I sinfinə qəbul üçün 37319 sorğu yerləşdirilib

I sinfinə qəbul üçün 37319 sorğu yerləşdirilib
  14 Mart 2018    Oxunub:2181
Martın 14-nə (saat 10:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 37 319 sorğu yerləşdirilib.
Bakı şəhər Təhsil İdarəsindən AzVision.az-a verilən məlumata görə, onlardan 34 428-i ümumi təhsil məktəblərini, 2 891-i isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 75 faizindən çoxdur.

Bu il ilk dəfə olaraq, məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib. Belə ki, məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşaq avtomatık I sinfə qəbul üzrə qeydə alınıb. Odur ki, məktəbəhazırlıq qrupunda oxuyan uşaq üçün yenidən I sinfə qəbul üzrə sorğu yerləşdirməyə ehtiyac yoxdur.

Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 22 fevral-15 sentyabr 2018-ci il tarixlərini əhatə edən elektron ərizələrin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə (https://azvision.az/redirect.php?url=http://baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər.

Həmçinin, I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları (https://azvision.az/redirect.php?url=http://baku.edu.gov.az/az/page/277) fəaliyyət göstərir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mektebeqebul.edu.az saytının istifadəçiləri üçün elektron sistem vasitəsilə uşaqların I sinfə qəbulu barədə videotəlimat (https://www.youtube.com/watch?time_continue=1&v=KRMGV9hTHq8) hazırlanıb.

Eyni zamanda, vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün 22 fevral-2 mart tarixlərində BŞTİ-nin rəsmi “Facebook” səhifəsində (https://www.facebook.com/bakuedu.gov.az/) I sinfə qəbulla bağlı suallara cavab verilib.
Onu da qeyd edək ki, 2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonlarında da uşaqların I sinfə qəbulu elektron qaydada aparılır. Bu rayon və şəhərlərdə ərizələrin onlayn qeydiyyatı prosesinə martın 12-dən start verilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Məktəb   Şagird   Qəbul  





Xəbər lenti