Neft Fondunun aktivləri 35 milyardı keçib
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Dövlət Neft Fondunun büdcədənkənar gəliri 876,2 milyon manat təşkil edib.
Hesabat ili ərzində ARDNF-in 2017-ci il büdcəsinin icrası çərçivəsində 6 milyard 100 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 105 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 20,5 milyon manat vəsait ayrılıb. 17 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə 3 milyard 949,5 milyon manat Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert edilib. “Star” neft emalı kompleksinin tikintisinə 735,4 milyon manat vəsait ayrılıb. 2017-ci il ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 18,1 milyon manat təşkil edib.
2018-ci il yanvarın 1-nə Neft Fondunun aktivləri 2017-ci ilin əvvəlinə (33 milyard 147 milyon ABŞ dolları) nisbətən 8,02 faiz artaraq 35 milyard 806,5 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin artımı fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişkənliyi fərqi hesabına olub.
AzVision.az
Teqlər: ARDNF