Seçki niyə qabağa çəkildi? – Geosiyasi ehtimallar (TƏHLİL)

Seçki niyə qabağa çəkildi? – Geosiyasi ehtimallar (TƏHLİL)
  05 Fevral 2018    Oxunub:14975
Azərbaycanda prezident seçkilərinin növbədənkənar 11 aprelə təyin olunmasının səbəbləri hansılar ola bilər? Gəlin, geosiyasi təsirlərlə bağlı versiyaları nəzərdən keçirək.
Azərbaycanın yaxın ətrafında geosiyasi durum getdikcə mürəkkəbləşir və qeyri-müəyyənliyə doğru gedir. Görünən odur ki, ABŞ Azərbaycanın üç yaxın qonşusu - Rusiya, Türkiyə və İrandan Yaxın Şərqdəki böyük fiaskonun əvəzini çıxmağa və “haqq-hesab çürütməyə” başlayıb. Türkiyəni tək qoyan müttəfiqi NATO İraq ərazisindən aşkarcasına PYD-yə canlı qüvvə və yardım göndərməyə başlayıb. Türkiyəni Afrində Amerikanın Vyetnamda, SSRİ-nin Əfqanıstanda üzləşdiyi məğlubiyyətə düçar etmək istəyirlər.

Ərdoğan artıq Vatikana gedib və Papanın Pentaqondakı katolik elita ilə danışaraq, PYD-yə dəstəyin dayandırılmasında vasitəçi olması bu danışıqlardan asılıdır. Türkiyənin özü 2019-cu il seçkilərinə hazırlaşır və indidən təxribatların ardı-arası kəsilmir. Türkiyədəki durumun bütün bölgəyə, o cümlədən də bizə təsiri böyükdür.

Rusiya gələn ay seçkiyə gedəcək və artıq ABŞ ona ideoloji, siyasi, iqtisadi, kiber-informasiya təzyiqlərini gücləndirib. Oliqarxların adlarının sanksiya siyahısına əlavə edilməsi onların Putinə maliyyə dəstəyinin kəsilməsi və müxalifətin mövqeyini gücləndirmək məqsədi daşıyır. Doğrudur, Putin özünə güvənir, ancaq bu seçkilərdə xeyli narahat məqamlarla üzləşə bilər. 2019-da "Şimal axını-2" layihəsi ilə Avropaya yeni qaz xəttini çəkməklə Ukraynanı tranzit ölkə statusdan məhrum edən Rusiya ABŞ-ın Avrasiya strategiyasının da Yaxın Şərqdəki kimi iflasına nail olmaq fikrindədir.

İran 2018-ci ilə iğtişaşlarla başladı. Hazırda ölkədə sabitlik olsa da, dayanıqlı təsir bağışlamır. ABŞ-İsrail ittifaqının İrana məlum düşmənçiliyinə daha bir faktor əlavə olunub. ABŞ İŞİD-i Əfqanıstana təxliyə edib və oradan istənilən an İran, Mərkəzi Asiya, Cənubi Qafqaz, Rusiya və Çinə yönəldə bilər.

Nəhayət, bu ilin payızda ABŞ Konqresinə seçkilər keçiriləcək. Demokratlarla respublikaçıların gərgin mübarizəsində Azərbaycana lobbiçilik edən konqresmenlərin kürsülərini qoruyacaqları məlum deyil.

Qarabağ probleminə gəlincə, Rusiya və Ermənistanda martda keçirilən seçkilərin tempinə uyğunlaşmaq, orada artıq siyasi sistem möhkəmlənəndə Bakıda seçkiyə hazırlaşmaq bu ili itirilmiş il kimi tarixə yaza bilər.

2018-ci ildə ətrafımızın sanki batır çəlləkləri ilə əhatə olunduğu bir şəraitdə dövlətimizin daxili və xarici təhdidlərə dayanıqlı şəkildə duruş gətirə bilməsi, sabitliyin davamlılığı üçün indiki siyasətin davam ertməsi şərtdir. Bunu ölkənin maraqları diqtə edir.



Nəzakət Məmmədova
AzVision.az üçün



Teqlər: #Növbədənkənar-seçki   #11-aprel  





Xəbər lenti