Məleykə Abbaszadə: "Bu yerlərin hamısı boş qalıb"

Məleykə Abbaszadə: "Bu yerlərin hamısı boş qalıb"
  23 Yanvar 2018    Oxunub:3631
2017/2018-ci tədris ili üçün rezidenturaya ayrılmış 505 plan yerinə qəbul aparılmışdır. Plan yerləri 93,07% dolub: müalicə işi, pediatriya istiqaməti üzrə plan yerlərinin 4,76%-i və tibbi profilaktika istiqaməti üzrə 24,59%-i boş qalıb.
AzVision.az xəbər verirki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə nəşr olunacaq “Rezidentura” jurnalının 1-ci sayının "Ön söz”ündə bildirib.

M.Abbaszadənin sözlərinə görə, tibbi profilaktika istiqaməti üzrə imtahan verən namizədlər ixtisas seçimi zamanı "Yoluxucu xəstəliklər" ixtisasına üstünlük veriblər: ""Gigiyena" və "Epidemiologiya" ixtisasları üzrə ayrılan plan yerlərinin isə hamısı boş qalıb.

2017-ci ildə imtahanın birinci mərhələsinin - baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrinə əsasən imtahanda iştirak etmiş 1077 namizəddən müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) 665 nəfəri (61.74%) ikinci mərhələyə buraxılmış, onlardan 655 nəfəri imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib. 2016-cı illə müqayisədə 2017-ci ildə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrində müsbət dinamika müşahidə olunub. Belə ki, müsabiqə şərtini ödəmiş namizədlərin sayı 195 nəfər artmışdır ki, bunların da 162 nəfəri müalicə işi, pediatriya istiqaməti üzrə imtahan vermiş namizədlərdir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında ən yüksək nəticə müalicə işi, pediatriya istiqaməti üzrə 83, stomatologiya istiqaməti üzrə 66, tibbi profilaktika istiqaməti üzrə 80 bal olub".

DİM rəhbəri vurğulayıb ki, 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul imtahanlarına hazırlıqla bağlı DİM-də sistemli şəkildə elmi-metodik və təşkilati işlər aparılır.

"Artıq qəbul imtahanlarının məzmununa dair zəruri elmi-metodik materiallar - baza və ixtisas fənləri üzrə qəbul proqramları, ixtisas seçimi cədvəli, tövsiyələr və s. yenidən işlənib hazırlanın, eləcə də test bankına yeni test tapşırıqları daxil edilib. DİM rezidenturaya qəbul imtahanlarının məzmunu ilə yanaşı, qiymətləndirmə mexanizminin də təkmilləşdirilməsinə xüsusi diqqət yetirir. Qabaqcıl ölkələrin bu sahədəki təcrübəsi öyrənilir, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir, qəbul imtahanlarının nəticələrinin elmi-statistik təhlili aparılır, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görülür. Namizədlərin imtahanlara müstəqil və daha səmərəli hazırlaşmalarına kömək üçün müxtəlif fənlər üzrə vəsaitlərin və test toplularının tərtibi və nəşri istiqamətində işlər davam etdirilir".

M.Abbaszadə xatırladıb ki, 2013-cü ildən etibarən rezidenturaya qəbul imtahanlarında bütün istiqamətlər üzrə açıq formalı test tapşırıqlarından istifadə olunur: "Açıq formalı test tapşırıqlarının həlli üçün daha dərin nəzəri bilik və həmin bilikləri tətbiq etmək bacarığı tələb olunur. Qeyd etmək lazımdır ki, açıq formalı test tapşırıqları namizədlərin bilik və bacarıqlarının hərtərəfli üzə çıxarılmasına, onların əldə etdikləri bilikləri praktikada tətbiq etməsinə və qiymətləndirmədə yüksək hazırlıqlı namizədlərin fərqləndirilməsinə imkan verir. Ayrı-ayrı illərdə imtahanların nəticələrinin statistik təhlilləri göstərmişdir ki, son illərdə açıq formalı test tapşırıqlarına doğru cavab verən namizədlərin sayında artım müşahidə olunur".

AzVision.az


Teqlər: DİM   Məleykə-Abbaszadə  





Xəbər lenti