İstehlak kreditlərinə qoyulan məhdudiyyəti qaldırmaq vaxtdır – TƏHLİL

İstehlak kreditlərinə qoyulan məhdudiyyəti qaldırmaq vaxtdır – TƏHLİL
  13 Aprel 2018    Oxunub:3624
Bankların kapital çatışmazlığı problemi həm də istehlak kreditlərinin verilməsi prosedurlarına tətbiq olunan bir sıra məhdudiyyətlərin ləğvi yolu ilə həll oluna bilər. Çünki bütövlükdə sektoru qısa müddətə sağlamlaşdırmaq mümkün deyil.
Düzdür, qeyd olunur ki, banklarda pul çatışmazlığı problemi yoxdur. Və guya, likvidlik səviyyəsi sürətlə artdığından, banklarda izafi pul vəsaiti həcmi yarandığından onlar vəsaitlərini kreditləşdirməyə deyil, qiymətli kağızlar bazarına yönəldirlər. Ancaq aydın deyil, vaxtilə verdikləri kreditləri geri ala, üstəlik, xeyli müddətdir əlavə borc vəsaitləri də verə bilməyən və 2015-ci ildən sonra da əvvəlki illərdəki kimi sərbəst vəsaitlər cəlb etməyi bacarmayan banklarda likvidlik səviyyəsi haradan və necə yüksək ola bilir?

Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov da bildirib ki, banklar öz vəsaitlərini qiymətli kağızlara deyil, kreditləşməyə yönəltsələr, yaxşıdır. “Bizim əsas məqsədimiz bankların maliyyə vəsaitlərinin iqtisadiyyata yönəldilməsidir”,- deyə, sədr bəyan edib. Amma sual yaranır: necə və hansı yolla? Başqa sözlə, iqtisadiyyatın banklar tərəfdən kreditləşdirilməsini necə bərpa etmək olar? Ümumiyyətlə, banklar real sektorun maliyyələşdirilməsində niyə iştirak etmirlər?

Bu suallara cavab tapmaq üçün bankların kreditləşdirməni məhz nə vaxtdan azaltmağa başladıqlarına diqqət yetirmək kifayətdir. Bu, 2014-cü ildən başlayıb. Həmin vaxtdan banklarda kredit portfelinin aktivlərdə payı azalmağa üz tutub. 2012-ci ildə banklar malik olduqları sərbəst vəsaitlərin 67,1%-ni, 2013-cü ildə 73,5%-ni, 2014-cü ildə 71,5%-ni, 2015-ci ildə 60,6%-ni, 2016-cı ildə 52,3%-ni, 2017-ci ildə isə 41,5%-ni kreditlərə yönəldiblər.

Sual yaranır: Niyə 2014-cü ildən?! Ona görə ki, məhz həmin ildən etibarən ölkədə istehlak kreditlərinin verilməsi proseduraları dəyişdirilməyə başlandı. Avtomobil, məişət əşyaları və sair bu kimi malların alınmasında kredit dəstəyi mexanizmi aradan götürüldü. Ümumiyyətlə, əvvəlki şərhlərimdə də qeyd etmişəm ki, Azərbaycanda bank sektorunda problemlərin çoxu hələ bir neçə il öncədən mövcud idi. AMB tərəfindən ölkədə fəaliyyət göstərən banklar qarşısında 2014-cü ilin əvvəlindən istehlak kreditlərinin verilməsinin məhdudlaşdırılması da məhz bu səbəblərdən irəli gəlmişdi. Ona görə ki, istehlak kreditləri üzrə geri ödənişlərdə borclar şişirdi. Amma çox qəribə idi ki, həm verilən kreditlər getdikcə daha çox səviyyədə geri qayıtmırdı, həm də kredit verilişi ardııcıl olaraq genişlənir və faizlər də artırdı.

Bu ilin mart ayının 1-nə banklar tərəfindən 11561.1 milyon manat kredit verilib ki, 1700.9 milyon manat kreditin vaxtı keçib. Və beləliklə də, problemli kreditlərin kredit portfelində xüsusi çəkisi 14,7%-ə yüksəlib. İlin əvvəlində isə bu rəqəm 13.8% təşkil edirdi. 2017-ci ilin müvafiq dövründə isə problemli kreditlərin ümumi kredit portfelində çəkisi 10%-ə yaxın olub.

Təbii ki, bu, birdən-birə yaranmayıb. Ümumiyyətlə, bankın fəaliyyətinin qayəsi ona etibar olunan pulu yenidən dövriyyəyə buraxıb, gəlir götürməkdir. Bank əldə etdiyi gəlirə uyğun olaraq, həm öz mənfəətini qazanır, həm də götürdüyü borcun faizini ödəyir. Hansısa bank sərbəst vəsaitləri cəlb etməkdə çətinlik çəkirsə və ya cəlb etdiyi vəsaiti dövriyyəyə buraxıb, müvafiq şəkildə gəlir əldə edə bilmirsə, onda həmin bankın vəziyyəti iflic sayılır. Dünya bazarında neftin qiyməti düşənə qədər bankların əsas gəliri istehlak kreditlərindən idi. Gəlirlərini məhz bunun üzərində qurmuşdular. Ona görə də, neftin satış qiyməti düşəndən sonra bankların problemi dərhal ortaya çıxdı.

Düzdür, son 3 il ərzində ölkənin bank sektoru daha ağır dönəm yaşayır. Verilən kreditlər ümumiyyətlə, geri qaytarılmır. Əmanət cəlbi 2015-ci ildən sonra minimuma enib. Əhalinin böyük bir qrupu banklardan əmanətini geri götürdü və bu, bankların kapital vəziyyətinə pis təsir göstərdi. Həmçinin, banklara yerləşdirilən vəsaitlərin həcmi azaldı.

Ancaq problemin kökü istehlak kreditlərinin məhdudlaşdırılmasında axtarılmalıdır. Yəni, vəziyyəti daha da ağırlaşdıran məhz bu faktordur. Odur ki, yaranmış vəziyyətin qarşısını almaq üçün 2014-cü ilə qədər istehlak kreditləri üzrə qoyulan bir sıra məhdudiyyətlər tezliklə ortadan qaldırılmalıdır. Banklar yenidən istehlak kreditləri hesabına cüzi də olsa, dirçələ bilər.

Onsuz da, problemli kreditlər azalmasa, banklar tərəfindən iqtisadiyyatın maliyyələşdirilməsi mümkün olmayacaq. Son statistika bundan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28.5 milyard manat, cəmi öhdəlikləri isə 24.6 milyard manat təşkil edir. Sektorun balans kapitalı 3.9 milyard manat, əhalinin əmanətləri isə 7.7 milyard manat olub. Diqqət yetirək ki, 2018-ci ilin fevral ayı ərzində bank sektorunun aktivləri cəmi 1.2% (329 milyon manat) artdığı halda, öhdəlikləri 1% (246 milyon manat) genişlənib. İstehlak kreditlərinin verilməsinə qoyulan məhdudiyyətlərin ləğvi ölkədə iqtisadi aktivliyə də müsbət təsir edə bilər.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: Kredit   Banklar  





Xəbər lenti