazılığın yaranmasına, eləcə də “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin 10, köməkçi məşqçi Bəxtiyar Musayevin isə 5 oyunluq diskvalifikasiya olunmasına zəmin yaratdı. Bundan başqa, AFFA-nın Nizam-İntizam Komitəsi flaqmanı ümumilikdə 33200 manat cərmələdi.

17 aprel 2013-cü il. Tərəflərin ötən mövsüm ölkə çempionatında olduğu kimi, ölkə kubokundakı matçı da xoşagəlməz olaylarla yadda qalmışdı. Azərbaycan kubokunun yarımfinal nərhələsinin ilk qarşılaşması zamanı oyunun baş hakimi Anar Salmanovun “Qarabağ”ın qapısına şübhəli penalti təyin etməsi ağdamlıların narazılığına səbəb olmuşdu. Hətta qarşılaşmadan sonra “Qarabağ” klubunun rəsmi saytında oyun haqqında hazırlanan yazı oxuculara Anar Salmanov - "Qarabağ" - 2:1" başlığı ilə təqdim olunmuşdu. Onu da xatırladaq məhz bu matçda yol verdiyi səhvlərdən sonra Salmanov elitada qarşılaşma idarə etməkdən məhrum edildi.


Komandaların bu ilin aprelində premyer-liqa çərçivəsində keçirilən matçında fit çalan və idarəçiliyi flaqman tərəfindən narazılıqla qarşılanan Rəhim Həsənov sabahkı qarşılaşmada da ədalət təmsilçisi olacaq. Gəlin görək, komandalar arasında sabah keçiriləcək növbəti qarşılaşma hansı tarixi anlarla yadda qalacaq.

Tural Məmmədov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti