Bu il inflyasiya göstəriciləri necə olacaq? – TƏHLİL

Bu il inflyasiya göstəriciləri necə olacaq? – TƏHLİL
  29 Yanvar 2018    Oxunub:8771
Keçən ilin sosial-iqtisadi yekunları arasında ən mənfi cəhətlərdən biri istehlak qiymətləri indeksinin – inflyasiyanın yüksək səviyyədə qeydə alınması oldu. Belə ki, 2017-ci ildə 2016-cı illə müqayisədə istehlak məhsulları və xidmətlərin qiymətlərində 12,9%, o cümlədən, ərzaq məhsullarının qiymətlərində 16,4%, qeyri-ərzaq məhsullarının 11,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində isə 9,3% artım baş verib. Yeri gəlmişkən, orta aylıq nominal əmək haqqı göstəricisi isə 2017-ci ildə 2016-cı illə müqayisədə cəmi 6,2% artaraq, 525,0 manat təşkil edib.
Ümumiyyətlə, keçən il ərzində inflyasiya amilinin ikirəqəmli səviyyəni saxlaması çox böyük təəssüf doğurdu. Ölkədə inflyasiya səviyyəsinin ümumən sabit qalmasına baxmayaraq, mövcud rəqəmlərin iqtisadi tənzimləmə orqanları, yəni hökumət tərəfindən həyata keçirilən bütün səylərə rəğmən, tempin azalmaq istəyində olmadığını nümayiş etdirməsi, əslində, ciddi bir siqnal hesab edildi. Cari ildə hökumətin əsas məqsədlərindən biri inflyasiyanı birrəqəmli səviyyəyə endirməkdən ibarət olacaq. Yəni, bu, qarşıya qoyulan ən ümdə vəzifələrdən birini təşkil edəcək.

Ümumiyyətlə, inflyasiyanın 2018-ci ildə 6,1%, 2019-cu ildə 4,3%, 2020-ci və 2021-ci illərdə isə 3,1% təşkil edəcəyi proqnozlaşdırılıb ki, əgər bu, baş tutarsa, orta aylıq nominal əməkhaqqı göstəricisinin artım tempi inflyasiyanı üstələyəcək. 2018-ci il ərzində isə əmək bazarında göstəricilərin yaxşılaşma prosesinin davam edəcəyi, orta aylıq əməkhaqqının 550 manata qədər artacağı gözlənilir ki, bu da 4,6% deməkdir.

Sual olunur ki, keçən il inflyasiya nədən belə yüksək səviyyədə qeydə alındı? Və bu il onu 6,1% səviyyəsinə endirmək mümkün olacaqmı?

2017-ci il ərzində inflyasiyanın təxminən 13% təşkil etməsinin səbəblərinə dair yazmışdım ki, əvvəla, ötən il məlum iqtisadi vəziyyətlə əlaqədar mövsümi amillərin qiymətlərin artmasına göstərdiyi təsir daha güclü oldu. İkincisi, inflyasiyanın ikirəqəmli səviyyəyə qalxmasında idxal məhsulları mühüm rol oynadı. Yəni, idxal inflyasiyası... Üçüncüsü, yuxarıda rəqəmlərdən də aydın göründüyü kimi, ən çox bahalaşan ərzaq məhsulları oldu ki, bu da bütün dünyada belə idi. Dördüncüsü isə, Azərbaycanda əhalinin gəlirlərinin artım tempində bərpa prosesinin başlanması bir az əvvəl “böyük itkilərə” məruz qalmış ticarət şəbəkələrinin və bir sıra iş adamlarının da əllərinə fürsət verdi ki, qiymətləri qaldırsınlar və buna da yuxarıda sadaladığım amilləri bəhanə gətirərək don geyindirsinlər və sair, və ilaxır...

Ötən ilin yanvar-dekabr ayları ərzində əhaliyə göstərilən kommunal xidmətlərin dəyəri bahalaşıb. Hesabat dövründə əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artım baş verib ki, əhaliyə göstərilən elektrik enerjisi təchizatı xidmətlərinin dəyəri 2016-cı ilin yanvar-dekabr ayları ilə müqayisədə 21,5% yüksəlib. Kanalizasiya xidmətlərinin dəyərində artım müvafiq dövr üzrə 25% olub ki, qeyd olunan göstərici 2016-cı ildə 2015-ci illə müqayisədə iki dəfə artıb. Təbii qazın təhcizatında xidmətlərin dəyəri ötən il 2016-cı illə müqayisədə 21,9% bahalaşıb. Mehmanxana xidmətində 4,2%, hava nəqliyyatı ilə sərnişindaşımada 16%, stomatoloji xidmətlərdə 8,6%, xəstəxana xidmətlərində 8,2% qiymət artımı qeydə alınıb. Ödənişli xidmətlərdən yeganə olaraq, zibilin daşınma qiyməti artmayıb.

Hökumət bu il üçün birrəqəmli inflyasiya səviyyəsi proqnozlaşdırır. Ümumiyyətlə, Mərkəzi Bankın (AMB) da bəyanatında deyilir ki, ortamüddətli dövrdə makroiqtisadi siyasət ilk növbədə makroiqtisadi sabitliyin başlıca göstəricisi olan aşağı inflyasiyaya yönələcək. Çünki aşağı və proqnozlaşdırıla bilən inflyasiya bütün qeyri-müəyyənlikləri aradan qaldırır və ev təsərrüfatları və müəssisələrə yığım və investisiyalara dair qərarları daha uzun planlaşdırma horizontunda qəbul etməyə imkan yaradır.

Bu səbəbdən də, AMB orta və uzunmüddətli dövrə inflyasiyanın hədəflənməsi rejimini optimal pul siyasəti rejimi olaraq gördüyünü bəyan edib və bu rejimə keçid şərtlərinin realizasiyası istiqamətində işlərin davam etdiriləcəyini bildirib. Bütün bunlar çox yaxşıdır və alqışlanmalıdır. Lakin fikrimcə, cari il ərzində əgər, enerji daşıyıcılarında və kommunal xidmətlərdə qiymət artımı baş verərsə, inflyasiyanı birrəqəmli səviyyəyə salmaq yenə çətin olacaq.


Pərviz Heydərov
AzVision.az üçün




Teqlər: #İnflyasiya   #İqtisadiyyat  





Xəbər lenti