36 mindən çox şagird imtahan verib - Yenilənib

36 mindən çox şagird imtahan verib - Yenilənib
  18 Mart 2018    Oxunub:3527
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) respublikanın 30 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirib.
DİM-dən AzVision.az-a verilən məlumata görə, hər iki imtahanda ümumilikdə 36613 şagirdin imtahan verəcəyi nəzərdə tutulub.

Martın 19-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq.

İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanının nəticələri yaxın 2 gün ərzində elan ediləcəkdir. Şagirdlər imtahan nəticələri haqqında məlumatı DİM-in internet saytından öyrənə biləcəklər. 9-cu sinif şagirdlərinin yazı işləri isə (imtahan cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Hər bir yazı işi əvvəlcə “scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir. Proqram, həmçinin şagirdin yazı işini həmin şagirdin yaşadığı zonadan olmayan markerlərin kompüterinə göndərir.

Bundan əlavə imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmamalıdır.

İmtahanda istifadə olunan açıq tipli tapşırıqların və inşanın (essenin) yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.

AzVision.az


Teqlər: DİM   İmtahan   Buraxılış  





Xəbər lenti