Avtomobillərin qiyməti 20 faiz bahalaşıb - Səbəb nədir?
Ekspert Ramil Osmanlı AzVision.az-a bildirib ki, bahalaşmanın səbəbi idxal edilən minik avtomobillərinə tətbiq olunan gömrük rüsumunun artırılmasıdır:
Ekspertin fikrincə, 2017-ci ildə maşın bazarında qiymət artımları əsasən xaricdən idxalın məhdudlaşdırılması və təklifin azalması ilə bağlı olub: “Ötən il mühərrik həcmi çox olan və qiyməti 40 min manatdan yuxarı olan avtonəqliyyat vasitələrində qiymət artımı baş verməyib.40 mindən aşağı olan maşınlarda isə qiymət artımı qeydə alınıb”.
Qeyd edək ki, bu il yanvarın 1-də minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu artırılıb. Yeni qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan, mühərrikinin silindrlərinin işçi həcmi 1800 kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrlərinin işçi həcmi 3000 kubsantimetrdən çox olan təzə və istismar olunmuş minik avtomobilləri üçün idxal gömrük rüsumu artırılıb. Bu kateqoriyalardan olan təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri üçün 0,70 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 1,2 dollar olacaq.
Mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1000 kubsantimetrdən çox, lakin 1500 kubsantimetrdən çox olmayan minik avtomobilləri üçün gömrük idxal rüsumu isə dəyişməyib. Bu kateqoriyalarda təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcmin hər 1 kubsantimetri üçün 0,40 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün isə 0,70 dollardır.
Anar Kəlbiyev
AzVision.az