Buraxılış imtahanının nəticələri açıqlandı

Buraxılış imtahanının nəticələri açıqlandı
  04 May 2018    Oxunub:4127
Dövlət İmtahan Mərkəzi (DİM) 18 mart 2018-ci il tarixində Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində olan ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edib.
DİM-dən AzVision.az-a verilən məlumata görə, 18 mart tarixində keçirilən buraxılış imtahanında iştirak etmiş şagirdlər (32206 nəfər) DİM-in internet saytında https://eservices.dim.gov.az/netorta keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Beləliklə, hər bir şəxs öz cavab vərəqi, hər bir tapşırıq üzrə topladığı bal və qiymətləndirmə meyarı ilə tanış olmaq imkanına malikdir.

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qeyd edək ki, birinci mərhələdə imtahan iştirakçılarına Azərbaycan dili (rus dili) fənnindən 10 açıq və 10 qapalı tipli, riyaziyyat fənnindən 10 açıq tipli olmaqla, ümumilikdə, 30 test tapşırığı təqdim olunur. İmtahanın birinci mərhələsində Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 30-dur. Balların hesablanması qaydasına görə iştirakçıların Azərbaycan (rus) dili fənni üzrə açıq tipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı test tapşırıqlarının hər biri 1 balla qiymətləndirilir. Riyaziyyat fənni üzrə isə açıq tipli tapşırıqlardan toplanılan ballar cəmlənir və 3-ə vurulur.

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 10-11 və 14-16 may 2018-ci il tarixində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 7-8 may tarixlərində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Qeyd olunan müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Apelyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.

Məlumat üçün bildirək ki, aprelin 15-də keçirilmiş imtahanların nəticələri də yaxın günlərdə elan olunacaq

İnşaların (esselərin) yoxlanılması prosesi isə davam edir buraxılış imtahanlarının ikinci mərhələsi keçirilənədək onların da nəticələri elan olunacaq.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti