“Qaliblər arasında 700 bal toplayanlar da var” - Emin Əmrullayev

“Qaliblər arasında 700 bal toplayanlar da var” - Emin Əmrullayev
  15 May 2018    Oxunub:6017
Respublika fənn olimpiadalarının qaliblərinin hər il qəbul imtahanlarında göstərdiyi nəticə yaxşılaşır.
AzVision.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev respublika fənn olimpiadalarının nəticələrinin analitik təhlili ilə bağlı təqdimatda deyib.

Onun sözlərinə görə, olimpiadanın nəticələrinə görə 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla, 276 nəfər, ümumilikdə isə Naxçıvan daxil olmaqla 298 nəfər qalib elan olunub.

“Fənn olimpiadaların qalibləri 2015-ci ildə orta hesabla 637 bal, 2016-ci ildə orta hesabla 643 bal, ötən il isə orta hesabla 657 bal toplayıb. Hər il uğur göstəricisi yaxşılaşır. Gələn il daha yüksək nəticə əldə olunacaq. Bizdə olan məlumata görə, bu il fənn olimpiadaların qalibləri içərisində 700 bal toplayanlar olub. Bundan əvvəlki illərdə də 700 bal toplayan abituriyentlər arasında fənn olimpiadasının qalibləri olub.

Qaliblərin əksəriyyəti Azərbaycan Tibb Universitetini, tibb ixtisaslarını seçir. Bundan əlavə Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Prezident Yanında İdarəçilik Akademiyasında mövcud olan hüquqşunaslıq, İT sahəsində olan ixtisasları seçirlər”.

Qeyd edək ki, Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib.Yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub.

Respublika fənn olimpiadası Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.

Aytən Zəhra
AzVision.az



Teqlər: Təhsil   Şagird  





Xəbər lenti